Kənd məktəbindən böyük uğur

18 Sentyabr, 2026 - 22:51
Kənd məktəbindən böyük uğur

Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbinin şagird və məzunları 2014–2026-cı illərdə muxtar respublika, respublika və beynəlxalq səviyyəli müxtəlif müsabiqə, olimpiada və layihələrdə uğurlar əldə ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, qeyd olunan dövrdə məktəbin 83 məzunu müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Məktəbin 1 məzunu isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.

Məktəb məzunları arasında 1 Prezident təqaüdçüsü və 4 “Qızıl nişan” laureatı var. Həmçinin 1 məzun İDDA-nın “Technest” Təqaüd Proqramının qalibi olub.

Şagirdlər fənn olimpiadaları və müsabiqələrində də yüksək nəticələr göstəriblər. Belə ki, Respublika Fənn Olimpiadasında 2 qızıl və 1 gümüş, Respublika Fənn Müsabiqəsində isə 1 qızıl və 1 gümüş medal əldə edilib.

Riyaziyyat və məntiq istiqamətində keçirilən yarışlarda da məktəbin şagirdləri fərqləniblər. Riyaziyyat-Məntiq Olimpiadasında 1 qızıl, 2 gümüş və 1 bürünc medal, SASMO Beynəlxalq Yarışında 2 bürünc medal qazanılıb. “KINGS” müsabiqəsində isə 1 qızıl medal və 1-ci dərəcəli sertifikat əldə olunub.

STEAM və innovasiya yarışlarında məktəb 2 qızıl, 4 gümüş və 4 bürünc medala layiq görülüb.

Məktəbin şagirdləri informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal layihələr sahəsində də uğurlar qazanıblar. Almaniyanın Constructor Universiteti və İDDA-nın təşkilatçılığı ilə keçirilən “Digital Azerbaijan Talent School – Girls in IT” proqramının məzunu olan məktəb təmsilçisi, həmçinin “KvantSafe” kibertəhlükəsizlik sistem layihəsi və “SafeOrbitNet” mobil tətbiq layihəsi üzrə qalibiyyət əldə edilib.

İdman sahəsində də məktəbin şagirdləri müxtəlif yarışlarda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.