Müəllimlik həyatımın bir hissəsi yox, özüdür - Sərhəd bölgəsində dərs deyən müəllim
Naxçıvan MR Sədərək rayonunun ucqar və sərhəd kəndlərindən biri olan Sədərək kənd 1 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Vəfa Həsənova uzun illərdir pedaqoji sahədə öz peşəkarlığı və fədakarlığı ilə seçilir. Onun şagirdlərə verdiyi təhsil keyfiyyəti və yaradıcı yanaşması ilə diqqət çəkib, 2010-cu ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olub. O, eyni zamanda 2021-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülüb.
“Azərbaycan müəllimi” bu müsahibədə onun pedaqoji yolu və iş təcrübəsi barədə söhbətləşib.
- Maraqldır, nə üçün müəllimliyi seçdiniz?
- Məncə, insan bəzi yolları seçmir, o yollar insanı seçir. Mənim yolum da sözün içindən keçdi. Uşaqlıqda kitab oxuyanda elə bilirdim ki, dünya daha sakit, daha anlamlı olur. Bəzən bir şeir insanın deməyə cəsarət etmədiyini onun əvəzinə deyirdi. O hiss məni buraxmadı. Sonra düşündüm ki, bu duyğunu tək yaşamaq yox, paylaşmaq lazımdır. Müəllimliyi seçməyim də buradan başladı – sözün gücünə inandığım üçün..
- Azərbaycan dili və ədəbiyyat müəllimi olmağa sizi nə ilhamlandırdı?
- Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq mənim üçün sadəcə peşə seçimi deyildi, bu, sözə olan sevgimin məni apardığı bir yol idi. Uşaqlıqdan kitabların sətirləri arasında özümü tapırdım. Hər oxuduğum hekayə, hər şeir sanki ruhuma bir işıq salırdı. O işığı başqalarına da ötürmək istəyi məni müəllimliyə gətirdi.
- Universiteti bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlamağınız necə oldu?
- 1997-ci ildə universiteti bitirib ilk dəfə məktəbin qapısından müəllim kimi daxil olanda ürəyimdə həm həyəcan, həm də böyük məsuliyyət vardı. Sədərək məktəbi isə mənim üçün sadəcə bir təyinat yox, taleyin verdiyi bir ünvan oldu. Sərhəd bölgəsində dərs demək mənə vətənin ən həssas nöqtəsində bir çıraq yandırmaq kimi gəlirdi.
- 29 illik pedaqoji fəaliyyətinizdə ən yaddaqalan anlar hansılardır?
- 29 ilin yaddaşı isə bir kitab kimi vərəqlənir gözlərimin önündə. Bir şagirdin uğur xəbəri, bir başqasının “müəllim, sizə borcluyam” deməsi, bunlar mənim üçün ən böyük mükafatdır. Məni bu yolda saxlayan da elə həmin səmimi sözlər, o baxışlardakı minnətdarlıqdır.
- Müəllimlik fəaliyyətinizdə qarşılaşdığınız əsas çətinliklər nələr olub?
- Əlbəttə, bu yol həmişə hamar olmayıb. Bəzən çətinliklər, bəzən ümidsizlik anları olub. Amma hər dəfə sinif otağına daxil olanda şagirdlərin ümid dolu baxışları bütün yorğunluğu unutdurub.
- Müasir dövrdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatı sevdirmək üçün hansı üsullardan istifadə edirsiniz?
- Müasir dövrdə uşaqların diqqətini qazanmaq əvvəlkindən daha çətindir. Ona görə dərslərimi canlı, maraqlı etməyə çalışıram. Ədəbiyyatı onların həyatına yaxınlaşdıranda, qəhrəmanlarda özlərini görəndə dərs onlar üçün yük yox, marağa çevrilir.
- “Ən yaxşı müəllim” müsabiqəsində qalib olmaq və “Əməkdar müəllim” adına layiq görülmək həyatınıza və fəaliyyətinizə necə təsir etdi?
-“Ən yaxşı müəllim” adını qazanmaq mənim üçün sadəcə bir uğur deyil, bu yolun doğru olduğunu təsdiqləyən bir işarə idi. “Əməkdar müəllim” adı isə çiyinlərimə daha böyük məsuliyyət qoydu, sanki mənə deyildi ki, artıq təkcə özün üçün yox, başqalarına da yol göstərməlisən.
- Sizcə, yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
- Yaxşı müəllim dərsi izah edən yox, şagirdi anlayandır. Bəzən susmağı, bəzən dinləməyi bacarmalıdır. Ən əsası isə şagirdə “sən bacararsan” hissini verən insandır.
- Şagirdlərlə münasibətdə ən çox nəyə diqqət yetirirsiniz?
- Həmişə onları anlamağa çalışıram. Çünki hər bir uşaq ayrı bir dünyadır. O dünyaya açar tapmaq isə müəllimin ən böyük bacarığıdır. Zaman dəyişdikcə şagirdlər də dəyişir. Onlar daha sərbəst düşünür, daha çox sual verirlər. Bu isə müəllimi daim yenilənməyə məcbur edir.
- Şagirdlərin təhsilə marağını artırmaq və kitab oxumağa həvəsləndirmək üçün hansı üsullardan istifadə edirsiniz?
- Kitab sevgisini aşılamaq üçün çalışıram ki, oxumağı bir məcburiyyət yox, bir zövqə çevirim. Çünki kitabı sevən insan həyatı daha dərindən anlayır.
- Sərhəd bölgəsində dərs demək sizin üçün nə kimi fərqliliklər yaradır?
- Burada hər şey bir az daha həssasdır. Şagirdlərin gözündə həm sadəlik, həm də möhkəmlik var. Onlara dərs demək sanki torpağa toxunmaq kimidir, daha canlı, daha real.
- Bu ərazidə şagirdlərlə işləməyin çətinlikləri və üstünlükləri nələrdir?
- Çətinliklər var, imkan, bəzən şərait baxımından. Amma üstünlükləri daha çoxdur. Burada şagirdlər daha səmimidir, daha istiqanlıdırlar. Onların “müəllim” deməsində başqa bir istilik var.
- Müəllimlikdən heç yorulduğunuz və ya peşəni dəyişməyi düşündüyünüz anlar olubmu?
- Bəzən yorulduğum anlar olub, amma heç vaxt bu yolu tərk etməyi düşünməmişəm. Çünki müəllimlik mənim həyatımın bir hissəsi yox, özüdür.
- Gənc müəllimlərə hansı tövsiyələri verərdiniz?
- Gənc müəllimlərə deyərdim ki, bu peşəni seçirsinizsə, onu sevin. Çünki sevgisiz müəllimlik sadəcə işdir, amma sevgi ilə o, sənətə çevrilir. Gələcəkdə təhsildə daha çox yenilik, daha çox dəyər və müəllim əməyinə daha böyük hörmət görmək istərdim.
- Özünüzdən sonra necə bir pedaqoji irs qoymaq istərdiniz?
- Özümdən sonra isə bir iz qoymaq istəyirəm, kitabı sevən, düşünən, vətənini tanıyan bir nəsil. Əgər bunu bacarmışamsa, demək ki, ömrüm hədər keçməyib.



