Direktor hazırlığı məktəbə qoyulan sərmayədir - Pərvinə Qədimova
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası” adlı layihə başa çatıb. Əsas məqsədi strateji düşünən, düzgün və effektiv qərarlar verə bilən, eyni zamanda komandaya motivasiya və ilham aşılayan gələcəyin təhsil liderlərini inkişaf etdirmək, onların bacarıqlarının artırılmasını və davamlı inkişafını təmin etmək olan layihə öz məqsədinə nail olubmu?
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova “Azərbaycan müəllimi”nə müsahibəsində layihənin nəticələrindən danışıb.
Bu layihə xüsusi əhəmiyyət daşıyan təşəbbüslərdən biri oldu
- AGMA daha bir layihəsini yekunlaşdırdı. Bu layihəni necə qiymətləndirirsiniz?
- Bəli, Azərbaycan Müəllimlər Assosiasiyası olaraq həyata keçirdiyimiz layihələrin hər birində əsas məqsədimiz təhsilin inkişafına real, davamlı və ölçülə bilən töhfə verməkdir. Bu baxımdan “Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişafaAkademiyası” layihəsi bizim üçün xüsusi əhəmiyyət daşıyan təşəbbüslərdən biri oldu.
Diqqəti müasir təhsil mühitində effektiv liderlik üçün zəruri kompleks kompetensiyalara yönəltdik
- Niyə “xüsusi əhəmiyyət”? Onu fərqləndirən nə idi?
- Layihəmizi Elm və Təhsil Nazirliyinin elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşdırdıq. Bu, bizim üçün həm böyük etimad, həm də ciddi məsuliyyət demək idi. Layihəni hazırlayarkən əsas diqqətimizi gələcəyin məktəb rəhbərlərinin yalnız inzibati idarəetmə bacarıqlarına yox, müasir təhsil mühitində effektiv liderlik edə bilmələri üçün zəruri olan kompleks kompetensiyalara yönəltdik.
- Məsələn, layihə məktəb rəhbərlərinin bilmədiyi, ya da bilməli olduğu hansı bacarıqları aşıladı?
- Hesab edirəm ki, bu gün məktəb rəhbərinin roluna əvvəlki təsəvvürlərdən daha geniş baxmaq lazımdır. Müasir direktor yalnız inzibati qərarlar qəbul edən şəxs yox, məktəbin inkişaf strategiyasını müəyyən edən, müəllim komandasını inkişaf etdirən, məktəb mədəniyyətini formalaşdıran, pedaqoji prosesə metodik istiqamət verən və məktəb icması ilə səmərəli əməkdaşlıq quran liderdir. Akademiyanın məzmununu da məhz bu yanaşma üzərində qurduq.
5 istiqamətdə öyrənmə
- Məzmun maraqlı səslənir. Onun öyrənilmə prosesini necə təşkil etdiniz?
- Layihə çərçivəsində təlimlər beş əsas modul üzrə təşkil olundu. İlk modul “Qanunvericilik və təhsil siyasəti” istiqamətini əhatə edirdi. Burada məktəb rəhbərlərinin hüquqi və normativ biliklərinin möhkəmləndirilməsinə, təhsil qanunvericiliyinin əsas istiqamətlərinin, təhsil siyasətindəki islahat tendensiyalarının, məktəb rəhbərinin hüquqi məsuliyyətinin, etik davranış kodeksinin və təhsil keyfiyyəti standartlarının öyrənilməsinə diqqət yetirildi. Təlimlərdə nəzəri təqdimatlarla yanaşı, simulyasiyalardan, praktik nümunələrdən və normativ sənədlərin təhlilindən istifadə edildi.
İkinci modul “İnsan resurslarının idarəolunması və müasir liderlik” mövzusuna həsr olunmuşdu. Məktəbdə uğurlu idarəetmənin əsas şərtlərindən biri insan resurslarının düzgün idarə olunmasıdır. Bu səbəbdən müəllimlərin performansının qiymətləndirilməsi, karyera inkişafı və mentorluq sistemi, münaqişələrin idarə edilməsi, effektiv ünsiyyət, emosional intellekt və liderlik psixologiyası kimi mövzular üzərində işlədik. Rol oyunları, 360 dərəcə liderlik testi və liderlik refleksiyası sessiyaları iştirakçıların öz idarəetmə yanaşmalarına fərqli prizmadan baxmasına imkan verdi.
