Təhsil krediti üçün müraciət edənlərin 64%-i qadındır

18 İyun, 2026 - 10:36
Təhsil krediti üçün müraciət edənlərin 64%-i qadındır

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olmuş, onlardan 85 mini rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini göstərir və mexanizmin səmərəliliyinin mühüm göstəricisi hesab olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Qeyd edilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart növ təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.

Fondun fəaliyyətinin sosial təsirini əks etdirən mühüm göstəricilərdən biri də gender bölgüsüdür. Kredit müqavilələrinin 64 faizi qadın, 36 faizi isə kişi tələbələr üçün rəsmiləşdirilib. Bu göstərici Fondun xüsusilə qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını göstərir.

Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq kredit məbləği xərclənib, bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial növ təhsil tələbə krediti təşkil edir, 1,9 milyon manatdan artıq sığorta məbləğidir.