Sertifikasiya müəllimin inkişaf yoludur: Region müəllimləri uğurlarından danışırlar
Müəllimlik yalnız bilik ötürmək deyil, həm də davamlı öyrənmək, yenilənmək və cəmiyyət qarşısında məsuliyyət daşımaqdır. Müasir təhsil sistemində müəllimin peşəkarlığının artırılması, bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından sertifikasiya prosesi mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan müəllimi” olaraq bu dəfə Şəki-Zaqatala bölgəsində sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərlə həmsöhbət olduq. Onların fikirləri göstərir ki, sertifikasiya müəllim üçün yalnız imtahan deyil, həm də özünü dəyərləndirmə, peşəkar inkişaf və pedaqoji məsuliyyət mərhələsidir.
“Sertifikasiya müəllimin peşəkar məsuliyyətini artırmasına xidmət edir”
18 ildir ki, coğrafiya müəllimi kimi çalışan Samir müəllim sertifikasiya imtahanında 60 mümkün baldan 58 bal toplayıb. O bildirir ki, imtahana xüsusi hazırlıq keçməsə də, uzun illər ərzində qazandığı bilik və pedaqoji təcrübəyə güvənərək prosesdə iştirak edib:
“Sertifikasiya imtahanında 60 mümkün baldan 58 bal topladım. Açığını desəm, imtahana xüsusi hazırlıq keçməmişdim. Uzun illər ərzində qazandığım bilik və təcrübəyə güvənərək iştirak etdim. Suallar asan, orta və çətin səviyyələri əhatə edirdi. Ümumilikdə imtahanı normal qiymətləndirirəm”.
Samir müəllim bu nəticəni təkcə şəxsi uğur deyil, həm də illərlə çəkilən əməyin, yetişdirilən şagirdlərin və pedaqoji fəaliyyətin davamı kimi dəyərləndirir. Onun şagirdləri müxtəlif olimpiada və bilik yarışlarında ümumilikdə 29 medal qazanıblar. Bu medallardan 11-i qızıl, 9-u gümüş, 9-u isə bürüncdür.
Təcrübəli müəllim təhsil sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. O bu mükafatı müəllim əməyinə verilən yüksək qiymət kimi dəyərləndirir: “Bu, müəllim əməyinə verilən yüksək dəyərin göstəricisidir və mənim üçün böyük qürur mənbəyidir. Buna görə düşünürəm ki, müəllimin peşəkarlığını yalnız bir imtahan nəticəsi ilə deyil, illər ərzində qazandığı nailiyyətlər və yetişdirdiyi şagirdlərlə birlikdə qiymətləndirmək lazımdır”.
Samir müəllim sertifikasiya imtahanlarının keçirilməsini dəstəklədiyini bildirir. Onun fikrincə, bu proses müəllimin öz üzərində işləməsinə, biliklərini yeniləməsinə və peşəkar məsuliyyətini artırmasına xidmət edir. Lakin o, prosesin psixoloji tərəfinin də nəzərə alınmasını vacib sayır:
“Sertifikasiya imtahanlarının keçirilməsini dəstəkləyirəm və onların gələcəkdə də davam etməsini istərdim. Lakin bu prosesin psixoloji tərəfini də nəzərə almaq vacibdir. Müəllim hər şeydən əvvəl insandır. O, nə qədər savadlı və nüfuzlu olsa da, həyəcan keçirə bilər”.
Onun sözlərinə görə, imtahan nəticələrinin geniş ictimai müzakirə mövzusuna çevrilməsi bəzi müəllimlər üçün əlavə psixoloji təzyiq yarada bilər. Bu baxımdan o hesab edir ki, sertifikasiya müəllimin inkişafına xidmət etməli, onun illərlə qazandığı nüfuza kölgə salmamalıdır: “30-40 il təhsil sahəsində çalışan, minlərlə şagird yetişdirən müəllimin fəaliyyəti yalnız 60 suala verilən cavablarla ölçülməməlidir. Sertifikasiya müəllimin inkişafına xidmət etməlidir. Müəllimin əsas göstəricisi onun yetişdirdiyi şagirdlər, qazandığı uğurlar və təhsilə verdiyi töhfələrdir”.
Samir müəllim sonda qeyd edir ki, sertifikasiyanı müəllimin peşəkar inkişafının vacib hissəsi kimi görür. Lakin onun fikrincə, müəllimin əsl dəyəri illərlə formalaşdırdığı bilik, təcrübə, yetişdirdiyi uğurlu gənclər və təhsil sisteminə verdiyi töhfələrlə ölçülməlidir.
“Müəllim bütün yeniliklərdən xəbərdar olmalıdır”
Qax rayon Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Xanım Nəsibova da sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərdəndir. O, imtahana ciddi hazırlaşdığını, nəticənin də gözləntilərinə uyğun olduğunu bildirir.
Xanım Tanrıverdi qızı Nəsibova 1981-ci ildə Qax rayonunun Qındırğa kəndində anadan olub. 1987-ci ildə Zəyəm kənd tam orta məktəbinin I sinfinə qəbul olunub, 1998-ci ildə orta məktəbi bitirib. Elə həmin il ali məktəblərə qəbul imtahanında iştirak edərək Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub.
