“Təhsil ortaq irsi gələcək nəsillərə ötürmək üçün ən dəyərli vasitədir” - Nazir

16 Oktyabr, 2026 - 11:00
“Təhsil ortaq irsi gələcək nəsillərə ötürmək üçün ən dəyərli vasitədir”

“Bizim üçün Qarabağ təkcə Azərbaycanın mədəniyyət və elm mərkəzi deyil, bütün türk dünyasının elm və mədəniyyət mərkəzidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdikdən sonra Qarabağda həyata keçirilən ilk layihələrdən biri Özbəkistan Respublikasının təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli məktəb olub.

“Bu mənada Özbəkistanın Azərbaycanın yanında olduğunu nümayiş etdirməsi daim yadımızdadır. Biz də təhsil işçiləri və ölkə olaraq buna görə dərin təşəkkürümüzü bildiririk. Bu gün universitetlərarası forum səviyyəsində də ilk dəfədir ki, belə bir tədbiri Özbəkistanla, onun universitetləri ilə birgə keçiririk. İnanıram ki, ölkə başçılarımız arasında olan səmimi dostluq münasibətləri bütün sahələrdə – təhsil, mədəniyyət, səhiyyə və digər istiqamətlərdə də eyni isti münasibətlərlə davam edəcək”.

Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında ortaq mədəni və tarixi irs var.

“Bu irs nəsillərdən nəsillərə ötürülüb. Təhsil işçiləri olaraq qarşımızda duran əsas məqsəd bu dostluğu və qardaşlığı təhsil vasitəsilə növbəti nəsillərə ötürməkdən ibarətdir. İnanıram ki, bu baxımdan ən güclü və dəyərli vasitə məhz təhsildir”.