Magistr tədqiqatlarının real problemlərə yönəldilməsi təklif olunub
"Naxçıvanın uğurlarından biri də Naxçıvan Dövlət Universitetinin təhsil turizminin inkişafına verdiyi töhfədir".
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetində keçirilən Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransındakı (ICCHST – Naxçıvan 2026) çıxışında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov deyib.
Onun sözlərinə görə, Dünya Turizm Təşkilatının hesabatları göstərir ki, artıq turistlərin maraqları dəyişib: "Əvvəllər insanlar əsasən tarixi memarlıq nümunələrini görmək üçün səyahət edirdilərsə, indi fərqli meyillər ortaya çıxıb. Alış-veriş turizmi mühüm yerlərdən birini tutur. Bununla yanaşı, insanlar fərqli həyat tərzlərini, fərqli mədəniyyətləri yaşamaq istəyirlər.
Məsələn, bəzi kəndlər öz yerli həyat tərzini və ənənələrini elə təqdim edir ki, insanlar orada olmaq üçün aylarla növbə gözləyirlər. Turizmdə əsas məsələ təqdimetmə bacarığıdır.
Mən düşünürəm ki, bugünkü konfransın əsas nəticələrindən biri işçi qruplarının yaradılması ola bilər. Universitetlər arasında əməkdaşlıq genişləndirilməli, magistr tələbələrinin elmi işləri real problemlərin həllinə yönəldilməlidir.
Bu gün artıq fərqli təcrübələr tətbiq olunur. Magistr mövzuları yalnız müəllimlər tərəfindən müəyyən edilmir, eyni zamanda sənaye və istehsal nümayəndələrinin ehtiyacları nəzərə alınır. Bu yanaşma həm təhsili, həm də praktiki nəticələri daha faydalı edir.
İnanıram ki, bu cür konfranslar öz töhfəsini verəcək".



