Sosial mediadan məsuliyyətli istifadə – Uşaqlara nələri öyrətməliyik?
Valideynlər üçün övladlarını sosial mediadan düzgün və təhlükəsiz istifadə etməyə yönləndirmək olduqca vacibdir.
“Azərbaycan müəllimi” ParentGuidance.org platformasının hazırladığı material əsasında tövsiyələri oxuculara təqdim edir.
Açıq ünsiyyət əsasdır
Valideyn və qəyyumlar elə bir mühit yaratmalıdır ki, uşaqlar onlayn təcrübələrini rahat şəkildə bölüşə bilsin. Onların sosial mediaya dair fikirlərini, suallarını və narahatlıqlarını dinləmək inam yaradır və uşaqlara düzgün davranışla bağlı daha effektiv yol göstərə bilirsiniz.
Açıq ünsiyyət tənqidi düşünmə bacarığını da gücləndirir və uşaqların sosial medianın çətinliklərini daha düzgün qiymətləndirməsinə şərait yaradır.
Yaşa uyğun məhdudiyyətlər təyin edin
Uşağın emosional hazırlığı, yaş səviyyəsi və istifadə etdiyi platformaların xüsusiyyətləri nəzərə alınmalıdır. Bu məhdudiyyətlər aşağıdakılara aid ola bilər:
•Platformaya giriş üçün yaş həddi
•Onlayn fəaliyyətin izlənilməsi
•Paylaşım qaydaları haqqında maarifləndirmə
•Məxfilik ayarlarının izahı
Bu qaydalar uşağın yaş və inkişaf səviyyəsinə uyğun şəkildə tətbiq edildikdə, onlar sosial mediaya daha məsuliyyətli yanaşırlar.
Onlara onlayn məxfiliyi öyrədin
Uşaqlara şəxsi məlumatların qorunmasının niyə vacib olduğunu izah etmək mütləqdir. Bu zaman güclü və unikal parollardan istifadə, ünvan, telefon nömrəsi kimi məlumatları paylaşmamaq, tanımadıqları şəxslərin sorğularını qəbul etməmək, paylaşımların daim internetdə qalacağını başa düşmək kimi məsələlərə xüsusi diqqət yetirilməlidir.
Nümunə olun
Valideynlər öz davranışları ilə uşaqlara ən yaxşı dərsi verirlər. Buna aşağıdakılar daxildir:
•Onlayn mədəni davranış
•Təhqirdən uzaq durmaq
•Məlumatları paylaşmazdan əvvəl yoxlamaq
•Sağlam ekran vaxtı tətbiq etmək
Uşaqlar valideynlərin davranışını imitasiya etdiyi üçün bu, çox təsirli yoldur.
Ekran vaxtını məhdudlaşdırın
Ekran vaxtı yaşa uyğun şəkildə tənzimlənməlidir. Kiçik yaşlarda daha az, böyüdükcə daha balanslı rejim qurmaq lazımdır. Bu, uşaqların fiziki aktivlikdən geri qalmamasına, yuxu rejiminin pozulmamasına, dstəkli sosial münasibətlər qurmasına kömək edir.
Rəqəmsal etiketi öyrədin
Bu, onlayn məkanda mədəni və hörmətli davranış qaydaları deməkdir:
•Düzgün dil və üslubdan istifadə
•Başqasının fikrinə hörmət
•Kibertəhqirdən uzaq durmaq
•Məlumat paylaşarkən mənbəni göstərmə
Uşaqlara bunları öyrətmək sağlam və təhlükəsiz onlayn münasibətlərin əsasını qoyur.
Tənqidi düşüncəni təşviq edin
Uşaqlara öyrədin ki, internetdə gördükləri hər məlumat doğru olmaya bilər. Onlar mənbənin etibarlılığını qiymətləndirməli, faktla fikri ayırd etməli, məlumatı təhlil etməyi bacarmalıdırlar. Bu bacarıqlar onları dezinformasiyadan qoruyur.
Sağlam onlayn dostluqlar qurmağı öyrədin
Valideynlər uşaqlara göstərməlidir ki, tanımadıqları adamlarla əlaqə risklidir. Şəxsi məlumat paylaşmaq olmaz, empatiya və hörmət sağlam münasibətin əsaslarıdır. Valideynlərin diqqətli müşahidəsi uşaq üçün təhlükəsiz onlayn mühit yaradır.
Fəaliyyətlərini hörmətlə izləyin
Nəzarət edərkən məqsədin “nəzarət etmək” deyil, “qorumaq” olduğu uşağa aydın şəkildə izah edilməlidir. Valideyn nəzarəti tətbiqləri, qurğuların ümumi yerlərdə istifadəsi, mütəmadi söhbətlər kimi üsullar həm təhlükəsizlik yaradır, həm də uşağın şəxsi sərhədlərinə hörmət edir.
Trendlər haqqında məlumatlı olun
Uşaqların istifadə etdiyi platformalar haqqında məlumatlı olmaq valideynlərin onlarla daha yaxşı əlaqə qurmasına şərait yaradır.
•Məşhur tətbiqləri araşdırmaq
•Onlayn valideyn qruplarına qoşulmaq
•Rəqəmsal trendlər barədə xəbərləri izləmək
Bu, valideynin uşağı daha real şəkildə dəstəkləməsinə imkan verir.
Unutmayın: Məqsəd məhdudlaşdırmaq deyil, gücləndirməkdir. Uşaqlarınıza etibar göstərmək, açıq ünsiyyət qurmaq və onlara düzgün qərarlar verməyi öyrətmək sosial mediadan sağlam istifadəni təmin edir.


