Təmayül məktəblərin müəllimləri əvvəlki iş yerlərində də işləyə biləcəklərmi?
Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrində çalışacaq müəllimlərin əvvəlki iş yerlərində fəaliyyətlərini davam etdirə bilib-bilməyəcəyinə aydınlıq gətirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində məlumat verib.
Onun sözlərinə görə, seçim iki istiqamətdə aparılacaq: “Birinci istiqamət odur ki, müəllim əvvəl çalışdığı müəssisədən ayrılacaq və təmayül tədris modeli tətbiq olunan məktəbə əvvəlki müqavilə növü ilə işə düzələcək. Yəni müəllim müddətsiz müqavilə ilə çalışırdısa, yeni təmayül tədris modeli tətbiq olunan müəssisədə də elə çalışacaq”.
T.Məcidli bildirib ki, bəzi fənlər üzrə yeni təmayül tədris modeli tətbiq olunan məktəbdə yetərsay dərs saatı olmazsa və ya dərs saatı çox az olarsa, həmin müəllimlər ikinci iş yeri kimi müqavilə ilə işə götürülə bilər: “Bu, yalnız cari tədris ili üçündür. Əgər növbəti tədris ilində dərs saatı artarsa, o zaman müəllim müddətsiz müqavilə ilə əsas iş yeri kimi işləyə bilər”.
BŞTİ rəsmisi həmçinin bildirib ki, müəllim öz arzusu ilə təmayül tətbiq olunan müəssisədən ayrılarsa, əvvəl çalışdığı məktəbə yalnız vakant dərs saatı olarsa, qayıda bilər:
“Əgər vakant dərs saatı olmazsa, müəllimin seçiminə müvafiq digər müəssisələrdə işlə təmin oluna bilər. Müəllim MİQ müsabiqəsinə yalnız arzu edərsə, qoşula bilər”.




