Elxan Nəcəfov: Muxtar Respublikada 170 yeni müəllim işə qəbul olunub

15 Sentyabr, 2026 - 12:36
Elxan Nəcəfov: Muxtar Respublikada 170 yeni müəllim işə qəbul olunub

"Naxçıvan Muxtar Respublikası yeni tədris ilinə hazırlıq başa çatdırılıb. Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssisələrində infrastrukturun, məktəblərin tədrisə hazırlığının, təhsil vasitələri ilə təminatın və digər istiqamətlər üzrə işlərin həyata keçirilməsi təmin olunub. Bu il muxtar respublikada 49 mindən artıq şagird təhsil alacaq ki, onlardan 3 min 600-dən çoxu birinci sinfə qədəm qoyur. Eyni zamanda, məktəbəhazırlıq qruplarında təqribən 2 min 300 şagird təhsil alacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki,  bu sözləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, yeni tədris ili ərəfəsində Muxtar Respublikadakı bütün təhsil müəssisələrinə ümumilikdə 2 min 255 kompüter təqdim olunub: 

 "Bu kompüterlər məktəblərdə “Rəqəmsal məktəb” layihəsinin həyata keçirilməsi üçün böyük əsas yaradıb. Bu ildən etibarən 20 ən böyük məktəbdə, eyni zamanda nazirliyə tabe olan məktəblərdə sinif jurnallarının elektron qaydada tətbiqi təmin ediləcək. Bunun təmin edilməsində ən vacib məqamlardan biri də ölkəmizlə Çin Xalq Respublikası arasında beynəlxalq müqavilə çərçivəsində həyata keçirilən interaktiv yardım layihəsidir. Bu layihə çərçivəsində bütün təhsil müəssisələrimiz yüksək sürətli fiber-optik internetlə təmin olunub. Tam əminliklə deyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikasının, demək olar ki, bütün təhsil müəssisələri sürətli internetlə təmin edilib. Bunlar bizə imkan verir ki, məktəbdaxili qiymətləndirmələri elektron qaydada həyata keçirək, bir qədər əvvəl qeyd etdiyim “Rəqəmsal məktəb” layihəsini uğurla icra edək. Şagirdlərimizin internet resurslarından istifadə etməklə tədqiqat bacarıqlarını yüksəldək, gələcəkdə müxtəlif istiqamətlərdə müəllimlərimizin peşəkar inkişafını təmin etmək üçün internet resurslarından və alətlərdən istifadə imkanlarını genişləndirək".

Elxan Nəcəfov əlavə edib ki, bütün təhsil müəssisələrinin dərsliklərlə bağlı təminatı tamamlanıb, sinif jurnalları məktəblərə çatdırılıb: 

“Bütün sahələr üzrə müəllimlərin işə qəbulu ilə bağlı seçimlər də həyata keçirilib. Qeyd edim ki, bu il Muxtar Respublikada təqribən 170 yeni müəllim işə qəbul olunub. Onlar bu ildən etibarən tədris prosesini Muxtar Respublikanın müxtəlif təhsil müəssisələrində davam etdirəcəklər".