Təhsilin uğurlu idarəetməsində elm və insan amili əsasdır - Qazi Universitetinin azərbaycanlı müəllimi

3 Mart, 2026 - 10:09
Təhsilin uğurlu idarəetməsində elm və insan amili əsasdır

Xaricdə təhsil alan gənclərimizlə yanaşı, təhsilini bitirib, məzun olduqları universitetlərdə müəllim kimi çalışan gənclərimiz də çoxdur. 

“Azərbaycan müəllimi” ölkəmizi layiqincə təmsil edən belə gənclərdən biri ilə söhbətləşib. 

Prezident təqaüdçüsü, Türkiyənin dövlət təqaüd proqramı ilə Qazi Universitetində doktorantura təhsili almış, hazırda bu universitetdə pedaqoji fəaliyyətini davam etdirən, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Şəhla Aslanla müsahibəni təqdim edirik: 

"Təhsilin idarə olunması ilə bağlı qəbul edilən qərarların nəticəsi dərhal görünməyə bilər"

- Şəhla xanım, elmdə təhsilin idarə olunması sahəsini seçməyinizə nə səbəb olub?

- Bakalavr və magistratura təhsilimi pedaqoji sahədə almışam və uzun müddətdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Eyni zamanda təhsil sahəsində idarəçi vəzifələrdə çalışmışam. Bu proseslər mənə təhsilə həm müəllim, həm də idarəçi prizmasından baxmaq imkanı verib.

Praktikada gördüm ki, təhsil müəssisələrinin uğurlu fəaliyyəti yalnız pedaqoji biliklə deyil, eyni zamanda idarəetmənin elmi əsaslarla qurulması ilə birbaşa bağlıdır. Azərbaycanda çalışdığım dövrdə Azərbaycanda təhsilin idarə olunması üzrə doktorantura səviyyəsində akademik təhsil səviyyəsi yox idi.

Türkiyənin təhsilin idarə olunması sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin Təhsil fakültəsində Türkiyənin dövlət təqaüd proqramı ilə təhsil almaq imkanı yarandı və tərəddüd etmədən bu seçimi etdim. 2025-ci ildə doktorluq elmi işimi müdafə etdim, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldım. Hazırda bu universitetdə həm postdoktorant (qonaq tədqiqatçı) olaraq, həm də pedaqoji fəaliyyətlə məşğulam.

- Təhsilin idarə olunmasını digər idarəetmə sahələrindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

- Təhsilin idarə olunması digər idarəetmə sahələrindən, ilk növbədə onun insan mərkəzli və uzunmüddətli təsirə malik olması ilə fərqlənir. Burada qəbul edilən qərarların nəticəsi dərhal görünməyə bilər. Bu isə təhsil idarəçisindən daha məsuliyyətli və düşünülmüş yanaşma tələb edir. Təhsil sahəsində verilən hər qərar müəllimin fəaliyyətinə, təhsilalanın inkişafına və ümumilikdə cəmiyyətin intellektual səviyyəsinə təsir göstərdiyi üçün bu sahədə idarəetmə digər sahələrlə müqayisədə daha həssas və strateji xarakter daşıyır.

- Doktorantura təhsilinizi Qazi Universitetində almaq sizə hansı elmi və peşəkar üstünlükləri qazandırıb?

- Qazi Universitetində doktorantura təhsili almaq mənə hər şeydən əvvəl təhsilin idarə olunmasına sistemli və elmi yanaşma qazandırdı. Burada tədqiqat prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır, əldə olunan nəticələrin praktikaya necə tətbiq oluna biləcəyinə xüsusi diqqət yetirilir. Bu da mənim təhsilə baxışımı daha dərin və funksional etdi.

Qazi Universitetinin təhsil fakültəsində formalaşmış güclü elmi mühit, sahə üzrə tanınmış alimlərlə işləmək, elmi müzakirələrdə iştirak etmək tədqiqatçı kimi yetişməyimdə mühüm rol oynadı. Eyni zamanda, akademik yazı mədəniyyəti, metodoloji yanaşma və elmi etik prinsiplərə riayət baxımından ciddi təcrübə qazandım.

