“Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda elmi konfrans keçirilib
NDU-da “Süni intellekt: nəzəriyyədən praktikaya” III beynəlxalq elmi konfrans keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, konfransdan öncə universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin innovativ və texnoloji layihələrdən ibarət sərgisinə baxış olub. Sərgidə ağıllı günəş paneli, avtopark, təhlükəsiz piyada keçidi, ağıllı şəhər, hava çirklənmə kamerası, avtomobilin avtomatik işıq sistemi, sıfır tullantılı ekoloji şəhər, dağ yollarında təhlükəsizlik sistemi, zavod emissiyalarının azaldılması kimi 30-dan çox layihə nümayiş olunub.
Beynəlxalq elmi tədbir Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Milli Süni İntellekt Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Mühəndislik Universiteti, İstanbul Universiteti, İstanbul Texniki Universiteti, Qaradəniz Texniki Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Cənub Universiteti, Gümüşhane Universiteti və Ağrı İbrahim Çeçen Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçıları salamlayaraq qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr dayanır.
Rektor universitetdə gələcəkdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğunu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Həmçinin bildirilib ki, ilin sonunadək İBM Mərkəzinin yeni ofisinin istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, ilkin alqoritmlər, proqramlaşdırma modelləri və süni intellekt anlayışları ilə müxtəlif yaş qrupları mərhələli şəkildə tanış olmalıdır. Onun sözlərinə görə, 6–10 yaş, 11–17 yaş və 17 yaşdan sonrakı universitet dövrü üzrə fərqli yanaşmalar müəyyənləşdirilməli, hər yaş dövründə gənclərin hansı süni intellekt bilik və bacarıqlarına yiyələnməli olduqları aydın şəkildə izah olunmalıdır.
Konfransda çıxış edən Milli Süni İntellekt Mərkəzinin təhsil eksperti Şəhriyar Məmmədli süni intellektin təhsil sistemində tətbiqi, rəqəmsal bacarıqların inkişafı və innovativ yanaşmaların əhəmiyyətindən danışıb.
AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Bakı Mühəndislik Universitetinin professoru Vaqif Qasımov, Türkiyənin İstanbul Universiteti – Cərrahpaşanın Tibb fakültəsinin professoru Mehmet Üzel, Rusiyanın “Cənub” Universitetinin rektoru, professor İmran Əkbərov, İstanbul Texniki Universitetinin professoru Dərya Özər Güleç və digərləri məruzə ilə çıxış ediblər.
Natiqlər konfransı süni intellektin nəzəri və texniki aspektləri üzrə elmi fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi dəyərləndiriblər. Çıxışlarda universitetdə innovativ və intellektual yönümlü təşəbbüslərə geniş dəstək göstərilməsi, bu istiqamətdə keçirilən tədbirlərin elm və təhsil mühitinə mühüm töhfə verməsi vurğulanıb
Konfransın sonunda rektor tərəfindən iştirakçılara plaket və təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, konfrans növbəti gün öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclasları Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən elm və təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 4 salonda, 12 istiqamət üzrə baş tutub. 21 bölmə üzrə keçirilən panellərdə respublikamızdan və xaricdən qatılan 34 elm-təhsil müəssisəsindən 264 əməkdaşın 148 məruzəsi təqdim olunub. Eyni zamanda tələbə bölməsində 82 tələbənin 38 məruzəsi dinlənilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



