Sertifikatlaşdırmadan uğurla keçən müəllimlər üçün 212 milyon manat ayrılacaq
“Büdcə sənədi ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə və qarşıda duran çağırışlara uyğun şəkildə hazırlanıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fariz İsmayılzadə deyib.
O bildirib ki, növbəti il üçün təhsil xərcləri 5 milyard manat nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 78 milyon manat, 2024-cü ilin icrası ilə müqayisədə isə 625 milyon manat artıqdır.
Deputat qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində keyfiyyətin artırılması əsas prioritetlər sırasındadır. 2026-cı ilin büdcəsində bütün bu istiqamətlər üzrə vəsaitlərin artırılması nəzərdə tutulur.
Millət vəkili onu da vurğulayıb ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlarına əlavələrin ödənilməsi məqsədlə 212 milyon manat ayrılıb. Prezidentin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil üzrə dövlət proqramı və ikili diplom layihələrinin maliyyələşdirilməsi və müddəti artırılıb. Bu, gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirmək məqsədi daşıyır.



