“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 Avqust, 2025 - 14:16
“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə
“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

Tələbə olmaq arzusu illərin sınağından keçsə də, heç vaxt itməyən bir xəyaldır. Bu xəyallarını illər sonra gerçəkləşdirənlərdən biri də 55 yaşlı Vəfa Cəfərovadır. O, subbakalavr kimi Sumqayıt Dövlət Universitetinə qəbul olaraq bu ilin ən yaşlı tələbəsi adını qazanıb.  

“Azəriqaz” İstehsalat Birliyində işləyən Vəfa Cəfərova “Azərbaycan müəllimi”nə bildirib ki, bu onun üçüncü təhsilidir. Bundan əvvəl – 1987-ci ildə Bakı Politexnik Məktəbini, 1989-cu ildə isə Bakı İnşaat Texnikumunu bitirib: “Oxumağı çox sevirəm və işimlə əlaqəli olaraq öz ixtisasımı da təkmilləşdirmək istəyirəm. “Azəriqaz” İstehsalat Birliyində mühəndisəm və neft-qaz mühəndisi olmaq istəyirəm. Sənədlərimi təqdim etdim, qəbul olmaqla öz həyatıma rəngarənglik qatdım. İndi həm işləyirəm, həm də əyani təhsil alacağam. Müəyyən çətinliklərlə qarşılaşsam da, çalışacağam ki, təhsilimi tamamlayım”.

Vəfa Cəfərovanın seçdiyi ixtisas “Neft-qaz mühəndisliyi”dir: “Hələ çox sevincliyəm, sonrakı çətinlikləri düşünmürəm. Sənəd verməyimdə məqsəd gələcək karyeramda yüksəlməkdir, həm də ümumiyyətlə, təhsil almağı sevirəm. Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır”.