Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Oğuz oldu
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi 29 iyun-3 iyul tarixlərində Oğuz gəncləri üçün xidmət göstərəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Oğuzdakı açılış mərasimi Dövlət Himnin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Oğuz Rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev iştirak ediblər. Rəsmi çıxışlar zamanı sözügedən layihənin region gənclərinin fərdi vəpeşəkar inkişafındakı əhəmiyyətindən danışılıb, gənclərin bilik dairəsinin genişləndirilməsi, ictimai fəallığının stimullaşdırılması və dövlət tərəfindən yaradılmış dəstək mexanizmlərinin regionlarda yaşayan gənclərə birbaşa çatdırılması baxımından faydaları vurğulanıb.
Tədbir zamanı gənclər açıq hava məkanında xüsusi hazırlanmış “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik”, eləcə də “Əyləncə” zonalarınayaxınlaşaraq vörkşoplar, master-klaslar, viktorinalar və intellektual oyunlarda fəal iştirak ediblər. Eyni zamanda, iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən maarifləndirici təlimlər, peşəkar mütəxəssislərin təqdimatında gənclər üçün ixtisas seçimi, karyera planlaması və şəxsi inkişaf, süni intellekt alətlərinin yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında sessiyalar keçirilib. Təşkil edilən fəaliyyətlərin yekununda aktivliyi ilə seçilən gənclərə həvəsləndirici mükafatlar təqdim olunub.
Xatırladaq ki, “Səyyar Gənclər Xidməti” layihəsiAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.Layihənin əsas məqsədi ölkəmizdə dövlət gənclərsiyasətinin yaratdığı imkan və xidmətlərin, o cümlədən, məşğulluq, innovasiya və rəqəmsallaşma kimi sahələrdə həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün əlçatanlığına töhfə verməkdən ibarətdir. Noyabr ayınadək davam edəcək olan layihə ümumilikdə respublikamızın 20 şəhər və rayonunu əhatə edəcək.




