"Süni intellekt maliyyə və iqtisadiyyat sahəsində ciddi dəyişikliklər yaradacaq” – DP qalibi
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın 2026-ci il üzrə qalibi olan Sona Nadirova magistratura təhsilini Mançester Universitetində “Maliyyə iqtisadiyyatı” (“MSc Financial Economics”) ixtisası üzrə alacaq.
“Azərbaycan müəllimi” Dövlət Proqramının qalibi ilə həmsöhbət olub.
“Universitet çox vacib bir baza yaradır”
Sona Nadirova orta təhsilini Sumqayıt şəhəri Yusif Məmmədliyev adına 31 nömrəli tam orta məktəbdə alıb. Həm 9, həm də 11 illik təhsilini fərqlənmə attestatı ilə başa vuran gənc ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 601 bal toplayıb.
2025-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində tədrisi ingilis dilində aparılan “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsilini uğurla başa vurub.
Sonanın sözlərinə görə, təhsil yolunda əldə olunan nəticələr yalnız istedadla deyil, ilk növbədə davamlı zəhmətlə mümkün olub: “Mən davamlı zəhməti daha vacib hesab edirəm. Təbii ki, istedad müəyyən üstünlük verə bilər, amma insan onu inkişaf etdirmirsə, təkbaşına kifayət etmir.Şəxsi təcrübəm göstərir ki, uzun müddət ardıcıl şəkildə işləmək və çətinlik qarşısında davamlılıq nəticə əldə etmək üçün ən vacib amillərdən biridir”.
Universitet illəri Sona Nadirova üçün yalnız yüksək qiymətlər əldə etmək mərhələsi olmayıb. O, bu dövrdə akademik biliklərin müasir əmək bazarında uğur qazanmaq üçün təkbaşına kifayət etmədiyini düşünərək müxtəlif proqramlarda, könüllülük layihələrində və təcrübə fəaliyyətlərində iştirak edib.
Sona bildirir ki, universitet nəzəri biliklər üçün mühüm baza olsa da, insanın gələcəkdə hansı istiqamətdə inkişaf etmək istədiyini müəyyənləşdirməsində praktiki təcrübənin xüsusi rolu var: “Məncə, universitet çox vacib bir baza yaradır, Universitet mənə nəzəri biliklər qazandırıb, amma hansı istiqamətdə inkişaf etmək istədiyimi müxtəlif təcrübələr və iş həyatında daha yaxşı anlamışam. Bank, maliyyə və digər sahələrdə qazandığım təcrübələr mənə real iş mühitini görməyə və öz maraqlarımı daha dəqiq müəyyənləşdirməyə kömək edib”.
Sona Nadirovanın Böyük Britaniyada təhsil almaq arzusu isə daha erkən yaşlardan formalaşıb. Atası ingilis dili müəllimi olan Sona uşaqlıq illərindən İngiltərə, Şotlandiya və ümumilikdə Böyük Britaniya haqqında müxtəlif hekayələr eşidib. Atasının arzusu və uşaqlıqdan formalaşan bu maraq zamanla Sona Nadirovanın konkret məqsədinə çevrilib. İndi isə o, Dövlət Proqramının qalibi kimi həmin ölkədə magistratura təhsili almağa hazırlaşır.
Gənc məzun qarşıdakı mərhələyə yalnız akademik uğur kimi baxmır: “Düşünürəm ki, insan belə bir mərhələyə heç vaxt yüz faiz hazır olmur. Mən həm çox həyəcanlıyam, həm də müəyyən qədər narahatam. Çünki bu, mənim üçün sadəcə yeni universitet deyil, eyni zamanda ilk dəfə uzun müddət ailəmdən uzaqda və tamamilə fərqli bir mühitdə yaşamaq deməkdir”.
Bununla belə, o, qarşıdakı dəyişiklikləri daha çox inkişaf üçün yeni imkan kimi qiymətləndirir: “Bunu daha çox özümü sınayacağım, müstəqil olacağım və inkişaf edəcəyim yeni bir mərhələ kimi görürəm”.
