Vəli Baxşəliyev: Gəmiqaya təsvirlərinin bir qismi Neolit dövrünə aiddir  

26 Oktyabr, 2026 - 14:55
Vəli Baxşəliyev: Gəmiqaya təsvirlərinin bir qismi Neolit dövrünə aiddir  

Minilliklərin yaddaşını daşlara həkk edən Gəmiqaya təsvirləri qədim insanların həyat tərzini, inanc dünyasını və təbiətlə münasibətlərini bu günə daşıyan misilsiz tarixi xəzinədir. Bu qayaüstü rəsmlər yalnız keçmişin izləri deyil, həm də əcdadlarımızın düşüncə tərzini, mənəvi aləmini və mədəni inkişafını anlamaq üçün mühüm mənbədir. Bəs bu təsvirlər hansı dövrlərə gedib çıxır və qədim insanların dünyagörüşü haqqında bizə nələr danışır? 

AMEA-nın müxbir üzvü, professor, tanınmış arxeoloq Vəli Baxşəliyev “Azərbaycan müəllimi”nə Gəmiqaya qayaüstü təsvirlərinin tarixi, yerləşdiyi ərazilər və elmi əhəmiyyəti barədə maraqlı məqamları açıqlayıb.

Alim bildirib ki, Gəmiqaya təsvirləri Ordubad rayonunda, dəniz səviyyəsindən 3907 metr yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbi yurdu, Camışölən, Qaranquş, Göllər, Qız-Gəlin çökəyi və digər yaylaqlarda yerləşir. Qayaüstü təsvirlərin əsas toplandığı ərazi isə dəniz səviyyəsindən 3500-3700 metr yüksəklikdə yerləşən Qaranquş yaylağıdır. Rəsmlərin əksəriyyəti Dəli Bulaq adlı su mənbəyinin ətrafında 5-6 qrup halında cəmləşib.

Vəli Baxşəliyevin sözlərinə görə, əvvəlki sovet konsepsiyasına əsasən, köçəri maldarlığın Erkən Tunc dövründə meydana gəldiyi qəbul edildiyindən, Gəmiqayanın ən qədim təsvirləri də e.ə. IV-III minilliklərə aid edilirdi. Lakin Naxçıvanda aparılan arxeoloji tədqiqatlar Neolit dövründə, e.ə. VII minilliyin ikinci yarısında heyvanların əhliləşdirildiyini və köçəri maldarlığın formalaşdığını təsdiqləyir.

Alim qeyd edib ki, Gəmiqayanın bəzi təsvirlərinin Neolit dövrünə aid gil qablar üzərindəki rəsmlərlə oxşarlığı onların bir qisminin də həmin dövrə aid olduğunu göstərir. Təsvirlərin digər bir hissəsi isə Eneolit (Kalkolit) dövrünün gil qabları üzərindəki rəsmlərlə bənzərlik təşkil edir. Kültəpə I, Kültəpə II və Qızqala yaşayış məskənlərinin saxsı məmulatları üzərindəki təsvirlər Erkən Tunc, Orta Tunc və Son Tunc dövrlərinə aid qayaüstü rəsmlərin xronologiyasını müəyyənləşdirməyə imkan verir.

Vəli Baxşəliyev vurğulayıb ki, Gəmiqaya qayaüstü təsvirlərinin öyrənilməsi qədim insanların inkişaf etmiş mifoloji təfəkkürə malik olduqlarını göstərir. Mifoloji dünyagörüşü qədim dövrlərdə cəmiyyətdə daxili müvazinətin qorunmasını təmin edən əsas vasitələrdən biri olub.

Qeyd edək ki, bununla bağlı məlumatlar "Manas Sosial Tədqiqatlar” jurnalının builki sayında ətraflı yer alıb.

Vəli Baxşəliyev: Gəmiqaya təsvirlərinin bir qismi Neolit dövrünə aiddir  
Vəli Baxşəliyev: Gəmiqaya təsvirlərinin bir qismi Neolit dövrünə aiddir  
Vəli Baxşəliyev: Gəmiqaya təsvirlərinin bir qismi Neolit dövrünə aiddir