Təcrübə keçən tələbələr üçün nə dəyişəcək? - Qanun yenilənir

9 İyul, 2026 - 11:27
Təcrübə keçən tələbələr üçün nə dəyişəcək?

“Milli Məclisin plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olundu. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisi Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

"Təcrübə keçən tələbəyə sığortanın ödənilməsi mümkün olmurdu"

Deputat qeyd edib ki, hazırda qüvvədə olan qanuna əsasən, könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməmişdi:

“Belə ki, xüsusən tələbələr təcrübə keçən zaman sığorta hadisəsi baş verdiyi halda onlara sığortanın ödənilməsi mümkün olmur. Bu baxımdan qanunvericilikdə yeni dəyişikliklərə ehtiyac var idi. Qanuna əlavə edilməsi təklif olunan dəyişikliklər könüllülərə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödəniləcək. Beləliklə, dəyişikliklər qəbul olunandan sonra sığorta hadisəsi baş verdikdə könüllülərə də ödəniş həyata keçiriləcək”.

"Tələbə, şagird və könüllülər üçün icbari sığorta mexanizmi tətbiq ediləcək"

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev bildirib ki, sözügedən qanun layihəsini sosial müdafiə və əmək təhlükəsizliyi baxımından müsbət dəyişiklik kimi qiymətləndirmək olar:

“Layihənin əsas mahiyyəti ondan ibarətdir ki, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, eləcə də könüllülər fəaliyyət zamanı istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi ilə üzləşərlərsə, onlar üçün icbari sığorta mexanizmi tətbiq ediləcək. Bu kateqoriyadan olan şəxslər əvvəllər əmək münasibətlərinin tam hüquqlu iştirakçısı sayılmadıqları üçün bir çox hallarda belə hüquqi müdafiədən kənarda qalırdılar. Bu dəyişiklik bir neçə mühüm töhfə verə bilər. Birinci növbədə könüllülərin və təcrübə keçən tələbələrin sosial müdafiəsini gücləndirəcək. Əgər onlar istehsalat zamanı xəsarət alarsa və ya sağlamlıqlarına zərər dəyərsə, qanunla müəyyən edilmiş sığorta təminatından yararlana biləcəklər. İkinci vacib məqam, işəgötürənlər və dövlət qurumları üçün təhlükəsizlik qaydalarına əməl etmək məsuliyyəti daha da artacaq. Çünki sığorta mexanizmi əmək mühitində risklərin düzgün idarə olunmasını stimullaşdırır. Üçüncüsü, gənclərin istehsalat təcrübələrində və könüllülük proqramlarında iştirakına inamı hesab edirəm ki, daha da yüksələ bilər. Valideynlər və tələbələr biləcəklər ki, fəaliyyət zamanı baş verə biləcək risklər qarşısında hüquqi təminat mövcuddur. Bu addım Azərbaycanın əmək qanunvericiliyinin beynəlxalq əmək təhlükəsizliyi və sosial müdafiə standartlarına da tam yaxınlaşması deməkdir. Qanunun real təsiri onun praktiki icrasından asılı olacaq”.

“Könüllülər və istehsalat təcrübəsində olan gənclər əksər hallarda əmək müqaviləsi ilə işləyən şəxs hesab edilmirdilər

S.Vəliyev qeyd edib ki, ümumilikdə bu dəyişiklik əmək bazarına yeni daxil olan gənclərin hüquqlarının qorunmasına yönəlmiş preventiv xarakterli islahatdır:

“Qanun həm insan kapitalının inkişafına, həm də könüllülük və istehsalat təcrübəsi institutlarının daha təhlükəsiz və cəlbedici olmasına birmənalı olaraq çox ciddi töhfə verəcək. İndiyə qədər bu sahədə müəyyən hüquqi boşluqlar mövcud idi. Problem ondan ibarət idi ki, könüllülər və istehsalat təcrübəsində olan gənclər əksər hallarda əmək müqaviləsi ilə işləyən şəxs hesab edilmirdilər. Buna görə də onlar əmək münasibətlərində çalışan işçilər üçün nəzərdə tutulan icbari sığorta təminatından avtomatik şəkildə yararlana bilmirdilər”.

“Xəsarət alan şəxsin zərərinin ödənilməsi ilə bağlı vahid mexanizm yox idİ”

Deputat bildirib ki, əsas problemlərdən biri istehsalat qəzası zamanı kompensasiya məsələsi idi:

“Təcrübə və könüllülük fəaliyyəti zamanı xəsarət alan şəxsin zərərinin ödənilməsi ilə bağlı vahid və məcburi mexanizm yox idi. Bu hadisənin baş verdiyi qurumun daxili qaydalarından yaxud tərəflər arasında əldə olunan razılaşmadan asılı olurdu. Hüquqi qeyri-müəyyənlik mövcud idi. Təcrübəçilər faktiki olaraq iş mühitində olsalar da, statusları əmək qanunvericiliyi baxımından işçilərdən fərqləndiyi üçün bəzi hallarda məsuliyyətin kimə aid olduğu mübahisə doğurur, məhkəmə çəkişməsi predmetinə çevrilirdi. Ağır xəsarət və ya sağlamlığa zərər hallarında zərərçəkən yalnız ümumi mülki hüquq normalarına əsaslanaraq təzminat tələb edirdi. Bu isə həm uzunmüddətli məhkəmə prosesi həm də eyni zamanda sübut etmə yükü deməkdir. Belə hallar olduqda adətən müəssisəs və ya təşkilat özü könüllü şəkildə zərəri kompensasiya edirdi. Bəzi təhsil müəssisələri daxili qaydalar əsasında əlavə sığorta və ya  təhlükəsizlik tədbirləri tətbiq edirdilər. Razılıq əldə olunmadıqda isə məsələ məhkəmə qaydasında həll olunurdu. Lakin bu hər hadisədə zərərin tam ödənilməsi ilə nəticələnmirdi. Yeni qəbul edilən dəyişiklik məhz bu boşluğu aradan qaldırmağa yönəlib. Bu həm zərərçəkən şəxslərin hüquqlarının daha operativ qorunmasına, həm də işəgötürən və qəbul edən təşkilatların məsuliyyətinin daha da aydın müəyyən edilməsinə təsir edəcək”.