Təhsil tələbə krediti olmasaydı... - Kreditlə oxuyub mühəndis oldular

16 Oktyabr, 2026 - 09:07
Təhsil tələbə krediti olmasaydı... - Kreditlə oxuyub mühəndis oldular

Təhsil Tələbə Krediti Fondunun dəstəyi ilə rəsmi ixtisas adında "mühəndislik" sözü olan ixtisaslar üzrə 1600 tələbə təhsil alır. Onlar ilə fond arasında 5 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Elə AzTU-da hazırlanan mühəndis kadrlar - Vüsal Məmmədov, Emin Mürsəlli və Firuz Tərlanov da təhsil tələbə krediti ilə oxuyub öz arzularını gerçəkləşdiriblər.

“Arzuladığım ixtisasın ödənişli yerlərini seçərkən öz maddi gücümə yox, Təhsil Tələbə Krediti Fonduna arxalandım”

27 yaşlı Vüsal Məmmədov iki universitetin məzunudur. Azərbaycan Neft və Sənaye Universitetində “Elektrik mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra Azərbaycan Texniki Universitetində “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə magistr olub: “Elektrik təchizatı” istiqamətində ixtisaslaşdım. Təhsil almaqda məqsədim ixtisasımı dərindən öyrənməkdir”.

Maraqlıdır ki, biliyini dərinləşdirmək üçün baş vurduğu bu yola - magistratura imtahanlarına belə məhz təhsil tələbə kreditinə güvənərək girib: “Yığdığım bala uyğun olaraq ödənişli ixtisasa qəbul olundum. Arzuladığım ixtisasın ödənişli yerlərini seçərkən öz maddi gücümə yox, Təhsil Tələbə Krediti Fonduna arxalandım. Odur ki, dərhal kredit üçün baş vurdum və müraciətim təsdiqləndi. Bu dəstək təhsilimi başa vurmağıma çox kömək oldu”.

Vüsal deyir ki, bu kredit o qədər sərfəlidir ki, başqalarına da tövsiyə edir: “Başqalarına həmişə tövsiyə etmişəm. TTKF olmasa, mən magistratura təhsili almağı düşünmürdüm”.

Ailəli olan Vüsal belə bir imkanı olduğu üçün özünü çox xoşbəxt sayır: “Hazırda borcum 3277 manatdır. Hər ay 35 manat ödəməliyəm, amma əksər vaxt daha çox ödəyirəm. İndiyədək ödəməkdə çətinliyim olmayıb”.

Güzəştli ödəniş imkanı qazanmaq üçün universiteti yaxşı oxuyub yüksək ortalama ilə bitirib

26 yaşlı Emin Mürsəlli bakalavr təhsilini Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” ixtisası, magistratura təhsilini Azərbaycan Texniki Universitetində “Biznesin təşkili və idarə edilməsi (biznes və data analitikası)” üzrə alıb: “Bakalavr təhsilini dövlət sifarişi əsasında oxumuşam. Biznesin idarə edilməsi və menecment sahəsi üzrə ali magistr dərəcəsi proqramı oxumaq istəyirdim, amma maddi cəhətdən bunu etməyə cəsarət etmirdim. Dostum mənə təhsil tələbə kreditini məsləhət gördü. Dedikləri məni maraqlandırdı, ona TTKF haqqında çoxlu suallar verdim. Aldığım əlavə məlumatlardan sonra qərarımı qətiləşdirdim və proqramı AZTU-da oxumağa qərar verdim”.

Emin Mürsəlli təhsil tələbə kreditinin bir çox faydaları olduğunu düşünür: “Təhsil haqqının geri ödənişi də çox asandır. Götürdüyün borcu böyük məbləğdə deyil, kiçik hissələrlə qaytarırsan, həm də ödəməyə təhsil dövrü bitəndən sonra başlayırsan. Xüsusən bu ikinci amil mənim üçün çox faydalı oldu”.

Emin deyir ki, qeydiyyat prosesi çox rahat keçib: “15-20 dəqiqə ərzində rahatlıqla çox vaxt və əmək sərf etmədən müraciətimi tamamladım və bir o qədər rahatlıqla kreditim təsdiqləndi”. 

Eminin sözlərinə görə, universiteti yüksək ortalama ilə bitirəndə güzəştli ödəniş imkanı barədə məlumatlı olub və bu imkandan yararlanmaq üçün qarşısına hədəf qoyub:

“Universitetdə orta müvəffəqiyyət göstəricisi hər semestr üçün 91-dən yuxarı oldu və 25 faiz güzəşt əldə etdim. Magistraturada oxuyarkən həm də işləyirdim. Bu gün düşünürəm ki, təhsil tələbə krediti olmasaydı da, təhsilimə davam edərdim, çünki magistraturaya qəbul balım kifayət qədər yüksək idi. Ancaq dövlət sifarişli ilə başqa ixtisası seçəcəkdim. Hədəfim olan, oxumaq istədiyim proqramı seçə bilməyəcəkdim. Məhz Təhsil Tələbə Krediti Fondunun dəstəyi sayəsində MBA -  Biznesin idarə edilməsi və menecment sahəsi üzrə magistr proqramı üzrə oxumayacaqdım. Mən nəinki arzuladığım ixtisas üzrə ali magistr dərəcəsi aldım, həm də məhz bu ixtisas üzrə təhsil üçün götürdüyüm borcu rahat ödəmək imkanı əldə etdim. Hazırda borcu geri ödəməyə başlamışam. Bunun üçün hər hansı problem yaşamıram, çünki ümumi məbləğ 10 ilə bölünüb və hər aya cüzi, az qala rəmzi bir məbləğ düşüb”.

