Təhsil mənim üçün yalnız akademik nəticə deyil – Gənc “Maarifçi”
Gənc “Maarifçi” Məsumə Əliyeva tələbə-məzun təcrübə proqramını uğurla tamamlayan 24 nəfərdən biri oldu.
O öyrənmək, öyrəndiklərini tətbiq etmək, başqalarına da öyrətmək həvəsi ilə yaşayanlardandır. Onu da “Maarifçi” tələbə-məzun təcrübə proqramına məhz bu həvəs gətirib çıxarıb.
“Azərbaycan müəllimi”nin oxucusu Məsuməni “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı kimi tanıyıb. Amma artıq o, iş başındadır. Bu proqramda 4 ay ərzində fərqlənib və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin struktur bölmələrindən birində - Uşaq və gənclərin inkişafı sektorunun tabeliyində olan Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində işə başlayıb.
Müasir çağırışlara cavab verməyə çalışır
Məsumə Naxçıvan şəhərindəki Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin məzunudur. 2021-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi olub. Pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsilini 2025-ci ildə fərqlənmə diplomu ilə bitirib. Hazırda magistrdir. Naxçıvan Dövlət Universitetində “Təhsildə monitorinq və qiymətləndirmə” ixtisası üzrə təhsilini davam etdirir. Öz üzərində işləməyi sevir, bacarıqlarını artırmağa, özünü inkişaf etdirməyə çalışır. Odur ki, tələbəlik vaxtından müasir dövrün çağırışlarına cavab verəcək şəkildə bacarıqlarını artırmağa səy göstərir. Məsələn, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində “Kompüter operatoru” ixtisasını uğurla bitirib. Kompüter bacarıqlarını artırmaqla yanaşı, məqalələr üzərində də işləyib. 2024-cü ildə “Naxçıvan xəbərləri”ndə “Müasir ailə portreti: Rəqəmsal əsr və sosial dəyişikliklər” adlı məqaləsi yayınlanıb. Magistr tələbəsi olaraq da bu təşəbbüsünü davam etdirib. 2025-ci ildə “Global Spectrum of Research and Humanities” jurnalında “Rəqəmsal analitika vasitəsilə təhsil keyfiyyətinin monitorinqi: Azərbaycan təhsil sistemində innovativ yanaşma” adlı məqaləsini çap etdirib.
““Maarifçi”yə seçilməyimin əsas səbəbi məqsəd və dəyər uyğunluğudur”
Müasir dövrlə ayaqlaşmağa çalışdığı üçün “Maarifçi” tələbə-məzun təcrübə proqramına da qatılıb. Məqsədi öyrənmək, təcrübə qazanmaq, daha çox iş barədə məlumatlı olmaq idi: “Maarifçi”yə müraciət edərkən əsas motivasiyam seçilməkdən çox, təsir yaratmaq idi. Çünki bu proqram fərdi uğurları deyil, cəmiyyət üçün dəyər yaradan insanları ön plana çıxarır. Mənim indiyə qədərki fəaliyyətlərimdə də əsas xətt bu olub - öyrənmək, tətbiq etmək və öyrəndiklərimi başqalarının inkişafına yönəltmək. Düşünürəm ki, “Maarifçi”yə seçilməyimin əsas səbəbi məqsəd və dəyər uyğunluğudur. Mən məsuliyyət daşıyan, təşəbbüs göstərən və böyük dəyişikliklərin kiçik addımlarla başladığına inanan biriyəm. Təhsil mənim üçün yalnız akademik nəticə deyil, sosial təsir vasitəsidir. Bu yanaşma “Maarifçi”nin fəlsəfəsi ilə üst-üstə düşür”.
“Maarifçi” mühitində onu fərqləndirən problemlərə yanaşmasıdır
“Maarifçi” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İnsan resursları və sənədlərlə iş şöbəsində təcrübə keçib: “İnsan resursları və sənədlərlə iş şöbəsinin hər iki sektorunda təcrübə keçdim. Burada sənəd dövriyyəsi, işin təşkili, vətəndaş müraciətlərinə baxılması kimi proseslərdə iştirak etdim”.
Məsumə problemlərə öz yanaşması ilə “Maarifçi”də təcrübə zamanı da fərqlənib: “Uğurumu təsadüf kimi deyil, davamlı inkişafımın nəticəsi kimi görürəm. Daim öz üzərimdə işləmək, tənqidi düşünmək və öyrəndiklərimi real problemlərin həllinə yönəltmək əsas prinsiplərimdir. “Maarifçi” mühitində də məni fərqləndirən məhz bu yanaşmadır”.
“Maarifçi” ona nə verdi?
“Maarifçi” proqramının nəticəsi onun üçün peşəkar və şəxsi inkişafla yanaşı, həm də karyera imkanı olub: “Təcrübə proqramının mənim üçün uğurlu yekunlaşmasının səbəblərindən biri də mentorlarım və rəhbərlərimin əməyi və dəstəyi sayəsindədir. Onların təcrübəsi, düzgün yönləndirməsi və motivasiyası fəaliyyətimi daha sistemli və effektiv qurmağıma imkan verdi. Mentorlarım yalnız texniki bilik və bacarıqlarımı inkişaf etdirmədi, eyni zamanda maarifçilik missiyasına yanaşma tərzimi də formalaşdırdılar. Rəhbərlərin göstərdiyi etimad və dəstək isə mənə öz potensialımı tam reallaşdırmaq və layihəyə dəyər qatmaq üçün əlavə güc verdi. Onların təcrübəsi və rəhbərliyi sayəsində layihənin hər mərhələsində daha məqsədyönlü və nəticəyönümlü fəaliyyət göstərə bildim”.
Artıq 48 “Maarifçi” iş başındadır
Naxçıvanda işə başlayan Məsumə kimi III “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla başa vuran 24 uğurlu gənc var. Onlar Elm və Təhsil Nazirliyi və tabe qurumları, regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıblar.
Məlumat üçün qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olan proqramının ümumilikdə 101 məzunu var. Onların 48 nəfəri köməkçi vəzifələr üzrə fəaliyyətlərini davam etdirir.



