Təhsil siyasəti dövlətin əsas prioritetlərindən biridir – Bəhruz Əzimov

25 Dekabr, 2025 - 10:43
Təhsil siyasəti dövlətin əsas prioritetlərindən biridir

“Azərbaycanın inkişaf strategiyalarına nəzər salsaq, həm 2022–2026-cı illəri, həm də 2023–2030-cu illəri əhatə edən strategiyalarda milli prioritetlər və çağırışlar üzrə əsas istiqamətlərdən birinin güclü və dayanıqlı dövlətin qurulması ilə yanaşı, təhsilli cəmiyyətin formalaşdırılması olduğu aydın görünür”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hər zaman dövlət siyasətinin əsas tərkib hissələrindən biri də təhsil siyasəti olub və təhsilli kadrların hazırlanması, təhsilə göstərilən dəstək dövlətin əsas prioritetlərinə çevrilib.

Fondun İdarə Heyətinin sədri vurğulayıb ki, bu qayğı və dəstək illərdir hiss olunur və bu gün artıq onun real nəticələri müşahidə edilir. Belə ki, hər il dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcminin artması, cənab Prezidentin sərəncam və tapşırıqları ilə təhsil sahəsində idarəetmənin genişləndirilməsi, maddi-texniki bazanın və infrastrukturun gücləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və müvafiq standartların təhsildə tətbiqi bu siyasətin bariz nümunələridir.

B.Əzimov eyni zamanda qeyd edib ki, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə təhsil sisteminə inteqrasiyası da dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biridir və bu addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.