İnsan öz dəyərlərini harada olursa-olsun, özü ilə aparır
Ailəyə bağlılıq Sona Nadirovanın həyatında xüsusi yer tutur. Xaricdə təhsil almağa hazırlaşsa da, onun fikrincə, insanı formalaşdıran əsas dəyərlər coğrafiyadan asılı deyil: “Mənim üçün ailəyə bağlılıq, zəhmətkeşlik və qarşıma qoyduğum məqsədlərə məsuliyyətlə yanaşmaq çox vacibdir. Düşünürəm ki, insan harada yaşamasından asılı olmayaraq, onu formalaşdıran əsas dəyərləri özü ilə aparır”.
O, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağın həm böyük imkan, həm də ciddi məsuliyyət olduğunu vurğulayır: “Mənə verilən imkanın məsuliyyətini də dərk edirəm və Dövlət Proqramı ilə təhsil almağı gələcəkdə ölkəmə fayda vermək üçün böyük bir fürsət kimi görürəm”.
“Seçdiyimiz sahənin əmək bazarındakı imkanları və gələcək perspektivləri də araşdırmalıdır”
Sona Nadirovanın fikrincə, müasir dövrdə gənclərin qarşısında duran ən vacib seçimlərdən biri də düzgün ixtisas müəyyənləşdirməkdir:“Məncə, ən böyük səhvlərdən biri ixtisası yalnız onun populyarlığına və ya gələcək maaşa görə seçməkdir. Digər tərəfdən, yalnız şəxsi marağa əsaslanıb əmək bazarını tamamilə nəzərə almamaq da düzgün deyil”.
Onun fikrincə, düzgün seçim insanın maraqları, şəxsi bacarıqları və gələcək əmək bazarının tələbləri arasında qurulan balansdan keçir.
Sona Nadirova qeyd edir ki, insan uzunmüddətli perspektivdə maraq göstərmədiyi sahədə özünü inkişaf etdirməkdə çətinlik çəkə bilər: “İnsan öz maraqlarını və güclü tərəflərini nəzərə almalıdır. Amma eyni zamanda seçdiyi sahənin əmək bazarındakı imkanlarını və gələcək perspektivlərini də araşdırmalıdır. Məncə, ən yaxşı seçim bu ikisinin kəsişdiyi nöqtədə olur”.
“Qazandığım bilik və təcrübəni Azərbaycanda tətbiq etmək istəyirəm”
Xaricdə təhsil almaq çox zaman uğurlu karyeranın əsas göstəricilərindən biri kimi qəbul edilir. Lakin Sona Nadirova bu fikirlə tam razılaşmır: “Mən xaricdə təhsili uğurlu karyeranın əsas şərti yox, böyük imkanlarından biri hesab edirəm. Xaricdə təhsil insana fərqli akademik mühit, yeni əlaqələr və daha geniş dünyagörüşü qazandıra bilər. Amma nəticədə ən vacib məsələ insanın həmin imkanlardan və qazandığı biliklərdən necə istifadə etməsidir”.
Gələcəyin əmək bazarını formalaşdıran əsas amillərdən biri də süni intellekt və yeni texnologiyalardır. Maliyyə və iqtisadiyyat sahəsində təhsilini davam etdirməyə hazırlaşan Sona Nadirova bu dəyişikliklərin gələcəkdə daha da sürətlənəcəyini düşünür: “Düşünürəm ki, süni intellekt maliyyə və iqtisadiyyat sahəsində ciddi dəyişikliklər yaradacaq. Xüsusilə məlumatların təhlili, proqnozlaşdırma və rutin proseslərdə texnologiyaların rolu daha da artacaq”.
Bununla belə, o, texnologiyanın insan faktorunu tamamilə əvəz edəcəyini düşünmür: “Mən insan faktorunun tamamilə aradan qalxacağını düşünmürəm. Əksinə, gələcəkdə həm öz sahəsini yaxşı bilən, həm də yeni texnologiyalardan düzgün istifadə edə bilən mütəxəssislər daha üstün mövqedə olacaqlar”.
Sona Nadirovanın uzunmüddətli hədəfləri isə əldə edəcəyi bilik və beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməklə bağlıdır: “Uzunmüddətli perspektivdə qazandığım bilik və təcrübəni Azərbaycanda tətbiq etmək istəyirəm. Məqsədlərimdən biri Azərbaycanın iqtisadi şaxələndirilməsinə və xüsusilə qeyri-neft sektorunun inkişafına öz töhfəmi verməkdir”.