Türkiyə və Azərbaycan təhsil sistemləri idarəetmə baxımından fərqli mərhələlərdədir

- Türkiyə və Azərbaycan təhsil sistemlərini idarəetmə modeli və innovativ yanaşmalar baxımından müqayisə etdikdə əsas fərq və üstünlüklər nələrdir?

- Türkiyə və Azərbaycan təhsil sistemlərini müqayisə etdikdə görürük ki, hər iki ölkənin təhsili oxşar dəyərlərə söykənsə də, idarəetmə baxımından fərqli mərhələlərdədir. Türkiyədə sistem uzun illər ərzində formalaşmış və daha oturuşmuş institusional model üzərində qurulub. Qərarvermə, icra və nəzarət mexanizmləri bir-birini tamamlayır və bu da sahədə sabitlik yaradır. Azərbaycanda isə təhsil sistemi hələ inkişaf və yenilənmə mərhələsindədir. Son illərdə aparılan islahatlar çevikliyi artırsa da, idarəetmədə fərdi yanaşmaların təsiri bəzən daha çox hiss olunur və bu da eyni qərarların müxtəlif müəssisələrdə fərqli nəticələr verməsinə səbəb ola bilir.

Türkiyənin üstünlüklərindən biri də təhsilin idarə olunmasının ayrıca peşə və ixtisas kimi formalaşmasıdır. Yəni idarəçi kadrlar əsasən bu sahə üzrə xüsusi hazırlıq keçmiş mütəxəssislər arasından seçilir. Bu, qərarların daha sistemli və peşəkar şəkildə qəbul olunmasına şərait yaradır. Eyni zamanda sistem təkcə qərar verməklə kifayətlənmir, onların icrasını və nəticələrini də müntəzəm izləyir. 

- Necə düşünürsünüz, süni intellekt təhsil idarəçiliyində hansı dəyişikliklərə səbəb olub və ya olacaq?

- Süni intellekt texnologiyalarının inkişafı təhsil idarəçiliyində qərarvermə mədəniyyətinin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişdirib. Əgər ənənəvi idarəetmə praktikalarında qərarlar əsasən fərdi təcrübəyə, müşahidələrə və məhdud statistik məlumatlara söykənirdisə, müasir dövrdə idarəetmə prosesləri getdikcə daha çox böyük həcmli verilənlərin analizi, proqnozlaşdırıcı modellər və ölçülə bilən performans göstəriciləri əsasında qurulur. Süni intellektin tətbiqi xüsusilə təhsil sistemində monitorinq və erkən xəbərdarlıq mexanizmlərinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
Eyni zamanda süni intellekt idarəetmə proseslərinin təşkilati effektivliyinə də mühüm təsir göstərir. Hazırda bu istiqamət mənim Qazi Universitetində apardığım elmi tədqiqatın əsas mövzusudur.

Elmi-tədqiqatlar təhsil siyasətinin formalaşmasında əsas dayaqlardan biridir

- Bəs təhsil siyasətinin formalaşmasında elmi tədqiqatların rolu nə qədərdir?

- Elmi tədqiqatlar təhsil siyasətinin formalaşmasında əsas dayaqlardan biridir. Təhsil sahəsində qəbul edilən qərarlar geniş kütlələrə və uzunmüddətli dövrə təsir göstərdiyi üçün bu qərarların elmi əsaslarla verilməsi vacibdir.

Elmi araşdırmalar təhsildə mövcud vəziyyəti obyektiv şəkildə ortaya qoyur, problemlərin səbəblərini müəyyənləşdirir və mümkün həll yollarını göstərir. Bu isə təhsil siyasətinin real ehtiyaclara uyğun formalaşmasına imkan yaradır. Təhsil siyasətinin hazırlanması prosesində akademik tədqiqatlar, hesabatlar və sahə üzrə mütəxəssislərin rəylərinin nəzərə alınması qəbul edilən qərarların daha davamlı və tətbiq edilə bilən olmasına şərait yaradır.