Universiteti bitirdiyi il – 2002-ci ildə təyinatla Qax rayon Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində fizika müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Hazırda 24 illik pedaqoji staja malikdir. 2023–2024-cü tədris ilində bir il müddətində həmin məktəbdə direktor əvəzi vəzifəsində çalışıb. Hazırda fəaliyyətini fizika müəllimi kimi davam etdirir.
Xanım Nəsibova deyir ki, sertifikasiya imtahanına məsuliyyətlə hazırlaşıb:
“Çox yaxşı hazırlaşmışdım bu imtahana. Çox da uğurlu oldu. Mən 60 bal toplayacağıma ümidlə getmişdim. Amma kurikulumdan bir sual səhv gəldi. Üç-dörd ay bu imtahana hazırlaşdım”.
Təcrübəli müəllim bildirir ki, bu, onun ilk qiymətləndirmə təcrübəsi deyil. O, 2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmədə də iştirak edib və 56 bal toplayıb: “Bundan əvvəl 2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmədə 56 bal toplamışdım. Mən bu cür qiymətləndirmələrin aparılmasını müsbət qiymətləndirirəm. Müəllim öz üzərində hər zaman işləməlidir”.
Xanım Nəsibova hesab edir ki, müasir müəllim yalnız dərslik bilikləri ilə kifayətlənməməli, təhsildə baş verən yenilikləri izləməli, metodiki və pedaqoji bacarıqlarını daim inkişaf etdirməlidir: “Mən öz üzərində işləyən müəllimlərdənəm. Yeniliklərə açıq insanam. Müəllim bütün yeniliklərdən xəbərdar olmalıdır”.
Onun fikrincə, sertifikasiya prosesi müəllimə öz biliklərini yoxlamaq, zəif tərəflərini müəyyənləşdirmək və inkişaf istiqamətlərini daha aydın görmək imkanı verir. Bu baxımdan o, imtahanları yalnız nəticə göstəricisi kimi deyil, həm də müəllimin özünü təkmilləşdirməsi üçün bir fürsət hesab edir.
Xanım Nəsibova gələcəkdə sertifikasiyada iştirak edəcək müəllimlərə tövsiyə edir ki, prosesə narahatlıq və qorxu ilə deyil, məsuliyyət və inamla yanaşsınlar. Onun sözlərinə görə, müəllim gündəlik fəaliyyətində öyrənməyə açıqdırsa, sertifikasiya onun üçün çətinlik deyil, öz peşəkarlığını nümayiş etdirmək imkanıdır.
“Sertifikasiya müəllimin özünü inkişaf etdirməsi üçün təkandır”
Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Nəzakət Mənəfova sertifikasiya prosesində ümumilikdə 100 mümkün baldan 98 bal toplayıb. O, bu nəticənin 58 balını test imtahanından, 40 balını isə müsahibə mərhələsindən əldə edib.
Nəzakət Salam qızı Mənəfova bildirir ki, sertifikasiya imtahanı onun üçün çətin olmayıb. Müəllimin fikrincə, gündəlik dərs prosesində öz ixtisası üzrə işləyən, yenilikləri izləyən və pedaqoji biliklərini inkişaf etdirən müəllim üçün bu cür qiymətləndirmələr təbii prosesdir: “Sertifikasiya imtahanından ümumi 100 baldan 98 bal toplamışam. Bunun 58-ni test imtahanından, 40-nı isə müsahibə mərhələsindən əldə etmişəm. Sertifikasiya imtahanı çətin deyildi. Bu proses müəllimin öz üzərində işləməsi və özünü inkişaf etdirməsi üçün bir təkandır”.
Nəzakət Mənəfovanın sözlərinə görə, müəllimlik davamlı yenilənmə tələb edən peşədir. Şagirdin qarşısına çıxan müəllim həm fənn biliklərini, həm pedaqoji yanaşmalarını, həm də müasir təhsil tələblərini daim inkişaf etdirməlidir.
O hesab edir ki, sertifikasiya müəllimləri daha məsuliyyətli olmağa, öz biliklərini sistemləşdirməyə və peşə fəaliyyətlərinə daha diqqətlə yanaşmağa sövq edir. Bu proses, eyni zamanda, müəllimin özünəinamını artırır və ona peşəkar inkişaf istiqamətində yeni motivasiya verir.
Nəzakət Mənəfova gələcəkdə sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə öz üzərlərində davamlı işləməyi, ixtisas biliklərini möhkəmləndirməyi və imtahana yalnız qiymətləndirmə kimi deyil, inkişaf mərhələsi kimi baxmağı tövsiyə edir.
Təcrübəli müəllimlərin fikirləri bir daha göstərir ki, sertifikasiya prosesi müəllim üçün yalnız imtahan deyil, həm də peşəkar inkişaf, özünüqiymətləndirmə və davamlı öyrənmə imkanıdır. Lakin bu prosesin mahiyyəti müəllimin ləyaqətini qorumaq, onun illərlə qazandığı nüfuzu nəzərə almaq və inkişafına dəstək olmaqla daha da dəyərli olur.
Şimal-qərb bölgəsinin müəllimlərinin yüksək nəticələri sübut edir ki, peşəsinə sevgi ilə yanaşan, bilik və təcrübəsinə güvənən, yeniliklərə açıq olan müəllim üçün inkişafın yaşı və sərhədi yoxdur. Belə müəllimlər yalnız sertifikasiyada uğur qazanmır, həm də yetişdirdikləri şagirdlərlə təhsilin gələcəyinə mühüm töhfə verirlər.




