Son 3 ildə tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb – TKTA

6 Avqust, 2026 - 10:12
Son 3 ildə tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb

Son üç il ərzində tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması məqsədilə saxta diplom təqdim edən 38 nəfər barədə məlumatlar aidiyyəti dövlət qurumuna göndərilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin II rübü üzrə elektron bülletenində məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək olan dövrdə 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi müəyyən edilib. Eyni zamanda, "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları"nın 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınmasından imtina edilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi aşkar olunub.

2025-ci ilin aprelindən 2026-cı ilin yanvarınadək olan dövrdə isə əlavə olaraq 30 nəfərin tanınma məqsədilə saxta diplom təqdim etdiyi müəyyənləşdirilib. Həmçinin həmin qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınmasından imtina edilmiş daha 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi aşkarlanıb.

TKTA qeyd edib ki, aşkar olunan bütün bu hallarla bağlı müvafiq məlumatlar aidiyyəti dövlət qurumlarına təqdim olunub.