Sertifikatlaşdırma müəllimlərə nə qazandırır? – Yüksək bal toplayan müəllimlər danışır
Sabah minlərlə müəllim sertifikatlaşdırma imtahanında bilik və bacarıqlarını nümayiş etdirmək üçün imtahan otaqlarına daxil olacaq. Bu proses illərdir ki, müəllimin öz peşəsinə baxışını yeniləyən mühüm mərhələ kimi diqqət çəkir.
Sertifikatlaşdırmadan yüksək nəticə göstərən müəllimlər isə onun əsas dəyərinin başqa yerdə olduğunu deyirlər. Onların fikrincə, sertifikatlaşdırma müəllimi yenidən öyrənməyə, öz fəaliyyətinə kənardan baxmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə sövq edən mühüm inkişaf mexanizmidir.
"Azərbaycan müəllimi"nin həmsöhbət olduğu Şamaxı Avropa liseyinin ibtidai sinif müəllimi Vüsalə Məlikova sertifikatlaşdırmanın test mərhələsində 59, müsahibə mərhələsində isə 40 bal toplayıb. 10 illik pedaqoji təcrübəyə malik olan müəllim bildirir ki, müəllimlərin işə qəbulu müsabiqəsindən keçdiyi və daim öz üzərində çalışdığı üçün hazırlıq prosesi onun üçün çətin olmayıb.
Onun sözlərinə görə, imtahan sualları müxtəlif səviyyələrdə tərtib edilsə də, öz fənnini yaxşı bilən müəllimlər üçün əlçatan idi: "Mən bir müəllim olaraq daim axtarışdayam, yeniliklərə açığam. Öz fəaliyyətimi davamlı olaraq təhlil edir, çatışmazlıqlarımı müəyyənləşdirərək onların üzərində işləyirəm. Hesab edirəm ki, ibtidai sinif müəllimi bu sualların öhdəsindən rahatlıqla gələ bilər".
Vüsalə Məlikova sertifikatlaşdırmanın yalnız maddi təşviq olmadığını da vurğulayır: "Maaş artımı müəllimlər üçün vacib motivasiyadır. Amma bu proses mənə peşəkarlıq və özünəinam qazandırdı. Sertifikatlaşdırma, müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirmə kimi mexanizmlər müəllimin daim öz üzərində işləməsinə və yenilikləri izləməsinə şərait yaradır".
24 illik pedaqoji fəaliyyətə malik, Ağsu rayonunun Cəlayir kənd tam orta məktəbinin riyaziyyat müəllimi Xuraman Cəfərova isə sertifikatlaşdırma imtahanında 56 bal toplayıb. O, hazırlıq prosesində əsasən çərçivə sənədinə uyğun təşkil olunan teledərslərdən faydalandığını bildirir.
Müəllimin sözlərinə görə, uzun illər iş təcrübəsinə malik olsa da, imtahan həyəcanı qaçılmazdır: "Müəllim olsaq da, imtahan həyəcanı yaşamaq normaldır. Suallar arasında sadə, orta və çətin səviyyəli tapşırıqlar var idi. Xüsusilə bəzi suallar yalnız əzbər biliyi deyil, düşünmə və məntiq yürütmə bacarıqlarını da tələb edirdi".
Xuraman Cəfərova qeyd edir ki, sertifikatlaşdırmaya hazırlıq zamanı metodika ilə bağlı mövzular üzərində daha çox işləyib. Onun fikrincə, müəllimlik elə bir peşədir ki, burada öyrənmək prosesi heç vaxt bitmir.
"Mən heç vaxt yalnız pul qazanmaq istəyən müəllim olmamışam. Hər zaman hörmət olunan müəllim olmaq istəmişəm. Əlbəttə, əməkhaqqının artması vacibdir və müəllim üçün motivasiyadır. Amma peşəkar inkişaf cəmiyyət üçün daha böyük əhəmiyyət daşıyır. Sertifikatlaşdırma mənə bu baxımdan çox şey qazandırdı".
Təcrübəli müəllim hesab edir ki, sertifikatlaşdırma yüksək nəticə göstərən müəllimlər üçün gələcək karyera imkanları da yaradır. Onun sözlərinə görə, bu proses gələcəkdə metodist, təlimçi kimi fəaliyyət göstərmək, yeni dərsliklərin hazırlanmasında iştirak etmək və qabaqcıl müəllim kimi formalaşmaq üçün mühüm üstünlüklər qazandırır.
Sabah imtahana qatılacaq həmkarlarına müraciət edən hər iki müəllim əsas məqamın özünəinam olduğunu bildirir. Xuraman Cəfərova müəllimlərə sualları diqqətlə oxumağı və həyəcanı idarə etməyi tövsiyə edir, Vüsalə Məlikova isə onların bu mərhələnin öhdəsindən uğurla gələcəklərinə inandığını vurğulayır.




