Təhsili üçün kredit götürən tələbənin borcunun yarısı bağışlandı
Təhsil Tələbə Krediti Fonduna son 3 il ərzində müraciət edənlərin 60 faizi qızlardır. Ümumilikdə fonda 55 mindən çox müraciət daxil olub və bunlardan 43 minə yaxını rəsmiləşdirilib. Rəsmiləşdirilən müraciətlərdən 25 mindən çoxu xanım tələbələrə aiddir.
O, 25 min nəfərdən biri idi, çoxundan fərqləndi
Şəfiqə Abusalamova həmin 25 min qız təhsilalandan biridir, amma çoxlarından fərqlənməyi bacarıb. Bakı Dövlət Universitetini “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdiyi üçün kreditin 50 faizini dövlət ona bağışlayıb: “Sosial həssas ailə qrupuna daxil olduğum üçün kredit mənə minimum şərtlərlə verildi. Bildiyiniz kimi, sosial kreditdən yararlanan tələbələrin bütün semestrlərdə ortalama balı 91+ olarsa, götürülən məbləğın yarısını dövlət bağışlayır. Bu, mənə daha yaxşı oxumaq üçün əlavə motivasiya verdi. Nəticə etibarilə, BDU-da bakalavr təhsilimi fərqlənmə ilə bitirdim, bütün imtahanlardan uğurla keçərək 94.85 bal topladım. Bunun sayəsində Fonddan götürdüyüm kreditin ümumi məbləğinin yarısı mənə bağışlandı”.
“Bir neçə gün ərzində təhsil haqqım BDU-ya köçürüldü”
Şəfiqə Fonda müraciətindən danışıb: “Təhsil Tələbə Krediti Fondu yarananda mən universitetin I kursunda təhsil alırdım. Öyrəndim ki, fond sosial həssas qruplar üçün daha az faizli təhsil tələbə krediti təklif edir. Sosial şəbəkələr vasitəsilə fond haqqında tam məlumat əldə etdikdən sonra təhsil haqqımın ödənişi üçün Fonda müraciət ünvanladım. İlk dəfə müraciət edəndə II kursda oxuyurdum. İllik təhsil haqqım 3000 AZN idi. Fond II kursdan, yəni müraciət etdiyim ilk semestrdən sona qədər mənim bütün təhsil haqqımı tam şəkildə qarşıladı. Bununla da, mənim təhsil haqqı kimi vacib məsələm öz həllini tapmış oldu. Müraciət onlayn şəkildə həyata keçirilirdi, heç bir çətinlik çəkmədən məlumatlarımı daxil etdim və bir neçə gün ərzində mənim təhsil haqqım BDU-ya köçürüldü”.
“Güzəştlərdən yararlanmağa davam edəcəyəm”
Hazırda magistr səviyyəsində təhsil tələbə krediti ilə təhsilini davam etdirir: “Təhsil həyatımda ən böyük dəstəyi Təhsil Tələbə Krediti Fondundan aldım. Ümumilikdə 6 semestr Fondun verdiyi vəsaitdən yararlandım. Hazırda təhsilimi Bakı Dövlət Universitetində “İctimai siyasət” ixtisası üzrə magistr səviyyəsində yenə ödənişli davam etdirirəm. İllik təhsil haqqım 3500 AZN təşkil edir. Növbəti tədris ilində, yəni bundan sonra daha 3 dəfə fonda müraciət etməyi düşünürəm. Hətta əzmlə çalışaraq əlaçı oxumaq, güzəştlərdən yararlanmağı düşünürəm. Təhsilimi davam etdirdiyim üçün əvvəllər götürdüyüm kreditə faiz hesablanmır və məndən geri ödəniş tələb olunmur”.
“Fonddan götürdüyüm kreditin qaytarılması şərtləri də çox münasibdir”, - deyən Şəfiqənin sözlərinə görə, təhsil müddətində krediti geri ödəmək məcburiyyətinin olmaması borcunu deyil, təhsilimi düşünməyə imkan yaradıb: “Mən də daha yaxşı oxuyaraq, ölkəmizə layiqli mütəxəssis kimi yetişmək istəyirəm. Təhsilimi tam başa vurduqdan sonra 10 il ərzində götürdüyüm krediti kiçik hissələrlə geri ödəyəcəyəm. Bu müddətin 10 il olması maddi baxımdan üzərimə düşəcək yükün çox olmaması anlamına gəlir. Tələbələr üçün yaradılan bu şəraiti çox yüksək qiymətləndirirəm və tələbələri fondun yaratdığı imkanlardan istifadə etməyə çağırıram”.


