"Təhsil proqramlarımızda müasir yanaşmalar öz əksini tapmalıdır" - Elbrus İsayev 

24 Sentyabr, 2026 - 11:02
"Təhsil proqramlarımızda müasir yanaşmalar öz əksini tapmalıdır"

"Biz gələcək fəaliyyətimiz üçün strateji əməkdaşlıqları müəyyənləşdirməli, lokal imkanlarımızı nəzərdən keçirməli və səhiyyə sahəsində gələcəkdə ixtisaslı kadrların hazırlanması üçün əlimizdə olan bütün imkanlardan səmərəli istifadə etməliyik". 

"Azərbaycan müəllimi“ xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”nın açılış mərasimində söyləyib. 

Rektor bildirib ki, artıq multidisiplinar tədqiqatlar və multidisiplinar yanaşmalar elmin və səhiyyənin inkişafında mühüm yer tutur. Elm sahəsində bu, bizim qarşımızda duran ən böyük istiqamətlərdən biridir: "Dünya səhiyyə idarəçiliyinin və dünya səhiyyə sisteminin inkişafı da məhz multidisiplinar yanaşmanı tələb edir. Bu yanaşma bizim təhsil proqramlarımızda da öz əksini tapmalıdır.

Tələbələrimiz üçün müxtəlif imkanlar yaratmalı, onları yeni yanaşmalarla tanış etməli və müasir biliklərlə təmin etməliyik. Bunlar bir-iki günün işi deyil. Bu, uzunmüddətli və böyük zəhmət tələb edən bir prosesdir.

Mən deyərdim ki, Azərbaycan tibb təhsilinin inkişafı baxımından Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması mühüm hadisədir. Tibb fakültəsi ölkəmizdə yaranmış tibb fakültələrindən biri kimi artıq 27 illik tarixə malikdir. Bu 27 il ərzində fakültənin inkişafında böyük zəhmət göstərilib və bu gün həmin fəaliyyətin nəticələrini görürük.

Eyni zamanda, burada İctimai Səhiyyə istiqamətinin yaradılması da bizim üçün mühüm addımlardan biridir. Bu istiqamət insanların sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və səhiyyə xidmətlərinin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayır.

Biz yaxın illərdə bu sahədə fəaliyyət göstərən struktur və imkanlarımızı daha da genişləndirmək istəyirik. Müxtəlif səhiyyə strukturları və aparıcı qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi də bu baxımdan əsas məqsədlərimizdəndir". 

Elbrus İsayev deyib ki, hər il daha çox gənc tibb fakültəsində təhsil almağa maraq göstərir: "Bu il bizim 4000-ə yaxın tələbəmiz qəbul olub və tibb təhsilinə marağın artması daha keyfiyyətli tələbə kontingentinin formalaşmasına imkan yaradır.

Tələbələrin bizdən gözləntiləri böyükdür. Biz də çalışırıq ki, onların tibb təhsili almaları üçün ən müasir imkanları yaradaq. Dövrümüzün ən ciddi çağırışlarından biri yeni texnologiyaların tətbiqi, rəqəmsallaşma və süni intellektdən istifadədir. Bu proses bütün sahələrdə olduğu kimi, tibb təhsilinə də təsir göstərir.

Həmin istiqamətdə gələcək məzunlarımızın, həkimlərimizin yeni texnologiyalardan, rəqəmsal imkanlardan və süni intellekt alətlərindən düzgün və səmərəli istifadə etmələrini təmin etmək istəyirik. Eyni zamanda, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətində də işlər aparılır. Sabahın tibb təhsili üçün bu imkanların bu gündən yaradılması bizim üçün böyük vəzifədir. Çünki bu gün yetişdirdiyimiz həkimlər 10 ildən sonra əmək bazarında fəaliyyət göstərəcəklər. Biz indidən düşünməliyik ki, 10 ildən sonra əmək bazarını nə gözləyir, səhiyyə sistemində hansı dəyişikliklər baş verəcək və xəstəliklərin strukturu necə dəyişəcək? Ona görə də digər ixtisaslarda olduğu kimi, tibb təhsilində də əmək bazarının gələcək tələblərini nəzərə almaq vacibdir".

Rektor əlavə edib ki, bu çərçivədə Naxçıvan Dövlət Universitetində səhiyyə menecmenti istiqamətinin yaradılması da mühüm addımdır: "Artıq üçüncü ildir ki, səhiyyə menecmenti üzrə fəaliyyət göstəririk. Bu ixtisası xarici tərəfdaş universitetlə əməkdaşlıq çərçivəsində formalaşdırmışıq. Qarşıdakı dövrdə bu istiqamətdə az sayda, lakin yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirmək istəyirik. Eyni zamanda, bizim klassik tibb təhsilində yetişən həkim-tədqiqatçıların hazırlığı ilə yanaşı, yeni yanaşmalar da tətbiq etməliyik. Həkimlərin yetişməsi üçün kifayət qədər müddət və imkan yaratmalıyıq. Tibb təhsilində keyfiyyətli hazırlığın təmin edilməsi əsas məqsədlərimizdən biridir.

Gənc həkimlərə bu sahədə özlərini inkişaf etdirmək, tədqiqat aparmaq və yeni imkanlardan istifadə etmək üçün şərait yaratmaq lazımdır. Çünki dünyanın, xüsusilə müasir səhiyyə sisteminin qarşılaşdığı qlobal çağırışlar yeni yanaşmalar tələb edir.

Biz bütün bu istiqamətlər üzrə fəaliyyətimizi davam etdirmək, beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlığı genişləndirmək, tibb təhsilinin və səhiyyə idarəçiliyinin inkişafına töhfə vermək istəyirik".