Kəsiriniz var? - Tələbələri maraqlandıran suallara CAVAB
Ali təhsil müəssisələrində semestr imtahanları başa çatdıqdan sonra minlərlə tələbə üçün kəsir (akademik borc) imtahanları dövrü başlayır. Bu mərhələ bəzi tələbələr üçün buraxılmış imtahanları və ya uğursuz nəticələri kompensasiya etmək imkanı yaradır. Bəs tələbələr ən çox hansı səbəblərdən kəsir alırlar və kəsir imtahanlarına hazırlaşarkən nələrə diqqət etməlidirlər? Mütəxəssislər hesab edirlər ki, düzgün planlaşdırma və məsuliyyətli yanaşma bu prosesdə uğur qazanmağın əsas şərtlərindəndir.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH Mərkəzinin akademik məsləhətçisi Əlmusa Atamaliyev cavablandırıb.
- Əlmusa müəllim, ali təhsil müəssisələrində tələbələr imtahandan və ya davamiyyətdən kəsildikdə akademik borc necə aradan qaldırılır?
- Akademik borc əsasən iki səbəbdən yaranır: tələbənin imtahandan keçid balını toplaya bilməməsi və ya davamiyyət tələblərini yerinə yetirməməsi.
İmtahandan uğursuz nəticə əldə edən tələbələrə universitetin akademik təqviminə uyğun olaraq kəsir imtahanında iştirak etmək hüququ verilir. Tələbə həmin imtahanda müsbət nəticə əldə edərsə, akademik borcunu bağlamış hesab olunur və təhsilini normal şəkildə davam etdirə bilir.
Davamiyyətdən kəsilən tələbələr isə əsas imtahana buraxılmırlar. Bu halda akademik borcun aradan qaldırılması universitetin daxili qaydalarına uyğun olaraq həmin fənnin təkrar tədrisi yolu ilə həyata keçirilir.
- Tələbələrin “25 faiz imtahanı" adlandırdığı imtahan nədir? Onun ödəniş məbləği necə hesablanır?
- Tələbələr arasında geniş yayılan "25 faiz imtahanı" dedikdə, kəsilən tələbənin imtahan sessiyası başa çatdıqdan sonra təkrar imtahan vermək hüququ nəzərdə tutulur.
Bu zaman ödəniş fənnin kredit dəyərinə əsasən hesablanır. Məsələn, tələbə 6 kreditlik bir fəndən kəsilib. Tələbənin təhsil aldığı ixtisas üzrə illik təhsil haqqı 2400 manatdır və o, tam əyani təhsil aldığı üçün il ərzində minimum 60 kreditlik dərs yükü götürür. Bu halda hesablanma aşağıdakı qaydada aparılır:
* 2400 ÷ 60 = **40 manat** – bir kreditin dəyəri;
* 6 × 40 = **240 manat** – 6 kreditlik fənnin ümumi dəyəri;
* 240 × 25% = **60 manat**.
Deməli, tələbə həmin fənni yenidən oxumaq üçün 240 manat deyil, cəmi 60 manat ödəməklə 25 faiz ödənişli təkrar imtahanda iştirak edə bilər.
Qeyd edək ki, tələbə hər semestr üzrə yalnız iki fəndən 25 faiz ödənişli imtahan vermək hüququna malikdir. Həmçinin tələbə payız semestrində akademik borc yaranıbsa, həmin 25 faiz imtahanından yalnız növbəti payız semestrində, yaz semestrində yaranıbsa isə yalnız yaz semestrində istifadə edə bilər.
- Davamedici fənlərdən kəsilən tələbələr akademik borcu necə bağlaya bilərlər?
- Davamedici fənlər bir-birinin davamı olan və ardıcıllıq prinsipi ilə tədris edilən fənlərdir. Məsələn, Analitik kimya I fənni Analitik kimya II fənninin ilkin şərtidir.
Belə fənlərdən akademik borcu yaranan tələbə ilk növbədə əvvəlki fənni müvəffəqiyyətlə başa vurmalıdır. Çünki əvvəlki mərhələ tamamlanmadan növbəti mərhələnin tədrisinə başlamaq mümkün olmur.
Akademik borc universitetin daxili qaydalarına uyğun olaraq 25 faiz ödənişli imtahan, yay məktəbi, alt qrup və ya təkrar tədris vasitəsilə aradan qaldırıla bilər.
Davamedici fənlər üzrə yaranmış akademik borcun vaxtında bağlanmaması növbəti semestrlərdə fənn seçiminə də təsir göstərir. Məsələn, tələbə Analitik kimya I fənnindən kəsilibsə, növbəti semestrdə Analitik kimya II fənnini götürə bilməz.
- Akademik borcun bağlanması üçün hansı variant daha məqsədəuyğundur: yay məktəbi, yoxsa alt qrup?
- Hər iki təhsil formasının öz üstünlükləri mövcuddur.
Yay məktəbi tələbəyə akademik borcunu daha qısa müddətdə bağlamaq imkanı yaradır. Bunun nəticəsində tələbə növbəti semestrə problemsiz başlayır, tədris planından geri qalmır və məzuniyyətinin gecikməsi riskini minimuma endirir.
Alt qrup isə tələbəyə fənni növbəti semestrdə yenidən dinləmək, mövzuları daha dərindən mənimsəmək və biliyini möhkəmləndirmək imkanı verir. Bu seçim bəzi tələbələr üçün daha uyğun ola bilər.
Hansı variantın seçilməsi tələbənin akademik vəziyyətindən, fərdi tədris planından və universitetin tətbiq etdiyi qaydalardan asılıdır. Lakin ümumi yanaşmaya əsasən, akademik borcun mümkün qədər tez bağlanması tələbənin sonrakı təhsil prosesinə daha müsbət təsir göstərir.
- Tələbə kəsir imtahanından da keçə bilməzsə, nə baş verir?
- Əgər tələbə kəsir imtahanında da müsbət nəticə əldə edə bilməzsə, həmin fənn üzrə akademik borc qüvvədə qalır.
Bu halda universitetin daxili qaydalarına uyğun olaraq tələbə fənni yenidən seçməli, müəyyən olunmuş ödənişi etməli, dərslərdə iştirak etməli, cari qiymətləndirmələrdən keçməli və semestr sonunda yenidən imtahan verməlidir.
Akademik borcların uzun müddət bağlanmaması tələbənin fərdi tədris planına təsir göstərə, kredit yükünün artmasına və bəzi hallarda təhsil müddətinin uzanmasına səbəb ola bilər.
Akademik borcun yaranmasının qarşısını almağın ən effektiv yolu dərslərdə müntəzəm iştirak etmək, cari tapşırıqları vaxtında yerinə yetirmək və hər hansı çətinlik yarandıqda akademik məsləhətçi ilə vaxtında əlaqə saxlamaqdır.
Akademik məsləhətçilər tələbələrin təhsil prosesini düzgün planlaşdırmasına, universitetin akademik qaydalarını daha yaxşı mənimsəməsinə və yarana biləcək problemlərin operativ həllinə dəstək göstərirlər. Vaxtında verilən düzgün qərarlar tələbələrin həm akademik uğurlarına, həm də təhsil müddətini gecikdirmədən məzun olmalarına mühüm töhfə verir.




