Sevgi ilə böyüyən fərqlilik: İbrahimin hekayəsi
Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə 10 noyabr 2011-ci ildən etibarən 21 Mart Beynəlxalq Daun Sindromu Günü elan olunub və 2012-ci ildən rəsmi olaraq hər il qeyd olunur. Təqvim olaraq martın 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir və genetik bir fərqliliyi ehtiva edir.
Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Daun Sindromu Günündə cəmiyyətin diqqətini fərqliliklərin qəbuluna, sevginin və anlayışın gücünə yönəltmək hər zamankından daha vacibdir. Bu gün fərqli doğulan, amma eyni sevgini, diqqəti və dəstəyi haqq edən uşaqların günüdür.
“Azərbaycan müəllimi” sevgi, qayğı və doğru yanaşmanın uşağın həyatında necə fərq yaratdığını göstərən bir hekayəni təqdim edir.
Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbinin 3-cü sinif şagirdi İbrahim Abbaszadənin hekayəsi də məhz bu sevgi və qayğının canlı nümunəsidir. 2017-ci ildə dünyaya gələn İbrahim 7 yaşında məktəbə qədəm qoyub, 8 yaşından isə müxtəlif təlimlərə qoşulub. Qısa müddətdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevgisini qazanıb.
Qeyd edək ki, Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbində ümumilikdə 198 şagird təhsil alır ki, onlardan 15-i daun sindromludur. Bu isə inklüziv mühitin formalaşması və xüsusi yanaşmanın tətbiqi baxımından mühüm göstəricidir.
İbrahimin tərbiyəçi-müəllimi Gülnarə Əbilova onunla işləməyin özünəməxsus yanaşma tələb etdiyini, lakin nəticələrin hər zaman sevindirici olduğunu bildirir: “Şagirdlərimlə dərsi əyləncəli, oyunlar şəklində təşkil edirəm. Bu da onların çox marağına səbəb olur və yaxşı nəticələr əldə edirik. İbrahim sinif mühitinə tez müddətdə öyrəşir. Yoldaşları ilə oynamağı, onlara sevgi, nəvaziş göstərməyi çox sevir. Hər bir uşaqda hansı potensial olduğunu zamanla aydınlaşdırmaq olur. İbrahim yaxşı rəqs edir. Bizim bütün tədbirlərimizdə gözəl rəqslər edir”.
Məktəbdə İbrahimlə çalışan mütəxəssislər də onun inkişafını müsbət qiymətləndirirlər. Loqoped Pərvanə Fərəcli qeyd edir ki, belə uşaqların cəmiyyətə uyğunlaşması düşündüyümüzdən daha asandır: “İbrahim cəmiyyətə çox yaxşı adaptasiya olur, ümumiyyətlə əksər daun sindromlu uşaqlar belədir. Onun oxumağı, yazmağı yaxşıdır, sinif yoldaşları ilə münasibəti çox yaxşıdır. Onlar sevgi dolu olduqları üçün hamıya sevgi ilə yanaşırlar, buna görə də uyğunlaşmada çətinlik çəkmirlər. Məktəblərdə onlara xüsusi yanaşma olduğu üçün nəticələr də gözəl olur”.
İbrahimin anası Gülbahar xanım isə oğlundan böyük sevgi və qürurla danışır. Onun sözlərində həm ana məhəbbəti, həm də dərin bir şükranlıq hissi duyulur: “İbrahim musiqini, rəqsi çox sevir. Evdə musiqi səsi eşidən kimi ritmə uyğun oynayır. Demək olar ki, bütün tədbirlərdə iştirak edir. Rəqəmləri, hərfləri öyrənib bilir. 9 yaşı avqustda olacaq, hər şeyi başa salır, anlayır, amma danışmağı çox zəifdir. Şükür edirəm buna da, mən oğlumu Allahın verdiyi nemət, pay kimi qiymətləndirirəm. Hər gün şükür edirəm, oğlumla fəxr edirəm. Bircə duam var ki, Allah ona uzun, sağlam ömür versin”.
Gülbahar xanım digər valideynlərə də səbr və anlayış çağırışı edir: “Bir ana kimi demək istəyirəm ki, Allah hər anaya, hər ataya səbr versin. Onlar bizim əmanətlərimizdir. Bəzən özlərini yaxşı ifadə edə bilmədiklərinə görə, az da olsa incidirlər. Ona görə səbrli olmağa çalışaq”.
İbrahimin timsalında bir daha aydın olur ki, fərqlilik heç də məhdudiyyət deyil. Doğru yanaşma, sevgi və dəstək olduqda bu uşaqlar cəmiyyətin ayrılmaz və dəyərli üzvlərinə çevrilirlər. Onların dünyası daha çox sevgi, daha çox səmimiyyət və daha çox ümiddən ibarətdir.



