Təhsil məsələlərinin manipulyasiyasına qarşı diqqətli olmaq lazımdır - Mütəxəssis

13 Oktyabr, 2026 - 14:54
Təhsil məsələlərinin manipulyasiyasına qarşı diqqətli olmaq lazımdır

Təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin qaydaların məqsədi təhsil prosesinin müəyyən edilmiş standartlara uyğun təşkili, məktəbdə sağlam və nizam-intizamlı mühitin qorunması, eləcə də dünyəvilik prinsiplərinin təmin edilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Təhsil eksperti vurğulayıb ki, müxtəlif məkanların özünəməxsus davranış və geyim normaları olduğu kimi, təhsil müəssisələrində də müvafiq tələblər müəyyənləşdirilib: “İnsanların dini mərasimlərdə, ibadət yerlərində və digər ictimai məkanlarda həmin mühitin xüsusiyyətlərinə uyğun geyim seçməsi təbii qəbul edildiyi kimi, məktəb mühitində də qüvvədə olan qaydalara riayət olunmalıdır. Burada əsas məqsəd fərdi inanclara müdaxilə etmək deyil, təhsil prosesinin ümumi və hamı üçün eyni olan tələblər çərçivəsində həyata keçirilməsini təmin etməkdir. Azərbaycan dünyəvi dövlətdir və milli təhsil sistemi də dünyəvilik prinsiplərinə əsaslanır. Bu prinsip təhsilalanların hər hansı dini və ya ideoloji təsirdən asılı olmadan, bərabər hüquq və imkanlar şəraitində yetişməsini, müstəqil düşüncə və sağlam dünyagörüşü qazanmasını nəzərdə tutur. Məktəbdə yaradılan mühit şagirdlərin fərdi xüsusiyyətlərinə hörmətlə yanaşmaqla yanaşı, onların vahid təhsil qaydaları çərçivəsində inkişafını da təmin etməlidir. Geyim qaydalarının tətbiqinə münasibətdə cəmiyyətin və valideynlərin məsuliyyətli mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. Valideynlər qüvvədə olan qərarların mahiyyətini düzgün qiymətləndirməli, uşaqların təhsil mühitində müəyyən edilmiş tələblərə uyğun davranmasına dəstək verməlidirlər. Bu yanaşma məktəbdə sağlam münasibətlərin qorunmasına, tədris prosesinin səmərəli təşkilinə və şagirdlər arasında vahid qaydalara əsaslanan mühitin formalaşmasına xidmət edir”.

Ekspert, həmçinin qeyd edib ki, təhsil məsələlərinin müxtəlif siyasi və ideoloji məqsədlər naminə manipulyasiya edilməsinə qarşı diqqətli olmaq lazımdır. Azərbaycanın inkişafına və milli maraqlarına qarşı mövqe sərgiləyən xarici dairələrin təhsil və dini həssaslıqlardan istifadə etməklə ictimai müzakirələrə təsir göstərmək cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır. Belə məsələlərə münasibətdə emosional yanaşmalardan çəkinmək, mövcud qanunvericiliyin tələblərini əsas götürmək və təhsil mühitinin sağlamlığını qorumaq vacibdir. Dövlətin və dövlətçiliyin maraqlarına hörmət, təhsil müəssisələrində müəyyən edilmiş qaydalara əməl olunması və gələcək nəslin dünyəvi prinsiplər əsasında yetişdirilməsi hər bir vətəndaşın üzərinə düşən məsuliyyətin mühüm tərkib hissəsidir.