Sertifikatlaşdırma müəllimləri daha yaxşı öyrətməyə təşviq edir – Vəfa Yaqublu
“Bu gün Şamaxıdakı sertifikatlaşdırma mərkəzində prosesin gedişatını izlədik. Müşahidələr göstərir ki, elektron sistem üzərindən və vahid qaydalar əsasında həyata keçirilən qiymətləndirmənin tam şəffaflığına müəllimlər şübhə etmirlər. Bu da müəllimlərin prosesə rahat və stressiz qatılması baxımından vacibdir”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında müəllimlərin sertifikatlaşdırılması imtahanının beşinci günündə iştirak edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib.
Direktor müavininin sözlərinə görə, sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafını dəstəkləyən amildir:
“Bu proses müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsinə stimul yaradır, eyni zamanda onların peşə fəaliyyətinin qiymətləndirilməsi üçün mühüm mexanizm kimi çıxış edir. Sertifikatlaşdırmanın nəticələri müəllimlərin əməkhaqqısında diferensial yanaşmanın tətbiqinə, motivasiyasının artırılmasına və karyera inkişafına da müsbət təsir göstərir”.
Vəfa Yaqublu qeyd edib ki, sertifikatlaşdırmanın əsas üstünlüklərindən biri onun davamlı xarakter daşımasıdır:
“Bu gün əmək bazarı daim öyrənən, öyrəndiklərini tətbiq edən, etdikləri barədə refleksiya quranların axtarışındadır. Sertifikatlaşdırma da bu yanaşmanı dəstəkləyir və müəllimləri daha yaxşı öyrətməyə təşviq edir. Nəticədə tədrisin keyfiyyəti yüksəlir və bu, birbaşa şagird nailiyyətlərində özünü göstərir”.
Direktor müavini əlavə edib ki, proses müəllimlər arasında peşəkar əməkdaşlığın genişlənməsinə də töhfə verir:
“Sertifikatlaşdırmaya hazırlıq mərhələsində müəllimlərin bir-biri ilə təcrübə paylaşdığını, yenilikləri müzakirə etdiyini və peşəkar inkişaf imkanlarından daha fəal istifadə etdiyini müşahidə edirik. Bu isə ümumilikdə təhsil mühitinə müsbət təsir göstərir”.
Vəfa Yaqublu sertifikatlaşdırmanı təhsil sistemində aparılan mühüm islahatlardan biri kimi qiymətləndirib:
“Son illərin islahatları arasında sertifikatlaşdırma xüsusi yer tutur. Məqsəd yalnız qiymətləndirmə aparmaq deyil, daha güclü müəllim korpusunun formalaşdırılmasına nail olmaqdır. İnanırıq ki, bu proses yaxın illərdə sinif otaqlarının ab-havasını dəyişəcək və müəllim peşəsinin nüfuzunun daha da artmasına töhfə verəcək”.




