Sertifikasiyaya körpəsi ilə hazırlaşdı - Yüksək nəticə göstərdi 

19 İyun, 2026 - 18:38
Sertifikasiyaya körpəsi ilə hazırlaşdı - Yüksək nəticə göstərdi 

Müəllimlərin sertifikatlaşdırılması prosesi ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm addımlardan biridir. Bu prosesdə yüksək nəticə göstərən müəllimlər isə həm peşəkarlıqları, həm də öz üzərlərində davamlı işləmələrinin bəhrəsini nümayiş etdirirlər. Lənkəran-Astara bölgəsindən sertifikatlaşdırma imtahanında 50-dən yuxarı bal toplayan təsviri incəsənət müəllimləri “Azərbaycan müəllimi”nə əldə etdikləri uğurun sirrini və imtahan təəssüratlarını bölüşüblər.

“Nə çox asan idi, nə də həddindən artıq çətin”

9 ildir müəllim kimi fəaliyyət göstərən Lənkəran rayonu Məhəmməd Bağırov adına Girdəni kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Aytac Hüseynova imtahandan 53 bal toplayıb. O bildirib ki, ailə və peşə həyatını paralel şəkildə davam etdirmək asan olmasa da, məqsədinə çatmaq üçün əlindən gələni edib:

“İmtahana bacardığım qədər hazırlaşa bildim. Körpə uşaqlı ana kimi çətin olsa da, öhdəsindən gəlməyi bacardım. İmtahandan keçəcəyimə inanırdım, lakin əsas məqsədim 50-dən yuxarı nəticə göstərmək idi. Şükürlər olsun ki, buna nail oldum. İmtahanın çətinlik səviyyəsini orta hesab edirəm. Nə çox asan idi, nə də həddindən artıq çətin”.

“Hazırlıq zamanı əsasən dərsliklərdən istifadə etmişəm”

Lənkəran rayonu İ.Hüseynov adına Osakücə kənd tam orta məktəbində fəaliyyət göstərən və 55 bal toplayan Gülnar Məlikzadə isə sevincini gizlətməyərək əldə etdiyi nəticəni zəhmətinin bəhrəsi kimi qiymətləndirib:
“Çox sevincliyəm, zəhmətimin bəhrəsini gördüm. Beş ildir təsviri incəsənət müəllimi kimi çalışıram. Hazırlıq zamanı əsasən dərsliklərdən istifadə etmişəm. Düşünürəm ki, sistemli oxu və davamlı hazırlıq uğur qazanmaq üçün kifayət qədər önəmlidir”.

“Savadlı müəllim üçün bu proses heç də çətin deyil”

Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziyanın təsviri incəsənət müəllimi Zeynəb Heydərova isə sertifikatlaşdırma imtahanında 56 bal toplayıb. Dörd illik pedaqoji fəaliyyətə malik olan müəllim uğurunun əsas səbəbini səbr, əzm və planlı hazırlıqda gördüyünü deyib:

“Səbr və əzmin yoldaşım olduğu bu dövrdə bilikləri sistemli şəkildə öyrənməyim uğurumun əsas səbəblərindən biri oldu. Hazırlıq zamanı yalnız məktəb dərsliklərindən istifadə etdim və çoxlu sınaq imtahanları işlədim. Bu sınaqlar mənə ciddi şəkildə kömək etdi. Məncə, savadlı müəllim üçün bu proses heç də çətin deyil. İmtahanın səviyyəsi mənə rahat gəldi”.