"Spirit of Math" beynəlxalq riyaziyyat yarışmasının Azərbaycan seçim turu keçiriləcək

16 Fevral, 2026 - 16:10
"Spirit of Math" beynəlxalq riyaziyyat yarışmasının Azərbaycan seçim turu keçiriləcək

Kanadada uzun illərə dayanan akademik ənənəyə malik "Spirit of Math" beynəlxalq riyaziyyat yarışmasının Azərbaycan üzrə seçim mərhələsi 15 mart tarixində Bakı, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində təşkil olunacaq.

Yarışma 1–8-ci sinif şagirdlərini əhatə edir və iştirakçılara riyazi biliklərini beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır.

"Spirit of Math" proqramı 30 ildən artıqdır ki, riyaziyyatın inkişafı sahəsində Kanadada formalaşmış güclü akademik model əsasında fəaliyyət göstərir və bu gün dünyanın müxtəlif ölkələrində minlərlə şagirdi əhatə edən beynəlxalq platformaya çevrilib. Yarışma innovativ problem-həll yanaşması, analitik düşüncənin inkişafı və riyaziyyata marağın artırılması baxımından tanınır.

Bu yarışma çərçivəsində yüksək nəticə göstərən şagirdlər üçün beynəlxalq final mərhələsinə çıxış imkanı yaradılır. Cari ildə uğur qazanan iştirakçıların final mərhələsi Kanadada, Toronto Universitetində təşkil olunacaq. Bu isə şagirdlər üçün qlobal akademik mühitə inteqrasiya və beynəlxalq təcrübə qazanmaq baxımından mühüm fürsət hesab olunur.

Azərbaycan üzrə seçim mərhələsi Global Olympiad Center tərəfindən təşkil olunur. Əlavə məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: 050 224 51 40.

Təşkilatçılar bildirir ki, bu cür beynəlxalq akademik layihələr Azərbaycan şagirdlərinin qlobal elmi platformalara çıxışını genişləndirir, riyazi düşüncə və analitik bacarıqların inkişafına töhfə verir, eyni zamanda ölkənin beynəlxalq təhsil əlaqələrinin güclənməsinə xidmət edir.