Təhsil alan işçilərin məzuniyyət hüququ necə tənzimlənir?

5 Avqust, 2026 - 14:44
Təhsil alan işçilərin məzuniyyət hüququ necə tənzimlənir?

Əmək fəaliyyətini davam etdirən şəxslərin əhəmiyyətli hissəsi eyni zamanda təhsilini də davam etdirir. Bu isə onların qanunvericiliklə nəzərdə tutulan məzuniyyət hüquqlarını düzgün bilməsini zəruri edir. Bəzən işçilər təhsil məzuniyyətindən istifadə etdikləri üçün əmək məzuniyyəti hüququnu itirdiklərini düşünür, bəzən isə hər iki məzuniyyətə görə ödənişin necə hesablandığını bilmirlər.

Mövzu ilə bağlı yaranan suallara əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirib.

Təhsil məzuniyyəti kimlərə verilir?

Mütəxəssisin sözlərinə görə, işçinin peşə hazırlığı səviyyəsini yüksəltmək, yeni ixtisasa yiyələnmək və ya ixtisasını artırmaq məqsədilə əlavə təhsil müəssisələrində təhsil almaq hüququ var. İşçi təhsilini davam etdirmək və ya elmi yaradıcılıqla məşğul olmaq üçün təhsil və yaradıcılıq məzuniyyətindən istifadə edə bilər.

Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı hallarda ödənişli təhsil məzuniyyəti verilir:

– müvafiq tədris mövsümü sessiyalarında dərslərdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
– dövlət imtahanlarını vermək üçün;
– diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.
Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq orta əməkhaqqı ödənilir.

Təhsil məzuniyyətinin müddəti nə qədərdir?

Ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, sonrakı kurslarda isə 40 təqvim günü məzuniyyət verilir.
Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

Diplom işinin hazırlanması və müdafiəsi dövründə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün hər tədris ilində 30 təqvim günü müddətində məzuniyyət ayrılır.

Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə isə buraxılış siniflərinin imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Mütəxəssis vurğulayır ki, təhsil məzuniyyətindən yalnız təhsil proqramlarında nəzərdə tutulmuş dövrlərdə və təhsil müəssisəsinin təqdim etdiyi arayış əsasında istifadə olunur.

Təhsil məzuniyyətindən sonra əmək məzuniyyətinə çıxmaq mümkündürmü?

Mütəxəssisin sözlərinə görə, təhsil məzuniyyəti təhsil müəssisəsinin verdiyi arayış əsasında təqdim olunur və işçi həmin arayışı təqdim etdikdə işəgötürən ona təhsil məzuniyyəti verməlidir: “Əmək məzuniyyətinin təhsil məzuniyyətindən əvvəl və ya sonra verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. İşçinin müraciəti və işəgötürənin razılığı əsasında əmək məzuniyyəti istənilən vaxt verilə bilər”.

Təhsil məzuniyyəti əmək məzuniyyətinə təsir edirmi?

K.Yusifova bildirir ki, Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, həm əmək, həm də təhsil məzuniyyəti işçinin məzuniyyət hüququnun tərkib hissəsidir. İşçinin təhsil məzuniyyətindən istifadə etməsi onun illik əmək məzuniyyətinin müddətinə və ya istifadə vaxtına təsir göstərmir.

İşəgötürən məzuniyyət verməkdən imtina edə bilərmi?

Ekspert qeyd edir ki, Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçinin əmək məzuniyyəti hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Bununla belə, o əlavə edir ki, işçi təhsil məzuniyyətindən dərhal sonra əmək məzuniyyətindən istifadə etmək istədikdə və bu, iş prosesinə ciddi maneə yaradırsa, işəgötürən əmək məzuniyyətini həmin dövrdə deyil, başqa vaxtda verə bilər.

Hər iki məzuniyyət üçün ödəniş tam verilir?

Ekspertin sözlərinə görə, işçi eyni təqvim ili ərzində həm təhsil, həm də əmək məzuniyyətindən istifadə edə bilər və hər iki məzuniyyət üzrə ödənişini tam alır.

Təhsil məzuniyyəti üzrə ödəniş Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun hesablanır. Bu zaman işçinin ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünərək bir günlük orta əməkhaqqı müəyyən edilir. Daha sonra bu məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

İki aydan az işləmiş işçilər üçün isə orta əməkhaqqı faktiki işlənmiş günlər üzrə hesablanır. Bunun üçün işçinin həmin günlər ərzində qazandığı əməkhaqqı işlədiyi günlərin sayına bölünür, alınan bir günlük məbləğ isə əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Əmək məzuniyyəti üzrə ödəniş isə Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən hesablanır. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

Mütəxəssis qeyd edir ki, orta əməkhaqqı hesablanarkən işçinin qismən ödənişli sosial məzuniyyətdə olduğu, öz təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə qaldığı və ya təqsiri olmadan boşdayanma səbəbindən tam işləmədiyi aylar tam işlənmiş təqvim ayları ilə əvəz edilir.

Əgər işçi 12 təqvim ayından az müddətdə əmək münasibətlərində olubsa, onun orta aylıq əməkhaqqı faktiki işlədiyi tam təqvim ayları əsasında hesablanır.

Məzuniyyət günlərinə görə ödəniləcək məbləği müəyyən etmək üçün əvvəlcə son 12 təqvim ayının əməkhaqqı cəmlənir və 12-yə bölünərək orta aylıq əməkhaqqı müəyyən edilir. Sonra həmin məbləğ ayın orta təqvim günlərinin sayına (30,4) bölünür və alınan bir günlük əməkhaqqı məzuniyyət günlərinin sayına vurulur.