"Sertifikasiya müəllimlər üçün böyük fürsətdir" - Yüksək nəticə göstərənlər
18 iyun tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 133 nəfər təhsilverən sertifikatlaşdırılma prosesində iştirak edib.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci günündə təsviri incəsənət, musiqi, kimya, fizika və biologiya fənləri üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Onların arasında yüksək nəticələri ilə seçilənlər də olub.
"Azərbaycan müəllimi" uğurlu nəticə göstərən təhsilverənlərlə yaxından tanış olub.
"Sertifikasiya imtahanı müəllimin peşəkarlaşması üçün çox gözəl vasitədir"
Sertifikasiya nəticəsi 59 bal olan Yaqut Əmrahova Xaçmaz rayon Arzu qəsəbə tam orta məktəbində təsviri incəsənət fənnini tədris edir. 12 ildir müəllim işləyən Y. Əmrahova sualların çətinliyini orta qiymətləndirir: "İmtahana normal, intizamla hazırlaşdım. Sertifikasiya imtahanı müəllimin işində peşəkarlaşması üçün çox gözəl bir vasitədir. Müəllimlərə tövsiyəm - işlərinin peşəkarı olsunlar ki, gələcəyə savadlı kadrlar yetişdirə bilsinlər".
"Sertifikasiyanın əhəmiyyəti müəllimin öz üzərində daim işləməsində, yeniliklərə açıq olmasındadır"
Quba rayon S. Şahbalayev adına Hacıhüseynli kənd tam orta məktəbinin musiqi müəllimi Gülşən Səmədova 58 bal nəticə göstərib.
18 il iş stajına malik müəllim qeyd edir ki, müntəzəm öz üzərində işləyərək imtahana hazırlaşıb: "Suallar arasında asan da var idi, çətin də. Sertifikasiyanın əhəmiyyəti müəllimin öz üzərində daim işləməsində, yeniliklərə açıq olmasındadır. Müəllimlərə tövsiyəm: öz fənlərini sevsinlər ki, onu daha da yaxşı həm bilsinlər, həm də kiməsə ötürməyi bacarsınlar".
"Hazırlaşan müəllim üçün imtahan çətin olmaz"
Lamiyə Mürsəliyeva 57 bal toplayıb. Xaçmaz şəhər İ. Qayıbov adına 3 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi işləyir.
Onun sözlərinə görə, imtahan çox yaxşı keçib:
"Hazırlaşan müəllim üçün imtahan çətin olmaz. Sertifikasiyanın əhəmiyyətini onda görürəm ki, müəllimlərin öz peşəkar bacarıqlarını qiymətləndirməsi və zəif tərəflərini görüb inkişaf etdirməsi üçün böyük bir fürsətdir. Həmkarlarıma həyəcanı kənara qoyub öz biliklərinə güvənmələrini tövsiyə edirəm".
"Sertifikasiya müəllimlərin bilik və bacarıqlarını inkişaf etdirməyə, öz üzərlərində daha çox işləməyə stimul yaradır"
Çinarə Əkbərova 49 dəqiqə ərzində 56 bal toplamağa müvəffəq olub.
O, Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbinin musiqi müəllimidir. 6 ildir pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimin sözlərinə görə, suallar təhsilverənlərin peşəkar bilik və bacarıqlarını qiymətləndirməyə yönəlib:
"Diqqətli hazırlaşan müəllimlər üçün sualların cavablandırılması mümkün idi. Asan, orta, çətin səviyyəli, düşündürücü suallar da var idi. İmtahana müntəzəm və planlı şəkildə hazırlaşırdım. Mövzuları təkrar edir, müəyyən vaxt ərzində testlər işləyirdim. Belə olduqda həm sualları tez cavablandırmaq, həm də vaxta qənaət etmək olur".
Çinarə müəllimin fikrincə, sertifikasiya müəllimlərin bilik və bacarıqlarını inkişaf etdirməyə, öz üzərlərində daha çox işləməyə stimul yaradır. Eyni zamanda təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.
"Müəllimlərə müntəzəm hazırlaşmağı, vaxtdan səmərəli istifadə etməyi və öz üzərlərində davamlı işləməyi tövsiyə edərdim".




