Sertifikatlaşırdırma məktəblərin akademik mühitini gücləndirir – Mütəxəssis

16 İyun, 2026 - 10:16
Sertifikatlaşırdırma məktəblərin akademik mühitini gücləndirir

“Təhsilverənlərin sertifikatlaşdırılması son illərdə Azərbaycan təhsil sistemində həyata keçirilən ən mühüm islahatlardan biri hesab oluna bilər. Bu prosesə yalnız imtahan və ya müəllimlərin qiymətləndirilməsi kimi baxmaq düzgün olmazdı”.

Bunu “Azərbaycan müəllimi”nə  ADNSU-nun Keyfiyyətin təminatı üzrə aparıcı mütəxəssisi Çingiz Baxşıyev deyib.


Onun sözlərinə görə, sertifikatlaşdırmanın əsas məqsədi müəllim peşəsinin keyfiyyət göstəricilərini yüksəltmək, müəllimlərin peşəkar inkişafını stimullaşdırmaq və tədris prosesinin nəticəyönümlü olmasını təmin etməkdir:

“Bir neçə il əvvəlki vəziyyətlə müqayisədə bu gün müəyyən müsbət dəyişikliklərin müşahidə olunduğunu demək mümkündür. İlk növbədə, müəllimlərin öz üzərində işləmək motivasiyası artıb. Əvvəllər bir çox hallarda müəllimlərin peşəkar inkişaf fəaliyyətlərində iştirakı könüllü xarakter daşıyırdısa, indi müəllimlər həm fənn biliklərini, həm də metodiki hazırlıqlarını davamlı şəkildə yeniləməyə daha çox maraq göstərirlər. Sertifikatlaşdırma prosesi müəllimlər arasında özünüqiymətləndirmə və özünüinkişaf mədəniyyətinin formalaşmasına da müəyyən töhfə verib.

Digər mühüm məqam müəllim peşəsinin nüfuzu ilə bağlıdır. Sertifikatlaşdırma nəticələrinə əsasən əməkhaqlarında edilən artımlar müəllim əməyinin daha yüksək qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, bir tərəfdən təcrübəli müəllimlərin peşədə qalmasına stimul yaradır, digər tərəfdən isə gənclərin müəllimlik peşəsinə marağını artırır. Dünyanın bir çox ölkələrində olduğu kimi, müəllim əməyinin keyfiyyətlə əlaqələndirilmiş şəkildə qiymətləndirilməsi təhsil sisteminin inkişafında vacib amillərdən biri hesab edilir”.

Ç.Baxşıyev qeyd edib ki, məktəblərdə ümumi akademik mühit baxımından da müəyyən dəyişikliklər hiss olunur:

“Müəllimlər yeni kurikulum yanaşmaları, qiymətləndirmə metodları, rəqəmsal alətlər və müasir tədris texnologiyaları ilə daha yaxından maraqlanmağa başlayıblar. Xüsusilə son illərdə keçirilən təlimlər və sertifikatlaşdırmaya hazırlıq prosesləri müəllimlərin peşəkar bilik bazasının genişlənməsinə təsir göstərib”.

Mütəxəssisin fikrincə, sertifikatlaşdırmanın təsirlərini yalnız imtahan nəticələri ilə ölçmək mümkün deyil. Təhsildə dəyişikliklərin real nəticələri uzunmüddətli dövrdə, şagird nailiyyətlərində, təlim keyfiyyətində, məktəb mədəniyyətində və təhsil nəticələrinin yaxşılaşmasında özünü göstərir. Buna görə də prosesin davamlı monitorinqi və elmi əsaslarla qiymətləndirilməsi vacibdir:

“Eyni zamanda bəzi çağırışlar da mövcuddur. Sertifikatlaşdırma yalnız bilik yoxlaması kimi qəbul edilməməli, müəllimlərin inkişafına dəstək verən kompleks peşəkar inkişaf sistemi ilə müşayiət olunmalıdır. Müəllimlərin fərdi inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, nəticələr əsasında hədəfli təlimlərin təşkili və məktəbdaxili peşəkar öyrənmə mühitinin gücləndirilməsi növbəti mərhələdə diqqət mərkəzində olmalıdır.
Ümumilikdə isə hesab edirəm ki, sertifikatlaşdırma Azərbaycan təhsil sistemində keyfiyyət mədəniyyətinin formalaşmasına, müəllimlərin peşəkar məsuliyyətinin artmasına və müəllim peşəsinin daha rəqabətli və inkişafyönümlü sahəyə çevrilməsinə müsbət təsir göstərib. Bir neçə il əvvəlki dövrlə müqayisədə müəllimlərin peşəkar inkişaf məsələlərinə münasibətində, özünüinkişaf motivasiyasında və tədrisin keyfiyyətinə yanaşmada müəyyən fərqlər artıq hiss olunmaqdadır. Əsas məsələ bu prosesin yalnız qiymətləndirmə deyil, davamlı inkişaf aləti kimi qorunub saxlanılması və təkmilləşdirilməsidir”.