“Yaxşı ki, gəldik ” - Bakıdan Siyaquta, Salyandan Xursa təyinat alan müəllimlər
Biri Bakıdan Şərurun Siyaqut kəndinə, digəri Salyandan Ordubadın dağ kəndi Xursa üz tutub. Onlar fərqli şəhərlərdən Naxşıvana eyni məqsəd - ucqar kənd məktəblərində şagirdlərə bilik vermək, onların təhsilinə töhfə vermək üçün gəliblər. MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanından keçərək təyinat alan gənc müəllimlər üçün bu məktəblər təkcə yeni iş yeri deyil, həm də yeni həyat və peşə təcrübəsinin başlanğıcıdır.
“Azərbaycan müəllimi” kilometrlərlə yol qət edib fərqli mühitə uyğunlaşmalı olan gənc müəllimlərlə söhbətləşib.
“Kənd məktəbində işləmək fərqli bir seçim idi”
Şərur rayonunun Siyaqut kənd tam orta məktəbinə təyinat alan ingilis dili müəllim Ayşən Məhərrəmova 2003-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisasına qəbul olaraq, 2024-cü ildə həmin universiteti bitirib. 2025-ci ildə müddətli müqavilə ilə Bakı şəhərində müəllim kimi işləsə, bu il MİQ-də uğur qazandıqdan sonra təyinatı Siyaqut kənd məktəbinə olub. Deyir ki, ingilis dili müəllimi olmaq istəyi onda uşaqlıqdan yaranıb: “Uşaqlıq illərindən ingilis dilinə xüsusi marağım olub və gələcəkdə müəllim olmaq istəmişəm. Məktəb illərində bu marağım daha da artdı və universitetdə məhz bu ixtisası seçdim.
Bakıdan Naxçıvana və xüsusilə kənd məktəbinə gəlmək onun üçün yeni bir təcrübə olub. Amma “bunu həm peşəkar, həm də şəxsi inkişafım üçün yaxşı bir fürsət kimi qəbul etdim”, - deyir.
Əvvəllcədən Siyaqut kəndi haqqında çox geniş məlumatı olmasa da, kəndi və məktəbi gəlib gördükdən sonra daha yaxından tanımağa başlayıb. Deyir ki, ilk vaxtlar burada işləmək qərarına gələndə müəyyən tərəddüdləri olub:“Çünki Bakıda böyümüşəm və şəhər həyatına öyrəşmişəm. Yeni mühit, yeni insanlar və kənd həyatı mənim üçün fərqli idi. Amma düşünürəm ki, müəllim üçün əsas məsələ harada işləməsindən çox, öz işinə necə yanaşmasıdır. Ona görə tərəddüdlərimi arxada qoyub bu təcrübəyə açıq yanaşmağa qərar verdim.
Burada ilk günlərdə hər şey mənim üçün bir qədər fərqli idi. Amma gözlədiyimdən daha rahat uyğunlaşdım. Hazırda Şərurda, Alışar kəndində qalıram. İnsanların münasibəti də xoşuma gəldi. Xüsusilə kənd mühitində insanların bir-birinə qarşı səmimi və diqqətli münasibətini hiss etmək mümkündür. Bu da uyğunlaşmağımı asanlaşdırdı”.
Verdiyi qərar ailəsi üçün də gözlənilməz olub: “Kənd məktəbində işləmək fərqli bir seçim idi. Təbii ki, mənə görə narahat oldular. Amma qərarımda ciddi olduğumu gördükdən sonra dəstək oldular”.
Ayşən müəllimin şagirdlərlə ilk görüşü isə çox maraqlı və bir qədər həyəcanlı keçib: “Onları tanımağa çalışırdım. İlk dərslərdə əsas məqsədim şagirdlərlə ünsiyyət qurmaq və onların maraqlarını, səviyyələrini və ehtiyaclarını öyrənmək oldu. Şagirdlərin məndə yaratdığı ilk təəssürat müsbət oldu. Onlarda maraq və öyrənmək istəyi gördüm. Düşünürəm ki, müəllimlə şagird arasında yaxşı münasibət olduqda dərslər də rahat və maraqlı keçir.Məncə, həm kənd, həm də şəhər məktəbinin öz üstün və çətin tərəfləri var. Əsas məsələ insanın hansı məktəbdə işləməyindən daha çox, həmin mühitin imkanlarından düzgün istifadə etməsidir.
Məni burada işləməyə ən çox həvəsləndirən şey şagirdlərdə dəyişiklikləri və inkişafı görməkdir. Onların təhsilində və inkişafında müəyyən qədər rolumun olduğunu hiss etmək və əməyimin nəticəsini görmək məni çox xoşbəxt edir. Burada işləməyimin mənim üçün bir tərəfi də odur ki, öz bilik və təcrübəmi fərqli bir mühitdə paylaşa bilirəm. Şagirdlərin inkişafına kiçik də olsa, töhfə vermək və onların qarşısında yeni imkanlar açmaq mənim üçün böyük motivasiyadır”.
