Şiddətli geomaqnit qasırğası gözlənilir

19 Yanvar, 2026 - 13:03
Şiddətli geomaqnit qasırğası gözlənilir

Müsbət qütblü tac dəliyi axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı tac kütlə atılmalarının (TKA) isə 20 yanvarda Yerə çatacağı gözlənilir. Bu səbəbdən də güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.

Bu barədə "Azərbaycan müəllimi"nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 19-25 yanvar tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin müsbət qütblü tac dəliyi axınlarının və gözlənilən TKA-nın təsiri ilə yüksələcəyi proqnozlaşdırılır.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-50%, orta geomaqnit enliklərdə isə 35 %-dir.