“Suallar orta səviyyədə idi” – sertifikasiyada maksimum nəticə göstərən müəllim
Müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərən pedaqoqlar sırasında Tovuz rayonu Dondar Quşçu kənd tam orta ümumtəhsil məktəbinin və Zabit Məmmədov adına Sarıtala kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Mirzəyeva Şərabanı İmran qızı da yer alır. Yeddi illik pedaqoji fəaliyyətə malik olan müəllim sertifikasiya imtahanında maksimum nəticə əldə edərək peşəkarlığını bir daha nümayiş etdirib.
Şərabanı müəllim bildirir ki, nəticəni öyrəndiyi ilk anlarda böyük həyəcan keçirib: “İlk reaksiyam həyəcanlı olmaq oldu. Hətta bir müddət nəticəyə inanmadım”.
O, uğurun əsas sirrini belə izah edir: “Bu nəticəni əldə etmək üçün sistemli şəkildə hər gün oxumağa çalışırdım”. Dərs yükü ilə hazırlıq prosesini uzlaşdırmaq da onun üçün problem yaratmayıb.
İmtahan prosesinin nisbətən çətin olduğunu deyir: “Yadımda qalmayıb, amma çətin gələn kurikulumla bağlı bəzi suallar var idi”.
Sertifikasiya imtahanı zamanı ciddi çətinliklə qarşılaşmadığını vurğulayır: “Heç nə narahat etmədi, bir az həyəcan var idi, o qədər. Suallar orta səviyyədə idi”.
Şərabanı müəllim sertifikasiya nəticəsinin onun gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə inanır: “Çox yaxşı, mənim üçün bir motivasiya idi”.