Emin öz ixtisası üzrə çalışır və durumundan razıdır: “Hazırda bakalavr təhsili aldığım ixtisas üzrə işləyirəm. Neft-qaz mühəndisi olaraq karyerama davam edəcəyəm. Düzü, bu işə qəbulum magistraturaya qəbulla eyni vaxta düşdü. Magistraturada təhsil aldığım ixtisasla birbaşa əlaqəsi olmasa da, mənim üçün maraqlı sahədir. Karyeramı elə bu ixtisas üzrə davam etdirirəm, amma gələcəkdə magistratura təhsili aldığım ixtisasın da mənə lazım olacağını düşünürəm”.

“İndi daha rahatdır”

Firuz Tərlanov da təhsil tələbə krediti ilə ixtisaslaşıb, mühəndislikdə yüksəlib.

25 yaşlı  gənc Azərbaycan Texniki Universitetində (AzTU) "İstilik energetikası mühəndisliyi" ixtisası üzrə bakalavr təhsili alıb. Gələcəyini bağlamaq istədiyi alternativ enerji mənbələrinə olan həvəsi bu istiqamətdə ixtisaslaşmaq istəyi oyadıb. Onun Təhsil Tələbə Krediti Fonduna yolu da məhz bu istiqamətdə magistratura təhsili almaq arzusunu reallaşdırandan sonra düşüb: “2018-2022-ci illərdə AzTU-da bakalavr səviyyəsində dövlət hesabına təhsil aldım. Ancaq magistraturaya qəbul zamanı mənə lazım olan balı toplaya bilmədim və ödənişli əsaslarla təhsil almaq məcburiyyətində qaldım. Bu da nəticədə ailə büdcəsinə ciddi təsir etdi”.


Uğurlu gənc magistratura təhsilinə niyə ehtiyac duyduğunu da izah edib: “Uşaqlıqdan elektrik enerjisinin istehsalı, ötürülməsi, istehlakı mənə çox maraqlı gəlib. Həvəsim çox böyük idi deyə bu ixtisası seçdim. Tələbə vaxtı Azərbaycanın bərpa olunan enerji potensialı haqqında bir neçə məqaləm çap olunub. Hətta Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfransda bu mövzuda çıxışım olub. Hər gün tələbəlikdəki kimi eyni həvəslə işə gedir, vəzifələrimi sevərək icra edirəm. Azərbaycanda istifadəyə verilən külək və günəş elektrik stansiyalarında çalışmaq istəyirəm”.


Tərlanov deyir ki, Təhsil Tələbə Kredit Fondu barədə mediadan xəbər tutub: “Bir az ətraflı araşdırdıqdan sonra qərar verdim. Şərtləri çox uyğun idi”. 

Şərtlər uyğun olsa da, qeydiyyat prosesində çətinlik yaşayan Firuz Tərlanov prosesin ondan sonra asanlaşdığını deyib: “Əvvəllər çətin idi. Müqavilə üçün sadəcə notariat ofisinə getmək lazım idi, indi daha rahatdır, heç yerə getmədən qeydiyyatdan keçib müraciət etməyin bir neçə yolu var”.

O, ehtiyacı olan hər kəsə təhsil tələbə kreditindən istifadə etməyi tövsiyə edir: “Təhsil tələbə krediti olmasaydı, istehlak krediti alıb illik təhsil haqqını ödəyəcəkdim. Bu da borcumu daha tez və yüksək faizlə qaytarmaq deməkdir”.

Məzun olan kimi işə başlayıb və hazırda ixtisası üzrə çalışır: “2022-ci ildən “AzərEnerji” ASC-də çalışıram. “Qobu Elektrik Stansiyası” MMC-də növbətçi operator vəzifəsində işə başlamışam, maşın sexinin növbə rəisi vəzifəsinə qədər yüksəlmişəm”.


Borcunu da vaxtı-vaxtında qaytarır: “Təhsil tələbə kreditini artıq 1 ildir ki, geri ödəməyə başlamışam. 3200 manat kredit götürmüşdüm, hazırda 3000 manata yaxın borcum qalıb. Hər ay 33 manat ödəyirəm”.

Firuz Təhsil Tələbə Krediti Fondunun yaratdığı əlavə imkanlardan da danışıb: “Fonddan dəfələrlə məni peşə kurslarına dəvət ediblər, təəssüf ki, iş saatlarımla uyğun gəlmədiyi üçün iştirak edə bilməmişəm”.