Təhsil İnstitutu Gəncədə Azərbaycan dili və ibtidai sinif müəllimləri ilə görüş keçirib
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) və Regional Təhsil İdarələrinin təşkilatçılığı ilə bölgələrdə görüşlər davam edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, növbəti görüş Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktor əvəzi Elnur Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müvafiq mütəxəssis heyəti və Gəncə-Daşkəsən RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimlərinin iştirakı ilə baş tutan görüşdə dərsliklərin məzmunu, metodik vəsaitlərin tətbiqi, kurikulumun icrası, qiymətləndirmə mexanizmləri, eləcə də şagirdyönümlü yanaşmalar kimi məsələlər müzakirə edilib.
Müəllimlər tədris prosesində qarşılaşdıqları praktiki məsələləri diqqətə çatdırıb, dərslərin daha effektiv təşkili, şagird nailiyyətlərinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Səsləndirilən rəy və təkliflərin gələcək fəaliyyət planlarının hazırlanması zamanı nəzərə alınacağı bildirilib, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi istiqamətində müvafiq addımlar atılması üçün davamlı əməkdaşlığa üstünlük veriləcəyi vurğulanıb.



