Süni intellektin təhsildə tətbiqi Azərbaycan - Çin əməkdaşlığını gücləndirə bilər - Tədqiqatçı 

5 Dekabr, 2025 - 11:18
Süni intellektin təhsildə tətbiqi Azərbaycan - Çin əməkdaşlığını gücləndirə bilər - Tədqiqatçı 

Son illərdə süni intellekt texnologiyaları təhsil sistemlərinin modernləşdirilməsində mühüm trendlərdən birinə çevrilib. Müəllimlərin iş yükünü azaltmaq, şagird yönümlü fərdiləşdirilmiş öyrənmə mühitləri yaratmaq, dərs materiallarını elektronlaşdırmaq və tədris prosesini analitik şəkildə izləmək imkanları süni intellekti müasir təhsil ekosisteminin strateji sütunlarından birinə çevirib. Bu, təkcə texnoloji yenilik deyil, həm də pedaqoji modelin yenilənməsi, müəllim fəaliyyətinin dəstəklənməsi və şagirdlərin düşünmə bacarıqlarının inkişafı baxımından mühüm dönüşdür.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Pekin Normal Universitetininin “Təhsil texnologiyaları” ixtisası üzrə doktorantı və Pekin Pedaqoji Universiteti nəzdində Rəqəmsal Təhsil Resursları Mərkəzinin tədqiqatçısı Murad Əliyev bildirib ki, süni intellektin təhsildə tətbiqi həm Çin, həm də Azərbaycan üçün milli prioritet sahədir. O deyib ki, hər iki ölkə süni intellekt strategiyalarını formalaşdıraraq təhsili həmin strategiyaların əsas istiqaməti kimi müəyyən edib.

Murad Əliyev deyib ki, Çin 2017-ci ildə qəbul etdiyi “Yeni Nəsil Süni İntellekt İnkişaf Planı” ilə 2030-cu ilə qədər süni intellekt sahəsində qlobal lider olmağı hədəfləyib. O deyib ki, bu strategiyada təhsil sahəsinin modernləşdirilməsi xüsusi yer tutur; süni intellektin dərs prosesində tətbiqi, müəllimlər üçün intellektual dəstək alətləri və fərdiləşdirilmiş öyrənmə platformalarının inkişafı əsas prioritetlərdəndir. 

Gənc tədqiqatçı bildirib ki, Çin universitetləri, startapları və araşdırma mərkəzləri süni intellekt əsaslı tədris texnologiyalarının hazırlanması və tətbiqi sahəsində zəngin təcrübəyə malikdir.

O əlavə edib ki, Azərbaycan da süni intellekti sosial və iqtisadi strategiyalarına ardıcıl şəkildə daxil edib. Murad Əliyev deyib ki, 2025–2028-ci illər üzrə Milli Süni İntellekt Strategiyası təhsil sahəsində müəllimlərin rəqəmsal bacarıqlarının artırılması, dərs materiallarının avtomatlaşdırılması, analitik monitorinq sistemlərinin qurulması və şagird yönümlü öyrənmə mühitlərinin genişləndirilməsini hədəfləyir. O hesab edir ki, bu strategiyanın icrası çərçivəsində yaradılmış Milli Süni İntellekt Mərkəzi ölkədə araşdırmaların, yerli layihələrin və tətbiqi innovasiyaların inkişafını dəstəkləyir. Murad Əliyev deyib ki, bu institusional baza süni intellektin təhsildə geniş tətbiqi üçün önəmli şərtdir. 

M.Əliyevin sözlərinə görə, Azərbaycanda 2025-ci ilin sentyabrında açılan Süni İntellekt Akademiyası (AI Academy) milli strategiyaya uyğun fəaliyyət göstərərək ölkədə yüksəkixtisaslı kadr hazırlığını sürətləndirir və müasir süni intellekt mədəniyyətinin formalaşmasına töhfə verir.

