Su üzərində yaşadılan qədim türk sənəti: Naxçıvanda ebru dərsləri
Atın quyruq tükündən hazırlanan fırçalar, gül budağından saplaq, rəngi su üzərində saxlayan dana ödü, gəvəndən hazırlanan çitrə suyu, torpaqdan əmələ gələn rənglər...
Bütün bunlar bir çox oxucu üçün nəsə ifadə etməyə bilər. Amma sizə bunlardan istifadə edildiyi bir tədris proqramının olduğunu desəm, yəqin ki, maraqlı gələr. Söhbət Azərbaycanda ilk və yeganə olaraq Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) keçirilən ebru dərslərindən gedir.
“Azərbaycan müəllimi” bu dəfə yolunu instituta məhz bu dərsə görə salıb.
Praktiki dərsin ilk günü idi. Əslində, bu prosesi izləmək və iştirak etmək üçün öncədən hazırlıq lazımdır. NMİ-nin Təbiət və incəsənət fakültəsinin “Təsviri incəsənət müəllimliyi” ixtisasının 3-cü kurs tələbələrinə ebru sənətini öyrətmək üçün kafedranın baş müəllimi, dosent, sənətşünas Nizami Alıyev artıq hazırlığa başlamışdı. Hazırlıq isə belə başlayır...
Ebru sənətində istifadə olunan su adi su deyil. Yoğunlaşdırılmış, yəni çitrə ilə hazırlanmış sudur. Çitrə isə gəvən bitkisindən əldə olunur. Dağlarda “siçan gəvəni” kimi tanınan bu bitkinin gövdəsi çərtilir, şirəsi çıxır və quruyur. Bir gün sonra toplanan bu maddə suda isladılır və 72 saat ərzində həll olunur. Bəzi hallarda səhləbin kökündən də istifadə edilir, lakin gəvən daha sərfəli hesab olunur. Dünyada dəniz yosunundan hazırlanan variantlar və hazır kimyəvi məhlullar da mövcuddur. Amma klassik ebruda ən yaxşı nəticə məhz gəvəndən alınan çitrə ilə əldə edilir.
Otaqda qəribə bir qoxu duyulurdu. Nizami müəllim deyir ki, bu dana ödündən xüsusi hazırlanan təbii vasitənin qoxusudur. Rənglərin su üzərində qalması dana ödü ilə təmin olunur. Erkək dananın ödü qaynadılır ki, bakteriyalar məhv edilsin. Bununla belə, əlavə qoruyuculardan da istifadə edilir. Öd boyanı suyun səthində saxlayır. Əks halda rəng dibə çökər.
Stolun üstündə müxtəlif rənglər var. Onların hazırlanması isə ayrıca bir sənətdir. Torpaq uzun müddət əridilir, təmizlənir. Bəzən bir rəngin hazırlanması illər çəkir. Nizami müəllim deyir ki, Naxçıvanda da bu istiqamətdə təcrübələr aparıb: “Xaraba Gilan ətrafında və Ordubadın Ağrı kəndində olan qırmızı torpaqlardan istifadə etmişəm. Bu torpaq mərmərlə üyüdülərək pudra halına gətirilir. Əl ilə hiss olunmayacaq qədər incə olduqdan sonra öd ilə qarışdırılır və istifadə olunacaq vəziyyətə gətirilir. Bəzən bunun üçün illərlə gözləmək lazım gəlir ki, bəzən bu 20 il belə şəkə bilər”.
Ebru sənəti Azərbaycanda ilk dəfə məhz burada tədris olunur. Dərslər 2007-ci ildən, institutda “Təsviri incəsənət müəllimliyi” ixtisası açıldıqdan sonra başlayıb. Nizami Alıyev bu sahədə proqramı hazırlayan ilk müəllimlərdəndir. O, daha əvvəl 2001-ci ildə Naxçıvan Dövlət Universitetində də bu sənəti tədris edib. Bu fənnin tədris olunmasında əsas məqsədə gəlincə isə, müəllim deyir ki, məqsəd yalnız texniki bacarıqların öyrədilməsi deyil, tələbələrin estetik zövqünün formalaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsidir: “Bu gün institutda ebru ayrıca fənn kimi tədris olunur. Tələbələr əvvəlcə rəsm və rəngkarlıq üzrə baza bilikləri əldə edir, daha sonra su üzərində işləməyə başlayırlar. Ona görə də 3-cü kursda bu fənn tədris olunur”.