Üçüncü modul “Metodik və pedaqoji bacarıqlar” istiqamətində təşkil edildi. Bizim üçün gələcək məktəb rəhbərinin pedaqoji prosesdən kənarda düşünülməsi mümkün deyil. Rəhbər müəllimin fəaliyyətini inkişafyönümlü müşahidə etməli, tədrisin keyfiyyətini izləməli və məktəbdaxili metodik inkişafı təşkil edə bilməlidir.
Bu modulda XXI əsr bacarıqları və differensiallaşdırılmış tədris, dərs müşahidəsi, tədris keyfiyyətinin monitorinqi, rəqəmsal idarəetmə, elektron jurnal və rəqəmsal məktəb, həmçinin məktəbdaxili təlimlərin planlaşdırılması və keçirilməsi kimi istiqamətlərə diqqət yetirildi. Mikro tədris, video-analiz və reflektiv sessiyalar vasitəsilə iştirakçılar öyrəndiklərini praktik situasiyalar üzərində tətbiq etdilər.
Dördüncü modul “Strateji planlaşdırma və layihə idarəetməsi” idi. Burada əsas məqsəd iştirakçıların məktəbin uzunmüddətli inkişaf vizyonunu formalaşdırmaq və ölçülə bilən nəticələr müəyyənləşdirmək bacarıqlarını inkişaf etdirmək oldu. Məktəb inkişaf planının hazırlanması, SWOT və SMART modelləri, layihə dizaynı və monitorinq mexanizmləri, maliyyə savadlılığı və resursların idarə edilməsi istiqamətlərində praktiki fəaliyyətlər həyata keçirildi. İştirakçılar həmçinin praktik layihə yazdılar və strateji xəritənin hazırlanması üzərində işlədilər.
Beşinci modulda isə “Komanda quruculuğu və korporativ mədəniyyət” istiqamətində işlədik. Məktəbdə sağlam iş mühitinin formalaşması, müəllimlər arasında əməkdaşlıq, etimad və şəffaf kommunikasiya rəhbərin liderlik fəaliyyətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan komanda rolları və iş üslubları, məktəb icması ilə əməkdaşlıq, müxtəliflik və inklüziv liderlik kimi mövzular müzakirə edildi. Komanda quruculuğu oyunları, reflektiv dialoqlar və sosial layihələr vasitəsilə iştirakçıların əməkdaşlıq bacarıqları praktik şəkildə inkişaf etdirildi.
Regionlararası əməkdaşlığa təsir edən platforma
- Layihədə regionlararası əməkdaşlığı da təmin edə bildiniz?
- Bəli, layihənin regionlararası əməkdaşlıq baxımından da mühüm nəticəsi oldu. Müxtəlif bölgələrdən gələn müəllimlərin eyni platformada bir araya gəlməsi onların yalnız təlimdə iştirakına yox, həm də bir-birinin təcrübəsi ilə tanış olmasına, fərqli məktəb mühitlərində mövcud olan problemləri və həll yanaşmalarını müqayisə etməsinə imkan yaratdı. Mən hesab edirəm ki, bu cür təcrübə mübadiləsi peşəkar inkişafın ən dəyərli komponentlərindən biridir.
- Maraqlıdır, müxtəlif bölgələrdən olan müəllimlərin eyni platformada bir araya gəlməsinə necə nail oldunuz?
- Layihənin mühüm xüsusiyyətlərindən biri təlimlərin hibrid formatda təşkil olunması idi. İştirakçıların respublikanın müxtəlif bölgələrindən olması və hər birinin təlimlərdə bərabər şəkildə iştirak etmək imkanının nəzərə alınması bizim üçün vacib idi. Bu səbəbdən həm əyani, həm də onlayn iştirak imkanlarını birləşdirən hibrid model seçdik. Beləliklə, coğrafi məsafənin iştirak üçün məhdudiyyət yaratmasının qarşısını almağa və müxtəlif regionlardan olan müəllimləri eyni peşəkar inkişaf platformasında bir araya gətirməyə çalışdıq.
Təlim mərhələsindən konfrans mərhələsinə, fərdi peşəkar inkişafdan məktəb və təhsil mühitinə keçid
- Layihənin yekun mərhələsində konfrans da keçirdiniz. Bu tədbirin əhəmiyyəti nə oldu?