Uzaq kənd məktəbində müəllimə ehtiyac olduğunu bilmək isə onda daha böyük məsuliyyət hissi yaradıb. Çünki burada gördüyü işin şagirdlərin gələcəyinə müəyyən təsiri olduğunun fərqindədir: “Şagirdlərin səmimi münasibəti, dərsdə fəal iştirak etmələri və öyrənməyə həvəs göstərmələri mənə “yaxşı ki, bura gəlmişəm” hissini yaşadır. Xüsusilə bir şagirdin əvvəl çətinlik çəkdiyi mövzunu sonradan başa düşməsi mənim üçün çox dəyərlidir. Belə anlarda düşünürəm ki, bura gəlmək və bu şagirdlərlə işləmək həqiqətən də mənim üçün gözəl bir təcrübədir.Burada işləməyin mənə müəllim kimi çox şey qazandıracağını düşünürəm. Fərqli səviyyələrdə və xarakterlərdə olan şagirdlərlə işləmək mənə hər bir şagirdə uyğun yanaşma tapmağı öyrədəcək. Eyni zamanda, dərslərimi daha yaradıcı qurmağa və özümü daim inkişaf etdirməyə çalışacağam.
Ən böyük məqsədim şagirdlərimin ingilis dilinə olan marağını artırmaqdır. Eyni zamanda, öz üzərimdə işləmək və gələcəkdə daha təcrübəli müəllim olmaq istəyirəm.
Mənim üçün Siyaqutda işləmək yeni bir başlanğıcdır. Burada şagirdlərimə nəsə öyrətməklə yanaşı, onlardan da çox şey öyrənəcəyimi düşünürəm. İnanıram ki, illər sonra geriyə baxanda bu qərarımı xatırlayıb “yaxşı ki, gəlmişdim” deyə biləcəyəm”.
“Bura gəlməyə qətiyyən tərəddüd etmədim, çünki fikrim dəqiq idi”
Digər müsahibimiz Ordubad rayon Xurs kənd tam orta məktəbinə təyinat alan tarix müəllimi Əhməd Hüseynli isə 2003-cü ildə Salyan rayonunda anadan olub. Orta təhsilini Salyan rayon Əliağa Kürçaylı adına 7 nömrəli tam orta məktəbdə alıb. 2020-ci ildə BDU-nun “Tarix müəllimliyi” ixtisasına qəbul olub. Həmkarı kimi o da MİQ imtahanından keçərək bura təyinat alıb.
Deyir ki, müəllim olmaq qərarını hərbi xidməti bitirdikdən sonra verib. Düşünüb ki, insanlara yeni nəsə öyrədəndə özünü çox rahat və xoşbəxt hiss edir. Salyandan Ordubada gəlməyinin əsas məqsədi isə ucqar kənddə, həqiqətən, təhsilə ehtiyacı olan gənclərə nəsə öyrətmək olub.Həmin düşüncə ilə də yola çıxıb: “Bu məktəbi seçəndə buranın dağ kəndi olduğunu və təbiətinin soyuq olduğunu bilirdim.Qətiyyən tərəddüd etmədim, çünki fikrim dəqiq idi.
İlk öncə buralar mənə çox qəribə gəldi. Çünki mən aran bölgəsində olmuşam deyə bu qədər yüksək dağlarda yaşamağı heç fikirləşməmişdim. Amma həm Ordubad camaatı, həm də kənd sakinləri məni o qədər xoş qarşıladılar, çox yaxşı davrandılar ki, tez adaptasiya oldum”.
Deyir ki, Salyanla Xurs arasındakı fərq sadəcə yaxınlarından bir qədər kənarda qalmağıdır: “Ailəm gəlməyimə bir az etiraz etsə də, onları razı salmağı bacardım. Çünki, fikrim qəti idi”.
Əhməd müəllim dərslərin yeni başlamasına baxmayaraq şagirdlərə maraqlı olması üçün dərsləri müxtəlif formalarda keçəcəyimi planlaşdırıb: “Xursdakı şagirdlər öyrənməyə həvəslidirlər. Tarix dərsini çox maraqla izləyir və suallar verirlər”.
Dağ kəndində müəllim olmaq onun üçün səfalı yerdə bir az şəhərin səs-küyündən uzaq olmaq deməkdir. Deyir ki, şagirdlər üçün hər bir şərait yaradılıb:“Çalışıram ki, çəkdiyim misalları şagirdlərin yaşadığı yerlərlə, əkinçilik, maldarlıq, arıçılıq və s. sahələrlə əlaqələndirim ki, daha anlaşıqlı olsun. Ordubadın qədim tarixi, xüsusən də Gəmiqaya haqqında məlumat verirəm.Şagirdlərin məni diqqətlə izləmələri “yaxşı ki, gəlmişəm” düşünməyimə səbəb olur”.
Burada işləmək ona həm pedaqoji staj qazandırır, həm də müəllim-şagird, müəllim-müəllim münasibətlərini öyrənməyinə kömək edir. Ən böyük arzusu isə şagirdlərinin məktəblilərinin respublika fənn olimpiadalarında tarix üzrə yüksək nəticə göstərərək yer tutmaları və bununla da məktəbin adını ucaltmalarıdır.
Göründüyü kimi, Bakıdan Siyaquta, Salyandan Xursa gələn Ayşən və Əhməd üçün artıq bu məktəblər sadəcə MİQ imtahanından keçərək təyinat aldıqları ünvan deyil. Qarşılarında uzun bir müəllimlik yolu olan hər iki gəncin düşüncəsində eyni fikir var: “Yaxşı ki, gəldik”.




