“Sertifikasiya inkişaf üçün fürsətdir” – Müəllimlərin baxışı

17 İyun, 2026 - 10:02
“Sertifikasiya inkişaf üçün fürsətdir” – Müəllimlərin baxışı

Müəllimlərin inkişafının təmin olunması üçün həyata keçirilən sertifikasiya prosesi son illərin ən mühüm islahatları arasında yer alır. Mexanizm müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə, həmçinin tədris keyfiyyətinin artırılmasına xidmət edir. Sertifikatlaşdırmanın nəticələri müəllimlərin peşəkar fəaliyyətinə, həmçinin təhsil sisteminin inkişafına təsir göstərən amillərdəndir. Bu səbəbdən prosesin gedişi və nəticələri cəmiyyətdə xüsusi maraqla izlənilir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Astara şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Babək Rzazadə bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesini inqilab kimi qiymətləndirir:

“Təkcə müəllimlər deyil, bütün təhsilin oyanması hiss edilir. Burada imtahanı verən fədakar müəllimlər olduğu üçün əvvəlcə onlardan başlamaq istəyirəm. Müəllimlər arasında böyük əməkdaşlıqlar yaranır. Bizim məktəbdə tarix müəllimləri imtahan verəcək, bütün tarix müəllimlərimiz tənəffüslərdə və dərsdən sonrakı müddətdə əməkdaşlıq edir, testləri müzakirə edirlər, sınaqlar işləyirlər. Bu, müəllimlərin birgə əməkdaşlığına töhfə verən prosesdir”.

B.Rzazadə qeyd edib ki, həmçinin müəllimlər orta məktəb proqramlarını daha detallı şəkildə öyrənirlər:

“Məsələn altıncı sinif ingilis dili kitabı yenilənib. Mən altıncı siniflərə dərs keçmirəmsə belə, sertifikatlaşdırma imtahanı üçün yenidən oxuyuram. Çünki hər yeni kitabda yeni məlumatlar olur. Müəllim əgər onu oxumasa, məlumatsız qala bilər. Digər tərəfdən yüksək bal toplayan müəllimlər rəhbərlik, valideynlər, şagirdlər tərəfindən daha çox etibar qazanır, bu, müəllimin özünə inamını da gücləndirir. Eyni zamanda göstərir ki, bu müəllim digərindən fərqlidir. Unutmaq lazım deyil ki, yüksək bal toplamaqla müəllimin missiyası bitmir. Müəllim yeni bilikləri, metodları ilə bunu tədrisdə də göstərməlidir”.      

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi müəllimlər arasındakı rəqabəti də gücləndirir. Müəllimlər hər zaman rəqabətdə olur ki, öz yerini qoruya bilsin. “Mən dərindən təəssüf edirəm ki, hər iki cəhddə də keçid balını toplaya bilməyib kəsilən müəllimlər oldu. Onlar şagirdlərimizə layiq olmayan müəllimlər idi. Bu proses məktəbə layiq olan və olmayan müəllimləri ayırdı. Sertifikatlaşdırma prosesi məktəblərdə ədalət prinsipini gücləndirdi. Artıq valideynlər bilir ki, övladına dərs keçən müəllim sertifikatlaşdırma imtahanında uğur qazanan müəllimdir”.

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin müəllimi Əsmər Abasova qeyd edib ki, sertifikasiya təhsil və əmək sahəsində keyfiyyətin yüksəldilməsində mühüm rol oynayır:

“Bu proses insanların zəif və güclü tərəflərini üzə çıxarmağa kömək edir, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Sertifikasiyanın nəticələri həm iştirakçılar, həm də işəgötürənlər üçün faydalıdır, çünki əldə olunan nəticələr şəxsin bilik və bacarıqları haqqında daha aydın təsəvvür yaradır. Bununla yanaşı, sertifikasiyanın şəffaf, ədalətli və obyektiv şəkildə keçirilməsi çox vacibdir. Qiymətləndirmə zamanı bütün iştirakçılara bərabər şərait yaradılmalı, nəticələr yalnız bilik və bacarıqlara əsaslanmalıdır. Bu halda sertifikasiya öz məqsədinə çatır və cəmiyyətdə ona olan etimad artır”.


Əsmər Abasova qeyd edir ki, nəticə etibarilə, sertifikasiya peşəkarlığın artırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və insanların öz potensiallarını daha yaxşı reallaşdırmasına kömək edən vacib bir prosesdir. Buna görə də hər bir insan sertifikasiyanı inkişaf üçün bir fürsət kimi qəbul etməli və bu prosesə məsuliyyətlə yanaşmalıdır.


Ə.Abasova sertifikasiya imtahanında ilk dəfə, yəni 2022-ci ildə iştirak edib. “Yadımdadır ki, o dövrdə böyük narazılıq yaranmışdır. Mən əlbəttə ki, narazılıq etmək əvəzinə daha çox çalışmağı üstün tutdum və qarşıma 60 bal yığmaq məqsədini qoydum. Düzdür, test mərhələsindən 58, müsahibə mərhələsindən isə maksimum 40 bal topladım, yenə də bu mənim üçün böyük uğurdur. Bu nəticə mənə çox yolda kömək oldu, demək olar ki,gələcəkdə qazanacağım uğurlar üçün təkan oldu. Nəticəmə görə hətta, Abşeron-Xızı Regional Təhsil idarəsi tərəfindən Fəxri fərmana layiq görüldüm. Bu, əlbəttə ki, əziyyətimin nəticəsi idi.  Sertifikasiyada iştirak, həmçinin maaşın qalxması üçün də faydalıdır”.

Onun sözlərinə görə, ilk dəfə keçirilən sertifikasiya ilə indiki sertifikasiya arasında çox fərq var. Çünki artıq müəllimlər özləri də iştirak etmək istəyirlər. Hətta, pensiya yaşına çatmış və sertifikasiyadan azad olmuş müəllimlər belə könüllü imtahan verirlər. 

“Sertifikasiya müəllimlərə daim inkişaf etməyi, öz üzərində çalışmağı, məqsədə doğru irəliləməyi, rəqabəti və s. aşıladı. Çox yaxşı olar ki, sertifikasiyadan aşağı nəticə toplayan müəllimlər işdən azad olunmasın. Düzdür, bir il şans verilir, amma bu, həmin müəllimlərin nüfuzunun aşağı düşməsinə səbəb olur. Bunun əvəzində həmin müəllimləri işdə saxlamaq şərti ilə zəif tərəfləri təhlil edilərək  ixtisasartırma kurslarına göndərilə bilər. Bu zaman həm müəllimlər özlərini inkişaf etdirmiş olar, həm də işsizliyin qarşısı alınmış olar”, - deyə Ə.Abasova bildirib.