Gənc tədqiqatçı bildirib ki, hər iki ölkədə süni intellektin təhsildə prioritet elan olunması bu sahədə qarşılıqlı əməkdaşlığı təbii şəkildə gücləndirir. O deyib ki, Çin Azərbaycan üçün yeni texnologiyaların tətbiq və nümayiş mərkəzi kimi strateji əhəmiyyət daşıyır; Azərbaycan isə Çin süni intellekt ekosisteminə çıxış əldə edir. Həmçinin, o əlavə edib ki, bu əməkdaşlıq yalnız texnologiya transferi deyil, həm də pedaqoji innovasiyaların, metodoloji yeniliklərin və təhsil sahəsində mədəni uyğunlaşmanın birgə həyata keçirilməsini əhatə edir.

Mütəxəssis hesab edir ki, süni intellektin Azərbaycan təhsil sisteminə inteqrasiyası texniki, pedaqoji və mədəni uyğunlaşmanı tələb edir: “Texniki uyğunlaşma dil modelinin Azərbaycan dilinə uyğunlaşdırılması və yerli texniki infrastrukturla inteqrasiyanı, pedaqoji uyğunlaşma isə milli kurikuluma uyğun dərs strukturlarının yaradılmasını, müəllim və şagird üçün metodik dəstəyin təmin olunmasını nəzərdə tutur”.  Gənc tədqiqatçı əlavə edib ki, mədəni uyğunlaşma sosial norma və dəyərlərə uyğun cavabların verilməsi, şagirdlərin psixoloji xüsusiyyətlərinin nəzərə alınması və valideyn gözləntiləri ilə uyğunluğun təmin edilməsini əhatə edir.
Onun sözlərinə görə, süni intellektin tətbiqi dərs planlaşdırma, fərdiləşdirilmiş öyrənmə, formativ qiymətləndirmə, multimodal resursların hazırlanması və müəllim mentorluğu sahələrində ciddi dönüş yarada bilər. O əlavə edib ki, gənc tədqiqatçının komandası tərəfindən yerli təhsil mühitinə uyğunlaşdırılmış MindGraph AI və MindMate AI alətləri bunun uğurlu nümunəsidir. Bu alətlər biliklərin strukturlaşdırılması, düşünmə proseslərinin dəstəklənməsi və müəllim qərarlarının çevikləşdirilməsi baxımından model rolunu oynayır.

Murad Əliyev qeyd edib ki, Çin–Azərbaycan əməkdaşlığında süni intellekt əsaslı texnologiyaların kommersiyalaşdırılması həm də ölkələr üçün qarşılıqlı faydalıdır: “Birgə startaplar, pilot məktəblərdə tətbiq və analiz, lisenziyalaşdırma və lokallaşdırılmış məhsulların yaradılması həm Azərbaycan bazarını, həm də Çinin texnologiya diplomatiyasını gücləndirir”.

Tədqiqatçı bildirib ki, Çin beynəlxalq texnologiya model və təcrübə təminatçısı, Azərbaycan isə regional pilot ölkə kimi çıxış edir. Bu yanaşma Cənubi Qafqaz və Türk dünyasında süni intellekt əsaslı təhsil texnologiyalarının sınaqdan keçirilməsi və yayımı üçün strateji üstünlük yaradır.

Murad Əliyev deyib ki, süni intellekt təkcə texnoloji yenilik deyil, həm də pedaqoji, sosial və iqtisadi transformasiya vasitəsidir. Çin–Azərbaycan əməkdaşlığı bu prosesin sürətlənməsi, lokal innovasiyaların inkişafı və yeni nəsil təhsil yanaşmalarının formalaşması üçün unikal imkanlar yaradır. O hesab edir ki, əsas prinsip dəyişməz qalır: texnologiya idxal edilmir, o, milli kontekstə uyğunlaşdırılır, təkmilləşdirilir və dəyərə çevrilir.