Simnar Mamedov: Təhsil proqramlarının yenilənməsi kadr hazırlığına dair tələblərlə əlaqəlidir

2 Dekabr, 2025 - 11:57
Simnar Mamedov: Təhsil proqramlarının yenilənməsi kadr hazırlığına dair tələblərlə əlaqəlidir

“İnfrastruktur sahəsində görülən işlər nəticəsində bu illər ərzində peşə təhsilinin maddi-texniki bazası və tədris infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da əmək bazarının və iqtisadiyyatın real tələblərinə uyğun bacarıqlara sahib kadrların hazırlanmasına xidmət edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov deyib. 
O qeyd edib ki, bu infrastrukturun mövcudluğu işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tələb olunan bacarıqların verilməsinə şərait yaradır:

“Digər mühüm istiqamət isə məzmun və keyfiyyət məsələsidir. Bu dövr ərzində 100-dən çox modul və iqtisadiyyatla bağlı dərsliklər, eləcə də təhsil proqramları peşə təhsilində tətbiq olunur. Təhsil proqramlarının yenilənməsi birbaşa kadr hazırlığına dair tələblərlə əlaqəlidir”.

O əlavə edib ki, peşə təhsili üzrə kadr tələblərinə uyğun istiqamətlər mütəmadi şəkildə çevik formada təhlil edilir və yenilənir. Təbii ki, bunun nəticəsi olaraq təhsil proqramlarının hazırlanması həm cari, həm də gələcək dövr üçün kadr tələbatının çevik təmin edilməsinə, əmək bazarındakı ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə xidmət edir.