Dərslərdə klassik üslub əsas götürülsə də, yeniliklərə də yer verilir. Nizami Alıyev tərəfindən “Naxçıvan ebrusu” adlı yeni bir üslub yaradılıb. Bu üslub qumlu-qılçıqlı texnikaya əsaslanır və yerli xüsusiyyətləri özündə əks etdirir.
Diqqətimizi otaqda şəkillərin üstünə ebru işlənən əsərlər cəlb edir. Nziami müəllim deyir ki, biz burada yenilik etmişik: “Ebrular üzərində Naxçıvanın fauna və florasında olan bitki və heyvan təsvirlərini ebru vasitəsi ilə təbliğ etməyə çalışıram. Bu il “Şəhərsalma və memarlıq İli” olduğuna görə mövzular əsasən memarlıq abidələrinə həsr olunacaq. Səkkiz tələbə öz rayonlarına məxsus tarixi abidələri ebru əsərlərində canlandıracaq”.
Ebru sənətinə maraq böyükdür. Bununla belə, müəllim qeyd edir ki, bu sahədə saxta üsullara da rast gəlinir. Bəzi hallarda hazır işlər təqdim olunur. Halbuki klassik ebru tamamilə əl əməyinə və təbii materiallara əsaslanır. Onun yolunu davam etdirən tələbələri də var. “Həmişə onlara dəstək olmağa çalışıram”,- deyir müəllim.
Tələbələr də bu sənətə böyük həvəslə yanaşırlar. NMİ-nin III kurs tələbəsi Səkinə İbrahimova deyir ki, dərslikdə öyrəndiyi ebrunu praktikada görmək onun üçün maraqlı olub: “Bu gün ilk dəfə praktiki dərsimiz oldu. Müəllimimiz prosesi ətraflı izah etdi. İlk gün olsa da, artıq sərbəst işləyə bilirəm. Gələcəkdə bunu hobbi kimi davam etdirmək və şagirdlərimə öyrətmək istəyirəm”.
Digər tələbə Nuray Abbasova isə bildirir ki, ebru həm maraqlı, həm də çətin sənətdir: “Bu sənət bizim üçün yenidir. Proses çətin olsa da, çox maraqlıdır. Gələcəkdə müəllim kimi fəaliyyət göstərsəm, mütləq şagirdlərimə də öyrədərəm”.
Tələbələrin hazırladığı ebrular muxtar respublikada keçirilən müxtəlif sərgiləri də bəzəyir. Elə bu il də, kursun sonunda tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunacaq. Çünki bu sərgilər həm tələbələrin əməyinə verilən dəyər, həm də ebru sənətinin təbliği baxımından əhəmiyyətlidir.
Ebru sənəti yalnız yerli mühitdə deyil, beynəlxalq səviyyədə də təqdim olunur. Bu istiqamətdə Nizami müəllimin hazırladığı əsərlər ABŞ-də Ford Xatirə Kitabxanasında, Perdue Universitetində, eləcə də müxtəlif beynəlxalq sərgi və konfranslarda nümayiş etdirilib.
Ebru sənəti qədim türk sənəti hesab olunur. İlk nümunələri VII əsrdə uyğur türklərində qeydə alınıb. Əvvəlcə bəzək kağızı kimi istifadə olunan ebru sonradan müqəddəs kitabların – xüsusilə “Qurani-Kərim”in səhifələrinin bəzədilməsində tətbiq olunub. Orta əsrlərdə isə Təbriz miniatür məktəbində bu sənətdən geniş istifadə edilib.
Beləliklə, suyun üzərində rənglərin rəqsi kimi yaranan ebru sənəti Naxçıvanda yalnız öyrədilmir, həm də yaşadılır və gələcək nəsillərə də ötürülür.



