Fuad Qarayev: 1 həftəlik düşünmə haradansa köçürməkdən daha çox öyrədir
“Aydın məsələdir ki, süni intellektdən düzgün istifadə etməklə bir çox işlərimizi asanlaşdıra bilərik. Elə olimpiadalara hazırlaşan uşaqlar da müəyyən problemlərlə üzləşdikdə və yaxud hər hansı məsələni həll edə bilmədikdə süni intellekt vasitəsi ilə həll yollarını axtara bilərlər. Amma bir sualı 1 həftə oturub fikirləşmək, onun həllini axtarmaq daha çox şey qazandırır, nəinki 2 saat düşünüb onun həllini hardansa baxıb öyrənmək. Ona görə burada müəyyən balansı qorumaqda fayda var”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində deyib.
O bildirib ki, müasir dövrdə öyrənmə resursları çoxdur. Daha yaxşı, fərqli, ətraflı bilik və bacarıq əldə etmək üçün istər şagirdlər, istərsə də müəllimlər üçün geniş imkanlar mövcuddur: “İndi süni intellekt dövrüdür. Müasir dünyanın çağırışlarına hazır olmaq lazımdır. Çox gözəl fikir var ki, ağıllı insan ələ düşən fürsətləri istifadə edən insandır. Və uğurlu insan dövrün övladı ola bilən insandır. Amma diqqət edilməsi vacib olan məsələ budur ki, bilik kirliliyinin formalaşmamasıdır. Ona görə hər bir şagirdimizin müəyyən bir “ələyi” olmalıdır. Bu ələkdən hansı materiallar keçməlidirsə, burada müəllimləri və valideynləri həmin uşaqlara dəstək olmalıdırlar ki, onlar daha düzgün seçim edərək, daha düzgün materiallara çıxış əldə etsinlər və daha sistemli öyrənə bilsinlər”.


