Stolüstü tennislə məşğul olur, piano çalır, yaxşı oxuyur, amma pilot olacaq
70 oğlan və 50 qızın qatıldığı stolüstü tennis yarışlarının güclü komandalarından biri Şabran rayon Uşaq Gənclər Şahmat Məktəbinin stolüstü tennis komandasıdır.
Komandanın dilli-dilavər üzvü var. Elə bil dilotu yeyib. Dili varsa, dilçəyi də var. Həm dərslərini yaxşı oxuyur, həm də yaxşı tennis oynayır. Deyir vaxtını düzgün bölür, nəinki idmana və dərslərinə vaxt tapır, hətta musiqi məktəbinə də gedir.
Bu balaca qəhrəmanımızın adı Mehin Nurizadədir. Şabrandakı Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin VI sinif şagirdidir: “Tennislə yaxşı məşğul olmağa çalışıram. Dərslərimi də oxuyuram. Ən çox sevdiyim fənn riyaziyyatdır. Pianino da çalıram, Şabran rayon 1 nömrəli musiqi məktəbinə gedirəm”.
Bəs bu qədər işi bu balaca boyu, kiçik yaşı ilə necə çatdırır? Mehin deyir ki, istəyəndə hər şey eləmək mümkündür: “Bütün vaxtımı bölürəm, hər şeyə də vaxtım çatır. Məsələn, saat 8-də məktəbə gedirəm. Günorta 1-də məktəbdən qayıdıb yemək yeyir, tennislə məşğul olmağa gedirəm. 4-də isə musiqi məktəbinin vaxtıdır. Evə qayıtdıqdan sonra ev tapşırıqlarını yerinə yetirirəm. Yarım saat musiqi tapşırığımı yerinə yetirməyə kifayət edir. Əvvəlcə notlara baxıb əzbərləyirəm, sonra nota baxmadan çala bilirəm. Dərslərimi isə 1 saata öyrənirəm”.
Amma maraqlıdır ki, böyük xəyallar quran Mehinin hədəfi gələcəkdə nə yaxşı pianoçu, nə çempion tennisçi olmaqdır: “Hədəfim pilot olmaqdır. Çünki mən səyahət etmək istəyirəm. Bu barədə esselər də yazıram. Hətta özüm üçün kitab da yazmışam”.
Atasının yaxşı aşpaz, anasının isə musiqi müəllimi olduğunu deyən məktəbli tennisçinin özündən böyük bir qardaşı da var: “Qardaşımın adı Eldardır, onun 16 yaşı var. Tənbəl olsa da, zehinlidir. Riyaziyyat və məntiqi tapşırıqları həll etməkdə mənə kömək edir”.




