Sumqayıt məktəblisi turnirin qalibi oldu

10 Mart, 2026 - 10:16
Sumqayıt məktəblisi turnirin qalibi oldu

Sumqayıt şəhər 34 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi, Vətən Müharibəsi şəhidi Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva cüdo üzrə növbəti uğura imza atıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 8 Mart tarixində U-17 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının II turunda qızların -44 kq çəki dərəcəsində iştirak edən Ləman Niftəliyeva bütün rəqiblərini üstələyib və I yerə layiq görülüb. Ləman Niftəliyeva Sumqayıt şəhər 2 nömrəli UGİŞM-in yetirməsidir.

Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komanda üçün perspektivli idmançıların müəyyənləşdirilməsi, sağlam idman bazasının formalaşdırılmasıdır. 

Turnirin iki turunun yekun reytinqində hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaqlar.