Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək

11 Noyabr, 2026 - 18:20
Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək

Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Tbilisi şəhərində Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, sərginin keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan şagirdlərin, abituriyentlərin, tələbələrin və valideynlərin Azərbaycanın ali təhsil sistemi, universitetləri, tədris proqramları, ixtisaslar və qəbul imkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycan universitetləri ilə birbaşa tanışlıq imkanlarının yaradılmasıdır.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın 10-dan çox aparıcı universitetinin nümayəndələri ilə görüşərək tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil və təqaüd imkanları, tələbə həyatı ilə bağlı ətraflı məlumat əldə edə, onları maraqlandıran sualları birbaşa universitet nümayəndələrinə ünvanlaya biləcəklər.

Sərginin keçirilmə tarixi və yeri:

 Tarix: 17 noyabr 2026-cı il.

 Saat: 10:00–18:00.

 Məkan: Swissôtel Tbilisi.

 Ünvan: Soliko Virsaladze küçəsi 3, Tbilisi, Gürcüstan.