- Siz “Təhsil sistemləri”  və s. kimi təhsilə dair fənləri tədris edirsiniz. Qarşılaşdırmalı təhsil sistemləri idarəetmə baxımından bizə nə deyir?

- Qarşılaşdırmalı təhsil tədqiqatları mühüm metodoloji nəticəni də ortaya qoyur: hər hansı ölkənin təhsil modelinin mexaniki şəkildə başqa mühitə transferi səmərəli nəticə vermir. Əsas məsələ konkret modelin hansı sosial-mədəni, iqtisadi və siyasi kontekstdə formalaşdığını, onun effektivliyini şərtləndirən amilləri müəyyənləşdirmək və yalnız bundan sonra həmin təcrübənin uyğun elementlərini yerli reallıqlara adaptasiya etməkdir. 

- Sizcə, müasir müəllim necə olmalıdır, tələbələrlə münasibətlərinizi necə qurursunuz və dərs prosesinizi necə təşkil edirsiniz?

- Müasir təhsil sistemi müəllimi yalnız bilik ötürən şəxs kimi deyil, öyrənmə prosesini təşkil edən və tələbələrdə düşünmə, tədqiqat bacarıqlarını formalaşdıran bir bələdçi kimi görür. Bu baxımdan müəllim daim yenilənən, texnologiyalardan səmərəli istifadə edən, elmi düşüncə tərzinə malik və tələbəyönümlü yanaşmanı əsas prinsip kimi qəbul edən peşəkar olmalıdır.
Pedaqoji fəaliyyətimdə tələbələrlə münasibətlərimi qarşılıqlı hörmət və açıq ünsiyyət prinsipləri üzərində qururam. Mənim üçün əsas məqsəd yalnız mövzunu izah etmək deyil, tələbələrin fikirlərini sərbəst ifadə edə bildiyi, sual verməkdən çəkinmədiyi akademik mühit yaratmaqdır. Dərs prosesində interaktiv metodlardan geniş istifadə edirəm.

Azərbaycanlı tələbələrin Türkiyədə təhsilə marağı yüksəkdir

- Türkiyə təhsil sisteminin azərbaycanlılar üçün cəlbedici tərəfləri nələrdir və onların Türkiyədə təhsilə marağını necə dəyərləndirirsiniz?

- Azərbaycanlı tələbələrin Türkiyədə təhsilə marağı ənənəvi olaraq yüksəkdir və son illərdə daha da artıb. Dil və mədəniyyət yaxınlığı, təhsil sistemlərinin oxşar strukturu, diplomların qarşılıqlı tanınması bu istiqamətdə mühüm rol oynayır. Eyni zamanda Türkiyədə əldə olunan akademik və peşəkar təcrübənin Azərbaycanda tətbiq imkanlarının geniş olması gənclərin seçimində təsiredici amillərdəndir. Ümumilikdə demək olar ki, maraq kifayət qədər yüksəkdir.

Bununla yanaşı, bu tendensiyanın müəyyən çətin tərəfləri də mövcuddur. Xaricdə təhsilə artan axın bəzi hallarda yerli ali təhsil müəssisələrinin potensialına təsir göstərə, beyin axını riskini artıra bilər. Eyni zamanda tələbələrin xaricdə əldə etdikləri ixtisas və təcrübənin ölkəyə qayıtdıqdan sonra tam şəkildə dəyərləndirilməsi üçün uyğun akademik və institusional mühitin olması vacibdir. Əks halda əldə olunan bilik və bacarıqların effektiv tətbiqi məhdudlaşa bilər. Bu baxımdan əsas məsələ xaricdə təhsil alan gənclərin qazandıqları təcrübəni milli inkişaf prosesinə inteqrasiya edə bilməsidir.

