Sosial şəbəkələr uşaqlara ən çox təsir göstərən amillərdəndir – Deputat

17 Fevral, 2026 - 10:52
Sosial şəbəkələr uşaqlara ən çox təsir göstərən amillərdəndir – Deputat

“Sosial şəbəkələrdən gələn mənfi təsirlər uşaqlara ən çox təsir göstərən amillərdəndir. Təəssüf ki, bu sahədə hələ də həllini gözləyən məsələlər var”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.

Hicran Hüseynovanın sözlərinə görə, son dövrlərdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirilir: “Bizim əsas istəyimiz sağlam gələcəkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva çıxışlarında bu məsələyə dəfələrlə diqqət yetiriblər. Bu ölkəni gələcəkdə siz idarə edəcəksiniz. Ona görə də çox vacibdir ki, siz sağlam düşüncəli, bilikli və məsuliyyətli vətəndaşlar kimi formalaşasınız. Biz də öz növbəmizdə sizə dəstək olmağa, kömək göstərməyə və sizi qorumağa çalışacağıq”.

O, şagirdlərə müraciət edərək bildirib ki, onların əsas vəzifəsi oxumaq və sağlam düşüncəli olmaqdır: “Hazırda sizin əsas vəzifəniz oxumaq, özünüzü qorumaq, sağlam düşüncəli olmaq və gələcək barədə düşünməkdir: “Mən bu ölkəyə nə xeyir verə bilərəm?” İnsan təkcə öz gələcəyini deyil, Vətənə verə biləcəyi töhfəni də düşünməlidir. Bax, məhz o zaman daha güclü bir ölkənin şahidi olacağıq”.