Suallar açıq-aydın və anlaşılan dildə idi - Tarix müəllimlərinin imtahan təəssüratları
Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbin tarix müəllimi Samirə Abdullazadə təhsilverənlərin sertifikasiya imtahanında 57 bal toplayıb.
“Azərbaycan müəllimi” ilə söhbətdə S.Abdullazadə imtahan təəssüratlarnı bölüşüb. O deyir ki, imtahanda sualların səviyyəsi fərqli idi: həm asan, həm də düşündürücü suallara yer verilmişdi.
"Artıq 20 ildir ki, pedaqoji fəaliyyətlə məşğul oluram, əvvəllər repetitorluq təcrübəm də olub. İxtisas fənninə tam müstəqil şəkildə, hər gün tədris etdiyimiz dərsliklər və müxtəlif müəlliflərin test vəsaitləri əsasında hazırlaşdım. Təbii ki, hər bir imtahanda olduğu kimi, burada da həyəcan var idi. Əsas çətinlik ixtisasdan yox, metodika (kurikulum) suallarında yarandı. Xüsusilə sonuncu – 60-cı sual üzərində yorğunluqdan dolayı çox düşündüm, lakin xoşbəxtlikdən doğru cavablandırdım. Ümumilikdə isə prosesdən çox razı qaldım".
Şəbnəm Səfərəliyeva da 57 bal toplayan müəllimlərdən biridir. Laçın rayon Pənah Məmmədov adına 46 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimidir.
"Bir müəllim kimi hər gün dərslərimizə hazırlıqlı olsaq da, imtahandan öncəki son 10 günü gecə-gündüz intensiv və böyük zəhmətlə çalışdım. Topladığım 57 balı əziyyətimin bəhrəsi kimi dəyərləndirirəm.
İmtahanda fənn üzrə suallar asan, orta və çətin olmaqla balanslaşdırılmışdı. Kurikulum sualları isə nisbətən daha çox düşünmək tələb edirdi. Bununla belə, sualların hər biri açıq-aydın və anlaşılan dildə idi. Hesab edirəm ki, sertifikasiya prosesi müəllimlərin davamlı inkişafı, onların maddi rifahının yüksəldilməsi və cəmiyyətin müəllimə olan etimadının artırılması baxımından çox vacib və əhəmiyyətli bir addımdır".
Kəlbəcər rayon 109 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Çinarə Məmmədova da topladığı 57 balın sevincini yaşayır.
"17 ildir ki, tarix müəllimi olaraq fəaliyyət göstərirəm. Bu sertifikasiya imtahanında 57 bal topladım ki, bunun da 50 balı birbaşa ixtisas fənnimin payına düşür. Maraqlı bir təsadüfdür ki, 2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmədə də məhz 57 bal toplamışdım. İmtahana hər hansı xüsusi kursa getmədən, sadəcə bir pedaqoq kimi daim öz üzərimdə çalışmağım sayəsində hazırlaşdım. İmtahanın təşkilatçılıq səviyyəsi çox yüksək idi. İxtisas sualları proqrama və çərçivə sənədinə tam uyğun gəldiyi üçün ciddi bir çətinlik çəkmədim. Metodika sualları isə kifayət qədər düşündürücü idi və vaxt aparırdı.
Bütövlükdə, sertifikasiya müəllimlərin peşəkar inkişafı üçün çox faydalı prosesdir. Bizə bu cür rahat, şəffaf və peşəkar şərait yaratdıqları üçün imtahan təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm".