- Siz həm də Qazi Universitetində yaradılan Azərbaycan Dili Tədris Ocağına rəhbərlik edirsiniz. Türkiyəli tələbələrin Azərbaycan dilinə marağı necədir?

- Azərbaycan Dili Tədris Ocağı 2025-ci ilin may ayında Qazi Universitetində rəsmi olaraq fəaliyyətə başlayıb. Ocaq Türkiyədəki səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olaraq Qazi Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Burada Azərbaycan dili pulsuz tədris olunur, bütün tədris materialları Mədəniyyət Mərkəzi tərəfindən təmin olunur, eyni zamanda ölkəmizin mühüm tarixləri, görkəmli şəxsiyyətləri ilə bağlı tədbirlər, görüşlər və “açıq dərs”lər təşkil edilir. Ocağın yaradılmasında əsas məqsəd Azərbaycan dilinin öyrədilməsi ilə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatı barədə sistemli biliklərin təqdim edilməsidir. Bu fəaliyyətlər tələbələrdə Azərbaycan haqqında daha geniş təsəvvür formalaşdırır.

Burada yalnız Türkiyədən deyil, türk dünyası ölkələrindən, hətta Afrikadan olan tələbələr də təhsil alırlar. Azərbaycan dilinə və mədəniyyətinə maraq kifayət qədər yüksəkdir. Bir çox tələbə dilimizi öyrənməklə akademik əməkdaşlıq imkanlarını genişləndirməyi və region üzrə tədqiqat fəaliyyətlərini inkişaf etdirməyi hədəfləyir.

Elmi fəaliyyət səbir, davamlı öyrənmə tələb edir 

- Xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərə nə tövsiyə edərdiniz və elmi karyera qurmaq istəyənlər nədən başlamalıdır?

- Xaricdə təhsil almaq istəyən gənclərə, ilk növbədə, məqsədlərini dəqiq müəyyənləşdirməyi tövsiyə edərdim. Xaricdə təhsil yalnız diplom əldə etmək deyil, fərqli akademik mühitdə düşünmə bacarıqlarını inkişaf etdirmək, yeni təcrübələr qazanmaq və beynəlxalq elmi şəbəkələrə qoşulmaq imkanıdır. Buna görə seçim edərkən universitetin reytinqindən daha çox proqramın keyfiyyətinə, akademik mühitinə və gələcək perspektivlərinə diqqət yetirmək vacibdir. Elmi karyera qurmaq istəyən gənclər isə erkən mərhələdən tədqiqat mədəniyyətini formalaşdırmalıdırlar. Eyni zamanda elmi fəaliyyət səbir, davamlı öyrənmə və uzunmüddətli məqsədyönlülük tələb edir. 

- Son olaraq, təhsilin gələcəyini necə görürsünüz?

- Təhsilin gələcəyi daha insanmərkəzli, çevik və texnologiya ilə balanslı olmalıdır. Texnologiya, xüsusilə süni intellekt təhsildə böyük imkanlar yaradır, amma o, heç vaxt müəllimin yerini tam əvəz edə bilməz. Əksinə, müəllimin və idarəçinin işini daha mənalı və təsirli hala gətirə bilər.  Yaxın gələcəkdə təhsil sistemlərində standart yanaşmadan daha çox fərdi ehtiyaclara uyğun modellər önə çıxacaq. Bu isə təhsilin idarə olunmasında daha ağıllı planlama, düzgün monitorinq və elmi əsaslara söykənən qərarlar tələb edəcək.

Ümumilikdə, təhsilin gələcəyi yalnız texnoloji yeniliklərdə deyil, bu yenilikləri doğru dəyərlərlə birləşdirə bilən idarəetmə anlayışındadır. Əsas məsələ  də dəyişikliklərə uyğunlaşmaq deyil, bu dəyişiklikləri düzgün istiqamətləndirməkdir.