- Konfrans layihənin icrası nəticəsində əldə olunan təcrübəni daha geniş təhsil ictimaiyyəti ilə bölüşmək məqsədi daşıyırdı. “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” adlı bu konfrans layihənin yekun tədbiri olmaqla yanaşı, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və təhsil ictimaiyyətinin yeni tədris ilinə daha sistemli və inkişafyönümlü yanaşmasını müzakirə etmək üçün mühüm platformaya çevrildi. Konfransda məktəbdə keyfiyyətli başlanğıcın təmin olunması, qiymətləndirmə, dərsdinləmə, tədris prosesinin təşkili və fənlərin tədrisində müasir yanaşmalar kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Mənim üçün bu konfransın xüsusi əhəmiyyəti ondan ibarət idi ki, “Lider məktəb” layihəsində formalaşdırmağa çalışdığımız liderlik və inkişaf yanaşmaları artıq daha geniş təhsil auditoriyası ilə paylaşılmış oldu. Beləliklə, layihə təlim mərhələsindən konfrans mərhələsinə, fərdi peşəkar inkişafdan isə daha geniş məktəb və təhsil mühitinə keçid etdi.
“Lider məktəb” kompleks inkişaf proqramıdır
- Layihə yekunlaşdı. Necə bilirsiniz, onun davamlılığı mümkün olacaqmı?
- Layihəyə yekun vurarkən deyə bilərəm ki, “Lider məktəb” bizim üçün sadəcə qrant çərçivəsində həyata keçirilən bir təlim proqramı olmadı. Bu layihə gələcəyin təhsil rəhbərinin hansı kompetensiyalara malik olmasının vacibliyini bir daha ortaya qoyan, müxtəlif regionlardan olan müəllimləri bir platformada birləşdirən, mentorluq və layihə əsaslı fəaliyyətlərlə davamlılığı təmin edən kompleks inkişaf proqramına çevrildi.
AGMA olaraq biz inanırıq ki, məktəbin inkişafı güclü liderlikdən, güclü liderlik isə davamlı öyrənən və öz fəaliyyətini refleksiya edən rəhbərdən başlayır. Ona görə də gələcəyin direktorlarını hazırlamaq bizim üçün yalnız vəzifəyə hazırlıq məsələsi yox, məktəbin gələcəyinə sərmayə qoymaqdır.
- Bir az əvvəl “böyük etimad”, “ciddi məsuliyyət”dən bəhs etdiniz. Layihədə qarşınıza qoyduğunuz məqsədə nail oldunuzmu? Necə deyərlər, etimadı doğrulda bildinizmi?
- Layihənin əsas məqsədi təhsil müəssisələrinin idarəçiliyində effektiv liderlik bacarıqlarına malik direktor və direktor müavinlərinin hazırlanması, onların qanunvericilik, idarəetmə, strateji planlaşdırma, insan resurslarının idarə olunması və pedaqoji innovasiyalar üzrə peşəkar kompetensiyalarının inkişaf etdirilməsi idi. Layihənin sonunda iştirakçıların idarəetmə və liderlik kompetensiyalarının inkişaf etdirilməsi, strateji planlaşdırma və qərarvermə bacarıqlarının gücləndirilməsi, insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi və davamlı təcrübə mübadiləsinin formalaşdırılması əsas nəticələr sırasında yer aldı.
Bu layihənin Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan qrant müsabiqəsinin qalibi kimi həyata keçirilməsi də bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz göstərilən etimadı layihənin nəticələri ilə doğrultmağa, əldə olunan təcrübəni davam etdirməyə və gələcəkdə də təhsil idarəçiliyinin, məktəb liderliyinin və müəllim inkişafının gücləndirilməsinə yönəlmiş təşəbbüslərlə çıxış etməyə çalışacağıq.
Ən əsası isə layihə başa çatdı, lakin burada formalaşan əməkdaşlıq, mentorluq, təcrübə mübadiləsi və liderlik yanaşmalarının təsirinin məktəblərdə davam etməsini gözləyirik. Bizim üçün layihənin əsl nəticəsi məhz bundan sonra – iştirakçıların əldə etdikləri kompetensiyaları öz məktəblərində tətbiq etdikcə görünəcək.




