Təhsil müəssisələrinin tutumunun 23 min nəfər olması planlaşdırılır – Ceyhun Cəlilov
"640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı cənab Prezidentin 12 avqust tarixli Sərəncamında müvafiq tapşırıqlar verilib və həmin tapşırıqlar bizim növbəti dövr üçün fəaliyyətimizin prioritet istiqamətlərindəndir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov AZƏRTAC və AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, sosial sahə, səhiyyə, təhsil və digər təyinatlı müəssisələrin əlçatanlığı istiqamətində də Baş planda konkret hədəflər müəyyən edilib: "Belə ki, təhsil müəssisələrinin tutumunun 23 min, məktəbəqədər müəssisələrin isə 7 min nəfər olması planlaşdırılır. Şəhərin kəmiyyət göstəricilərinin böyüməsi və müxtəlif istiqamətlərdə inkişafı nəticəsində məşğulluğun 40 faiz artaraq 78 min nəfərə çatacağı gözlənilir.
Ümumilikdə, tarixi abidələr qorunmaqla yanaşı, yaşıllıq zolaqları və ekoloji mühit ən yüksək standartlara uyğunlaşdırılacaq. Müasir şəhərsalma prinsipləri, inklüzivlik və hər kəs üçün əlçatanlıq şəhərin yeni Baş planında əsas amillər kimi nəzərə alınıb", – deyə o bildirib.




