Süni intellekt üzrə tədqiqatların inkişafı əsas prioritetlərdəndir – Nazir müavini
Azərbaycan süni intellektin inkişafı və tətbiqi üçün zəruri infrastruktur, enerji və rəqəmsal bağlantı imkanlarına malikdir.
"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, süni intellektin sürətlə tətbiqi ilə yanaşı, bu texnologiyaların təhlükəsiz və məsuliyyətli şəkildə inkişaf etdirilməsi və istifadəsi üçün uyğun mühitin yaradılması da vacibdir.
“Bu, infrastruktur, insan kapitalı, kibertəhlükəsizlik, tənzimləmə və əlbəttə ki, investisiyaları əhatə edən əlaqələndirilmiş yanaşma tələb edir”, - deyə R.Həsənov qeyd edib.
Nazir müavini bildirib ki, ölkələr artıq süni intellekt üzrə strategiyaların hazırlanmasına daha çox diqqət yetirirlər. Onun sözlərinə görə, 2019-cu ildə dünyada təxminən 30 ölkənin süni intellekt strategiyası olduğu halda, hazırda bu strategiyaları qəbul edən ölkələrin sayı 100-ü ötür.
“Bu gün söhbət yalnız strategiyanın mövcudluğundan getmir. Əsas məsələ onun nə qədər sürətli və keyfiyyətli icra edilməsidir. Beləliklə, kəşf mərhələsi tədricən icra mərhələsi ilə əvəz olunur”, - deyə o vurğulayıb.
R.Həsənov Azərbaycanın hazırda süni intellekt və rəqəmsal transformasiya sahəsində yeni mərhələyə daxil olduğunu bildirib.
“Azərbaycan üçün doğru zamandır. Biz infrastruktur və süni intellektə investisiyaların vahid gündəliyə çevrildiyi mərhələyə daxil oluruq”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, istənilən strategiya və transformasiya ilk növbədə, vizyon və yüksəksəviyyəli strategiyadan başlayır. Onun sözlərinə görə, Azərbaycan son illərdə rəqəmsallaşma və inkişaf istiqamətində bir sıra mühüm milli strategiya sənədləri qəbul edib.
R.Həsənov rəqəmsal inkişaf üzrə tədbirlər planının dörd əsas istiqaməti və 56 təşəbbüsü əhatə etdiyini bildirib.
“İndi bizim vəzifəmiz bu strategiyanı icraya çevirməkdir. Sevindirici haldır ki, biz sıfırdan başlamırıq, mühüm və güclü təməllərimiz var”, - deyə o əlavə edib.
R.Həsənov bildirib ki, süni intellekt üzrə tədqiqatların inkişaf etdirilməsi üçün yüksək hesablama imkanlarının yaradılması da əsas prioritetlərdəndir.
“Yüksək hesablama imkanları etibarlı enerji, bağlantı və fiziki məkan tələb edir. Azərbaycan isə bu üç istiqamətin hər biri üzrə imkanlara malikdir”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqeyi, ölkə üzrə fiber-optik şəbəkənin geniş əhatəsi və təxminən 2 QVt həcmində artıq elektrik enerjisi gücü süni intellekt və məlumat mərkəzlərinin inkişafı üçün mühüm imkanlar yaradır.
R.Həsənov Ələt Azad İqtisadi Zonasında məlumat mərkəzinin yaradılması üzrə işlərin də davam etdiyini bildirib.




